Haqqın Zəfəri

Haqqın Zəfəri

Azərbaycan ictimaiyyəti bu günlərdə böyük təntənə və qürur hissi ilə Vətən müharibəsində əldə edilmiş möhtəşəm Qələbənin ilk ildönümünü qeyd etməyə hazırlaşır. İşğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən 44 günlük bu müqəddəs savaş tariximizin ən parlaq səhifəsinə çevrildi və Azərbaycan xalqının şərəf və ləyaqət anı kimi çağdaş tariximizə yazıldı. Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan əsgərinin rəşadəti, şücaəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində düşmənin müqaviməti qırıldı və təqvimimizə Zəfər Günü kimi şanlı bir tarix əbədi həkk olundu.

Bu fikirlər Milli Məclis sədrinin birinci müavini Əli Hüseynlinin "Haqqın Zəfəri” sərlövhəli məqaləsində yer alıb.


Məqaləni təqdim edirk.

Vətən müharibəsi haqq uğrunda savaşdır

Vətən müharibəsinədək Qarabağ probleminin danışıqlar yolu ilə həllinin alternativinin olmaması ilə bağlı bir çox beynəlxalq təşkilatların, aparıcı dünya dövlətlərinin ikili standartlara söykənən subyektiv yanaşmaları mövcud idi. Lakin hələ müstəqilliyimizin bərpasının ilk dövrlərində müdrik lider və təcrübəli siyasətçi Heydər Əliyev öz fəaliyyəti ilə sübut etmişdi ki, istənilən şəraitdə problemin həllinə düzgün yanaşma sayəsində uğur qazanmaq mümkündür. Belə ki, başı hakimiyyət uğrunda mübarizəyə qarışmış AXC-Müsavat cütlüyünün tutduğu xəyanətkar mövqe nəticəsində ölkənin 20 faizdən artıq ərazisi Ermənistanın nəzarəti altına keçmişdi. Heydər Əliyevin birbaşa rəhbərliyi ilə 1994-cü ilin yanvar ayında Azərbaycan Ordusunun böyük uğurla yerinə yetirdiyi "Horadiz əməliyyatı” nəticəsində 23 yaşayış məntəqəsi işğaldan azad edildi. Bu nümunəni 2016-cı ilin aprel ayında Prezident İlham Əliyev də təkrarladı. Ordumuzun böyük üstünlüyünü və xalqın qələbə əzmini nümayiş etdirən Aprel döyüşləri məsələnin hərb yolu ilə həllinin mümkünlüyü barədə qarşı tərəfə və beynəlxalq təşkilatlara ünvanlanmış bir mesaj idi.

Lakin təəssüf ki, Ermənistan bu dərslərdən düzgün nəticə çıxarmadı və artıq Dağlıq Qarabağda 30 ilə yaxın davam edən status-kvo, son dövrlər formalaşmış geosiyasi vəziyyət Vətən müharibəsinin qaçılmaz olduğunu şərtləndirən bir sıra ciddi amilləri ortaya qoydu. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyev problemin həlli məsələsində diplomatik hücum taktikasına üstünlük vermiş, bütün çıxışlarında Azərbaycan xalqının işğal amili ilə heç zaman barışmayacağını və torpaqlarımızı azad etmək üçün bütün mümkün vasitələrdən istifadə ediləcəyini dönə-dönə təkrar etmişdir. Sonrakı gedişat da göstərdi ki, bu, münaqişənin Azərbaycanın maraqları çərçivəsində həlli baxımından özünü doğruldan ən düzgün mövqedir.

Nəhayət xəyalları gerçəkləşdirən bu siyasət nəticəsində indi bütün dünya Azərbaycanın Vətən müharibəsindəki möhtəşəm Zəfərindən danışır, onu XXI əsrin fövqəladə hadisəsi kimi dəyərləndirir. Qələbəyə zəmin yaradan və onu şərtləndirən meyarlar isə müxtəlifdir.

İyirmi beş il ərzində aparılan danışıqlarda işğalçı ilə işğala məruz qalan tərəf üçün eyni məsuliyyət müəyyənləşdirən ATƏT-in Minsk qrupunun fəaliyyətinin qənaətbəxş olmaması, BMT Təhlükəsizlik Şurasının1993-cü ildə qəbul etdiyi işğalçı qüvvələrin qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmasını nəzərdə tutan məlum 822, 853, 874 və 884 saylı 4 qətnaməsinin icra edilməməsi, Ermənistanın siyasi rəhbərliyinin "Qarabağ Ermənistandır və nöqtə", "yeni ərazilər uğrunda yeni müharibə” kimi aqressiv bəyanatları və məsuliyyətsiz davranışları, Ermənistan ordusunun 2020-ci ilin yayında Tovuzda və Naxçıvanda törətdiyi silahlı hücumlar ikinci Qarabağ savaşını qaçılmaz edən səbəblərdir.

2020-ci il sentyabrın 27-də səhər saatlarında Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini bütün vasitələrlə intensiv atəşə tutması isə bu hadisələrin kulminasiya nöqtəsi oldu. Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən dərhal "Dəmir yumruq” adı altında qoşunların bütün cəbhəboyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verildi.

Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının təcili iclasında dövlətimizin başçısı yaranmış kritik vəziyyətlə bağlı bəyan etmişdir: "Bildiyiniz kimi, bu gün səhər tezdən Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təxribat törətmişdir. Bu təxribat nəticəsində itkilərimiz var, həm mülki əhali, həm də hərbçilər arasında. Mən Ermənistana xəbərdarlıq etmişdim. Tovuz hadisələrindən sonra bir neçə dəfə xəbərdarlıq etmişdim ki, əgər onlar öz çirkin əməllərindən əl çəkməsələr, peşman olacaqlar. Əməliyyat uğurla keçirilir. Eyni zamanda, ordumuza könüllü yazılanların sayı on minlərlə insanı əhatə edir. Bu, xalqımızın öz dövlətinə sadiqliyini göstərir”.

Həmin gün Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 29-cu bəndinə və 111-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Hərbi vəziyyət elan edilməsi haqqında” Fərman imzalamış və "Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə uyğun olaraq Fərman Milli Məclis tərəfindən təsdiq edilmişdir.

Hərbi vəziyyətlə əlaqədar Milli Məclisdə keçirilən iclasda 27 sentyabr 00:00-dan etibarən Bakı, Gəncə, Göygöl, Yevlax və bir sıra rayonlarda komendant saatının elan olunması barədə qərar qəbul olunmuş, 28 sentyabrda isə qismən səfərbərlik elan edilmişdir.

Beləliklə, Azərbaycan xalqı və Ordusu Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşərək əzəli torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda Vətən müharibəsi adı ilə düşmənlə müqəddəs savaş üçün ayağa qalxmışdır.

Azərbaycan Ordusunun qüdrəti

 

Azərbaycanın hərb tarixinə şərəfli salnamə yazmış və Ordumuzun inamlı və möhtəşəm Qələbəsi ilə başa çatmış Vətən müharibəsi Azərbaycan xalqının və dövlətinin milli dəyərlərə söykənən çoxsaylı cəhətləri ilə səciyyəvidir. Əlbəttə, bizi Qələbəyə aparan yol heç də hamar olmayıb, çox böyük çətinliklərdən, maneələrdən keçib. Bu savaş sübut etdi ki, böyük Qələbə heç də təsadüfi deyil, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında dövlətimizin siyasi prioriteti kimi ötən 17 ildə uğurla davam etdirilən ordu quruculuğu prosesinin nəticəsidir. Azərbaycan Silahlı Qüvvələri bu gün regionun modern texnika ilə təchiz edilən, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik bir quruma çevrilib. Bu müddət ərzində Azərbaycanın Silahlı Qüvvələri müasir standartlar səviyyəsinə çıxaraq dünyanın 50 ən güclü ordusu sırasına daxil olmasına müvəffəq olub. Bu istiqamətdə böyük uzaqgörənlik nümayiş etdirən Prezident İlham Əliyev 2003-cü ildən bəri ölkə büdcəsində müdafiə xərclərinin 15 dəfə artırılaraq 4 milyard manata yaxın bir səviyyəyə qalxmasını təmin edib ki, bu da Ermənistanın hərbi büdcəsindən qat-qat çoxdur. "Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır” ifadəsinin müəllifi olan dövlətimizin başçısı işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri zamanı bu fikri inkişaf etdirərək söyləmişdir ki, ölkəmizin kifayət qədər güclü iqtisadi potensialı və maliyyə resursları Qələbənin əldə edilməsində xüsusi rol oynamışdır.

Ölkəmizdə müasir hərbi-sənaye kompleksin formalaşması və qısa zaman ərzində 20-dən çox hərbi zavodun işə salınması Azərbaycanın öz daxili imkanları hesabına arsenalını formalaşdırmaq üçün əhəmiyyətli baza rolunu oynayır. Dünyanın aparıcı silah ixracatçılarından ən müasir silahların alınması və bu sahədə də şaxələndirilmiş siyasətin verdiyi dividendlər əldə edilmiş Qələbəni təmin edən mühüm amildir. Bu, həm də siyasi amil olaraq digər dövlətləri və beynəlxalq gücləri qüdrətli Azərbaycanla hesablaşmağa sövq edir.

Bu gün Azərbaycan əsgərinin döyüş qabiliyyəti və ordumuzun gücü dünyanın diqqət mərkəzindədir. Bu döyüşlərdə Azərbaycan xeyli az itki ilə böyük irəliləyişlərə imza atdı. Başlanğıcda bir sıra kəndləri və strateji mövqeləri işğaldan azad etdikdən sonra Azərbaycan Silahlı Qüvvələri oktyabrın 22-də Qarabağın İranla cənub sərhədini tamamilə azad etdi və oktyabrın 23-də Laçın dəhlizinə doğru irəliləməyə başladı. Oktyabrın 4-də Cəbrayıl, 17-də Füzuli, 20-də Zəngilan, 25-də Qubadlı və noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edildi. Bundan əlavə, həmin tarixədək Azərbaycan Ordusu Ağdərə və Xocavənd rayonlarının bir hissəsini, o cümlədən Hadrut qəsəbəsini öz nəzarəti altına almağa müvəffəq olmuşdur. Əlamətdardır ki, Şuşanın azad edilməsi xəbərini Ali Baş Komandan məhz Şəhidlər xiyabanında çatdırmışdı. Bu xəbəri ilk eşitməyə şəhidlərin haqqı kimi yanaşmışdı. Prezident İlham Əliyevin Sərəncamı ilə sentyabrın 27-nin Anım Günü kimi təsis olunması şəhidlərin xatirəsinə göstərilən böyük ehtiramın nümunəsidir.

Şuşa şəhəri işğalçılardan təmizləndikdən sonra 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə 9 bənddən ibarət bəyanat imzaladılar. Sənədə əsasən ərazidə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirilməsi ilə paralel olaraq Ermənistan silahlı birləşmələrinin oradan çıxarılması, humanitar məqsədlər üçün Laçın dəhlizinin qurulması nəzərdə tutulmuşdur. Qarşılıqlı razılaşmalara əsasən noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu bir güllə atılmadan, heç bir şəhid verilmədən azad edildi. Bəyanatda, həmçinin Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir. Ona görə də 10 noyabr – Azərbaycanın ən şərəfli tarixi və Ermənistanın kapitulyasiyası günü kimi əbədi olaraq tarixdə qalacaq.

            Şuşa əməliyyatı müasir hərb tarixinin misli görünməmiş nümunəsidir

Artıq tarix dərsliklərinə xüsusi mövzu kimi salınmış Vətən müharibəsinin təfərrüatları hələ bundan sonra illər boyu araşdırılacaq. Bir çox hərbi mütəxəssislər bu savaşı XXI əsrin müharibəsi adlandırırlar. Döyüşlərin gedişində aparılan hərbi əməliyyatlar Azərbaycan Ordusunun taktiki çevikliyini və qüdrətini bütün dünyaya nümayiş etdirdi. Belə əməliyyatlardan ən yaddaqalanı Şuşanın azad olunmasıdır. Şuşa şəhəri təbii istehkam olduğundan şəhərə tanklarla, yaxud digər ağır silahlarla daxil olmaq mümkün deyildi. Buna görə də alternativ variant kimi əlbəyaxa döyüş taktikası seçildi. Qəhrəman əsgər və zabitlərimiz yüngül silahlarla qalın meşələrdən, dərin dərələrdən keçərək, sıldırım qayaları aşaraq düşməni üzbəüz döyüşdə məhv etdi. Şuşa döyüşlərinin getdiyi vaxt Xankəndidə olan xarici jurnalistlərdən biri ermənilərin düşdüyü acınacaqlı vəziyyəti belə təsvir edirdi: "Şuşanı müdafiə edənlər pərən-pərən düşüblər. Hərbi təcili yardım maşınlarında onlarla yaralı qan içində Xankəndi xəstəxanasına daşınır. Qalan döyüşçülər yorğun halda yolboyu hərbi geyimlərini çıxarıb ataraq dağdan enirlər. Təcili yardım maşınları aramsız olaraq gedib-gəlir. Avtomobildə yaralı əsgərlər bir-birinin üstünə qalaqlanıb. Onların aldığı xəsarətlər əlbəyaxa döyüşlər getdiyinin sübutudur”. "Le Monde” nəşrinin həmin günlərdə yaydığı başqa bir reportajda deyilirdi ki, Ermənistan ordusunun məğlubiyyətə uğradılmış hərbçiləri yaralı halda Şuşanı tərk edərək Xankəndiyə qaçırlar. Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də xalqımıza Şuşanın azad edilməsi müjdəsini verdi. Şuşa Zəfəri, əslində, müharibənin taleyini həll etdi. Ertəsi gün daha 70-dən çox kəndin azad olunması xəbəri gəldi və bundan bir gün sonra Paşinyan Azərbaycan Prezidentinin şərtlərini qəbul edərək kapitulyasiya aktına imza atmağa məcbur oldu. Prezident İlham Əliyev ötən ay Rusiyanın nüfuzlu "Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya müsahibəsində Vətən müharibəsində, xüsusilə Şuşanın alınmasında bənzərsiz döyüş qabiliyyəti ilə seçilən xüsusi təyinatlıların fəaliyyətini çox yüksək qiymətləndirmişdir: "Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələri işğal altında olan ərazilərin azad edilməsi üzrə ən mühüm əməliyyatların, ilk növbədə, Şuşa əməliyyatının və bir sıra başqa əməliyyatların keçirilməsində həlledici rol oynayıblar. Onlar bir sıra əməliyyatlar zamanı ölümün üzərinə gedərək, peşəkarlıq və fədakarlıq nümayiş etdiriblər. Onların fəaliyyəti, təchizatı, gündəlik məşqləri mənim mütəmadi nəzarətimdə olub. Mən dəfələrlə onlarla görüşmüşəm və görmüşəm ki, biz həqiqətən çox yüksək döyüş qabiliyyətli, çox mürəkkəb məsələləri həll edə biləcək hərbi vahid yaratmışıq. Buna görə biz peşəkarlıq və əzmkarlıq möcüzələri, güc və Vətənə sevgi nümayiş etdirməli olduq”.

                     Törətdiyi müharibə cinayətləri Ermənistanın xəyanətkar xislətindən doğur

 

Müharibənin gedişində döyüş meydanında Azərbaycan əsgərinin qarşısında duruş gətirə bilməyən işğalçı Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini, daha dəqiq desək, 1949-cu il Cenevrə Konvensiyasını kobud surətdə pozaraq Azərbaycanın mülki əhalisini və mülki obyektləri atəşə tutaraq, müxtəlif cinayətlər törətdi. Beynəlxalq humanitar hüquq normaları münaqişə zamanı qadınlara, uşaqlara, tibbi ekipaja, ümumilikdə, mülki əhaliyə qarşı hücumu qadağan etsə də, işğalçı tərəf həmişəki kimi dövlətlərarası normanı heçə saydı, beynəlxalq arenada silahlı münaqişələrin aparılması ilə bağlı yekdilliklə qəbul edilmiş bütün qaydaları bütün dünyanın gözü qarşısında pozdu. İkinci Qarabağ müharibəsi ərzində düşmən Azərbaycanın dinc əhalisini qəsdən hədəfə alıb mülki əhalini, mülki obyektləri ağır artilleriyadan atəşə tutaraq terror əməllərindən çəkinməyib.

Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin pozulması nəticəsində 100-dək dinc sakin həlak olmuş, 400-dən çox nəfər yaralanmış, 3000-dən yuxarı yaşayış evi yararsız vəziyyətə düşmüşdür. Erməni diasporunun və beynəlxalq hüquq normalarını cinayətkarcasına pozmaqla xarici ölkələrdən gətirilmiş muzdlu terror qruplarının uğursuz cəhdləri Ermənistanı düşdüyü aciz durumdan xilas edə bilmədi.

Əlbəttə, zaman gələcək, bu cinayətlərə görə erməni vandalları beynəlxalq mühakimə qarşısında cavab verəcəklər. Azərbaycan hökuməti artıq bu istiqamətdə səmərəli addımlar atır.

                 Xalq-Prezident–ordu birliyi və vətəndaş həmrəyliyi Qələbənin əsas zəminidir

 

Azərbaycanın son 200 illik tarixində ilk dəfə olaraq Prezident, Ali Baş Komandan İlham Əliyevin güclü siyasi iradəsi, qətiyyəti, uzaqgörənliyi, vətəninə və torpağına olan böyük məhəbbəti, güclü Ordumuzun, igid əsgər və zabitlərimizin şücaəti sayəsində torpaqlarımız işğaldan azad edildi. Bu Qələbə ilə Azərbaycan dünyaya sübut etdi ki, özünün pozulmuş hüquqlarını özü bərpa etmək iqtidarındadır. Ordumuza, eləcə də möhkəm iradəli xalqına və Ali Baş Komandanına inanaraq Zəfər qazandı.

Bu, Azərbaycanın Vətən müharibəsində Qələbəsinin əsas şərtlərindən biri kimi ən yüksək həddə təzahür edən xalq-iqtidar-ordu birliyindən doğan reallıqdır. Yeni siyasi konfiqurasiya fonunda ümummilli məsələlərlə bağlı müqəddəs amal uğrunda ictimai-siyasi həmrəyliyin mövcudluğu son dövrün ən mühüm nailiyyətlərindəndir. Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya tərəfindən Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə Bəyanatın imzalanması söylənənlərə əyani sübutdur. Müqayisə üçün qeyd edək ki, müharibənin gedişində 10 mindən çox erməni fərarinin mövcud olduğu zaman Azərbaycanda bircə dənə də olsun belə hal qeydə alınmamışdır. Təkcə bu fakt Azərbaycan xalqının ürəyində Vətən sevgisinin nə dərəcədə böyük olduğuna bariz sübutdur. Sakinlərin komendant saatının tələblərinə intizamla riayət etmələri Azərbaycan vətəndaşının yüksək məsuliyyət hissinin göstərici kimi dəyərləndirilməlidir.

Xalqına arxalanan Ali Baş Komandanımızın çevik taktiki gedişləri, bənzərsiz diplomatiya bacarığı, kritik vəziyyətlərdə hədəfləri və istiqamətləri düzgün müəyyənləşdirmək qabiliyyəti, güclü və dönməz iradəsi möhtəşəm Zəfərin əldə olunmasında müstəsna əhəmiyyət kəsb edən meyardır.

                        İnformasiya müharibəsinin əsas aparıcı qüvvəsi Ali Baş Komandandır

 

Ötən 17 ilə nəzər salsaq görərik ki, Prezident İlham Əliyev Dağlıq Qarabağ məsələsinin daim gündəlikdə qalması üçün əlindən gələni edib. Bütün nitq və çıxışlarında, beynəlxalq təşkilatların tribunalarında, dünya liderləri ilə bütün görüşlərində, müsahibələrində bu barədə danışıb. Çalışıb ki, təcavüzkarın və zərərçəkmiş tərəfin kim olduğunu hər kəs bilsin. Vətən müharibəsinin uğurunu şərtləndirən əsas amillərin biri də məhz budur.

İkinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan informasiya müharibəsinin də qarşısı layiqincə alındı. Azərbaycan informasiya müharibəsi sahəsində də Ermənistanı üstələdi. Ermənistanın yaydığı yalan xəbərlər vaxtında təkzib olunur, dünya ictimaiyyətinə obyektiv məlumatlar çatdırıldı. Erməni kiberhücumlarının da qarşısı layiqincə alınırdı.

Prezident İlham Əliyev dərin biliyi, dəmir məntiqi, təkzibolunmaz arqumentləri ilə ermənipərəst medianın qarayaxma kampaniyasını zərərsizləşdirə bildi, informasiya cəbhəsini təkbaşına yardı. Xüsusi tapşırıq alan bəzi Qərb müxbirləri mətləbi yayındırır, feyk məlumatlara istinad edərək Azərbaycan tərəfinin ünvanına əsassız ittihamlar səsləndirirdilər. Münaqişədə Türkiyənin iştirakı, F-16-lardan istifadə, Suriya və Liviyadan muzdluların cəlb olunması, atəşkəsin pozulması və bir çox digər qıcıqlandırıcı suallar dönə-dönə təkrarlanırdı. Lakin xarici kütləvi informasiya vasitələrinin əməkdaşları İlham Əliyevin siyasi və diplomatik cavabları, tutarlı arqumentləri və ensiklopedik tarixi bilgiləri qarşısında heyranlıqlarını gizlədə bilmirdilər.

Dövlətimizin başçısı hər dəfə bu ittihamları təkzibolunmaz fakt və dəlillərlə puça çıxarır, Qarabağın tarixindən, münaqişənin səbəblərindən danışır, fürsətdən istifadə edərək, dünyaya əsl həqiqətləri çatdırırdı. Almaniyanın ARD telekanalının müsahibəsi zamanı aparıcının "Biz orada, bu ərazidə olduqda bizdə bir sual ortaya çıxdı. Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır?” sualına Prezident İlham Əliyev qısa və lakonik, həm də dərin mənalı və təsirli cavab verib: "Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir”..

Almaniya Kansleri Angela Merkel və İlham Əliyev arasında baş tutan telefon zəngində dövlət başçısı qeyd edib ki, Ermənistan baş nazirinin "Qarabağ Ermənistandır və nöqtə" bəyanatı danışıqlar prosesini mənasız edir və Ermənistan rəhbərliyinin Azərbaycandan dırnaqarası "Dağlıq Qarabağ respublikası" ilə danışıqlar aparması tələbi danışıqlar formatının dəyişdirilməsi cəhdi kimi qiymətləndirilməlidir. Azərbaycan Ordusu öz torpaqlarında vuruşur və Ermənistan ordusu Azərbaycan torpaqlarında olmamalıdır.

Sentyabrın 29-da Rossiya-1 telekanalında yayımlanan "60 dəqiqə" proqramında Azərbaycan Prezidenti İlham Əliyev aparıcıların suallarını cavablandırıb. O, öz açıqlamalarında, Türkiyə polemikasına dair: "Hesab edirəm ki, Türkiyənin rolu regionda sabitləşdirici xarakter daşıyır. Türkiyə bizə qardaş ölkə və bizim müttəfiqimizdir. Türkiyə bizə mənəvi dəstək göstərir və biz Türkiyə rəhbərliyinə, Türkiyə Prezidentinə və türk xalqına bizimlə həmrəy olduğuna və bizi dəstəklədiklərinə görə təşəkkür edirik. Guya Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı bütün şayiələr təxribat xarakteri daşıyır. Azərbaycan Ordusu öz xalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır", - deyə cavab verib. Aparıcının Suriya Milli Ordusunun Qarabağda döyüşməsinə dair verdiyi suala isə "Bu, növbəti feyk-nyusdur. Bu barədə heç bir fakt, heç bir sübut yoxdur və bunu erməni təbliğatı ortaya atıb", - deyə bildirib.

Prezident İlham Əliyev oktyabrın 4-də xalqa müraciəti zamanı Qarabağdakı qanunsuz məskunlaşma barədə danışaraq deyib: "Qondarma "Dağlıq Qarabağ respublikası"nın parlamentinin Şuşaya köçürülməsi nə deməkdir? Yenə də Azərbaycan xalqını təhqir etmək cəhdidir. Cəbrayıla Ermənistandan yeni yolun çəkilməsi nə deməkdir? O deməkdir ki, orada qanunsuz məskunlaşma aparılacaq. Artıq Livandan, başqa yerlərdən erməniləri gətirirlər, köçürürlər bizim qədim şəhərimizə, Şuşada yerləşdirirlər, televiziyada göstərirlər, beynəlxalq konvensiyaları pozurlar, Cenevrə Konvensiyasını tapdalayırlar. Bunlara söz deyən var? Tapşırıq vermişəm bütün bizim xarici diplomatik orqanlara. Məsələ qaldırın, BMT-də, ATƏT-də, Avropa İttifaqında, başqa təşkilatlara, deyin ki, bu, qanunsuzdur! Qanunsuz məskunlaşma cinayətdir! Buna reaksiya oldu? Minsk qrupu bir açıqlama verdimi? Vermədi! Avropa İttifaqı verdimi? Vermədi! Dedi ki, bu, bizi maraqlandırmır. Maraqlandırmırsa, indi də maraqlandırmasın. İndi nə əl-ayağa düşmüşünüz? Dağlıq Qarabağ bizimdir, bizim torpağımızdır, biz oraya qayıtmalıyıq, qayıdırıq və qayıdacağıq!”.

Noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərinin işğaldan azad olunması münasibətilə Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində demişdir: "Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut edirik. 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir. Əgər bu birlik olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Biz bütün dünyaya sübut etdik ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Sübut etdik ki, əsrlərboyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb. Sübut etdik ki, erməni əhalisi bu torpaqlara 200 il bundan əvvəl köçürülübdür, necə köçürülübdür, hansı məqsədlərlə köçürülübdür, hamısını biz dünya ictimaiyyətinə təqdim etdik, sübutlarla, faktlarla. Biz sübut etdik ki, Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir”.

Eyni zamanda, qeyd etmək lazımdır ki, Prezident Administrasiyası, Milli Məclis, Xarici İşlər Nazirliyi, Diaspor ilə İş üzrə Dövlət Komitəsi və digər qurumlar öz səlahiyyətləri çərçivəsində bu istiqamətdə əhəmiyyətli tədbirlər həyata keçirmişlər.

            Prezident İlham Əliyev təkcə Ermənistana deyil, dünya erməniliyinə qalib gəldi

 

Diqqət çəkən əsas məqamlarından biri də Azərbaycanın xarici siyasətində istiqamətlərin düzgün seçilməsi və dünyanın güc mərkəzləri, həmçinin region ölkələri ilə faydalı münasibətlərin qurulması ilə bağlıdır. Bu münasibətlər bu gün də yüksələn xətt üzrə inkişaf etməkdədir.

Bu Qələbənin digər mühüm tərəfi Prezident İlham Əliyevin müharibə günlərində nümayiş etdirdiyi yüksək qətiyyət və dünya erməniliyi ilə mübarizədə beynəlxalq təzyiqlərə sinə gərməsi oldu. Haqlı olaraq Azərbaycan ictimaiyyəti onun qətiyyətini zəfərimizin ən əsas şərtlərindən biri kimi qəbul edir. Bu, bir reallıqdır ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı yalnız hərb meydanında deyil, həm də diplomatik cəbhədə böyük taktika nümunəsini ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Məhz onun rəhbərliyi altında uzun illər ərzində davam etdirilən diplomatik mübarizə hərbi uğurumuzu bərkidən əsas amillərdən biridir və Qələbənin əldə olunmasında bu işin səmərəsi şəksizdir. Məqsədyönlü səylər nəticəsində bütün beynəlxalq tədbirlərdə və platformalarda Azərbaycan həqiqətlərini çatdırmaq istiqamətində münaqişə ilə bağlı, Qarabağın tarixi ilə bağlı dünya ictimaiyyətinə dolğun məlumat çatdırıldı, Ermənistanın yalançı təbliğatına son qoyuldu və bütün dünya anladı ki, Qarabağ əzəli tarixi torpağımızdır, Qarabağ Azərbaycandır!

Döyüşlərin ilk günündən beynəlxalq erməni lobbisi Azərbaycana qarşı təzyiq rıçaqlarını işə saldı, BMT-də qətnamə qəbul etmək istədilər. Hətta Prezidentdən müsahibə alan bəzi xarici kütləvi informasiya vasitələri təxribatçı sualları ilə ermənipərəst dairələrin sifarişlərini yerinə yetirdi. Lakin hər bir mərhələdə erməni təəssübkeşləri məğlubiyyətə uğradılar. Prezident İlham Əliyev onların hər birinə siyasət və diplomatiya dərsi keçdi. BMT-də Ermənistanın maraqlarına xidmət edən qətnamənin qəbul olunmasının qarşısı məhz Prezident İlham Əliyevin diplomatik müdrikliyi sayəsində alındı. Bu işdə 120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatına sədrlik etməsi, dünyanın 60-dək ölkəsini özündə birləşdirən İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü kimi müsəlman aləmində qazandığı böyük nüfuz, Avropanın enerji təhlükəsizliyinə verdiyi önəmli töhfə, ağıllı neft strategiyasının gətirdiyi siyasi dividendlər Azərbaycanın diplomatik uğurlarını şərtləndirən amillərdir.

Hadisələrin gedişatı göstərir ki, müharibədəki acı məğlubiyyət faktiki olaraq Ermənistanın və onun havadarlarının onilliklər boyunca yürütdükləri təcavüzkar siyasətin süqutuna gətirib çıxarmışdır. Prezident İlham Əliyev 2020-ci il 10 noyabr tarixli üçtərəfli Moskva Bəyanatını qalib Sərkərdə kimi fəxrlə, Ermənistanın baş naziri Nikol Paşinyan isə kapitulyasiya aktını gizli şəkildə imzaladı.

Bununla biz bəşəriyyətə haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin - Azərbaycanın var olduğunu sübut etdik. Bu tarixi yazan Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları bir yumruq kimi birləşərək təkcə Ermənistanın yox, bütövlükdə haqsız güclərin üstünə getdi və sübut etdi ki, bu Zəfər haqq yolunda, ədalətin bərpası uğurunda olunmuşdur.

Tarixin ibrət dərsləri

 

Dövlət siyasəti müstəvisində və tarixi şəxsiyyətlərin rolu baxımından Qələbənin dəyərinin daha aydın dərk olunması üçün, düşünürəm ki, müqayisəli tarixi paralellərin aparılması yerinə düşər. Bu fikrin sübutu AXC-Müsavat hakimiyyəti dövründə aparılan xarici siyasətlə müqayisədən aydın görünür. Öz səriştəsizliyini qardaş Türkiyənin üzərinə yıxan Əbülfəz Elçibəyin "İki helikopter istədik, vermədilər” şəklində nümayiş etdirdiyi davranış bu gün böyük səmimiyyətlə Rəcəb Tayyib Ərdoğanın dilindən səslənən "Türk milləti hər zaman olduğu kimi, bu gün də bütün imkanları ilə azərbaycanlı qardaşlarımızın yanındadır” ifadəsi ilə əvəzləndi.

Ötən əsrin 90-cı illərində məhz AXC-Müsavat hakimiyyətinin günahı ucbatından Ermənistana açıq dəstək verən Rusiya Vladimir Putinin deyimində "Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycan ərazisidir” fikri ilə yekunlaşdı.

Ənənəvi güclü erməni lobbisi olan ABŞ bu dəfə prosesləri bizi qane edəcək tərzdə müşahidə etməklə kifayətləndi.

İctimaiyyət tərəfindən həssaslıqla qarşılanan İran-Azərbaycan münasibətləri Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyü məsələsində İranın aydın şəkildə nümayiş etdirilən dostluq münasibətləri ilə sərgiləndi.

Pakistan, Əfqanıstan kimi ənənəvi dost ölkələrlə münasibətlər sarsılmaz qardaşlıq birliyinə çevrildi.

İsrail, Böyük Britaniya, İtaliya, Macarıstan kimi böyük dövlətlərin Azərbaycanı açıq şəkildə müdafiə etməsi müasir diplomatiyamızın zirvə nöqtələridir.

Eyni zamanda, ərazi bütövlüyü problem yaşayan dost ölkələr – Gürcüstan, Ukrayna, Serbiya və digər dövlətlər də Azərbaycanın haqq işinə dəstək vermişlər.

Həm yaxın qonşu ölkələr, həm də digər dövlətlərin bir çoxu bizi ya dəstəkləmiş, ya da ən azından neytral mövqe nümayiş etdirmişlər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə Türkiyə nümayəndə heyətinin iştirakı və türk əsgərlərinin Zəfər Paradında iştirakı, müttəfiqlik məsələlərinə dair 2021-ci il 15 iyun tarixli Şuşa Bəyannaməsi, Türkiyə liderinin təyyarə ilə birbaşa Füzuli rayonunun işğaldan azad edilmiş ərazisindəki beynəlxalq hava limanına gəlməsi, Türkiyə-Azərbaycan birliyinin təcəssümüdür. Azərbaycan, Türkiyə və Pakistanın parlament sədrlərinin 2021-ci il 27 iyul tarixli birinci üçtərəfli Bakı Bəyannaməsi, bu ilin sentyabr ayında Bakıda keçirilmiş "Üç Qardaş” beynəlxalq hərbi təlimi - bütün dünya bir daha gördü ki, bu üç dost və qardaş ölkə bundan sonra da bütün məsələlərdə bir-birinin yanında olacaqlar.

                      Azərbaycanın ərazi bütövlüyü Ulu Öndərin ən ümdə vəsiyyətidir

 

Bu Qələbə Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin həm siyasət, həm də döyüş meydanında sərgilədiyi taktiki addımlarının, müzəffər Ordumuzun əzminin, igid əsgər və zabitlərimizin qanlarının töküldüyü müqəddəs Qarabağ torpağımızın həsrətinə son qoymuş böyük Qələbəni dünyaya nümayiş etdirdi. Azərbaycan xalqı bununla, ilk növbədə, bütün dünyaya bəyan etdi ki, biz bir qarış torpağımızı belə heç kəsə verməyəcəyik. İşğal olunan torpaqlarda dalğalanan Qələbə bayrağımızı parada gətirərək və qalib Ordumuzun bölmələrini, döyüş texnikalarımızı nümayiş etdirərək hərbi gücümüzü dünyaya göstərdik.

Ölkə ictimaiyyəti bunu Azərbaycan diplomatiyasının böyük tarixi Qələbəsi və mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasını təsdiq edən sənəd kimi dəyərləndirdi. Bu tarixi hadisəyə Azərbaycan Respublikası Milli Məclisinin Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan xalqına 2020-ci il 13 noyabr tarixli müraciətində siyasi qiymət verilmişdir: "2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli Bəyanat 30 ildən artıq davam edən münaqişəyə, Azərbaycan torpaqlarının işğalına son qoymuş, Cənubi Qafqaz bölgəsinin gələcək inkişafına yönələn fəaliyyətin yeni formatını təqdim etmişdir...Tarixi əhəmiyyət daşıyan bu Bəyanat çoxillik münaqişə və müharibədə Azərbaycan xalqının şanlı Qələbəsini təcəssüm etdirir. Tarixi ədalət öz yerini tutur, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunur”.

Bu böyük Qələbə Azərbaycan xalqını dünyaya qürurlu xalq kimi tanıtdı. "Dağlıq Qarabağ Azərbaycan torpağı, beynəlxalq səviyyədə tanınan ərazimiz olmaqla yanaşı, ədalət məsələsidir, Azərbaycanın milli qürur məsələsidir”, - deyən Prezidentimizə olan etimadı daha da möhkəmləndirdi. Çünki bu Zəfəri Azərbaycan xalqına bəxş etməklə Müzəffər Ali Baş Komandan İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” söyləmiş Ulu Öndərin arzusunu reallaşdırdı, onun vəsiyyətinə əməl etdi.

Hər bir tarixi gün onun mahiyyətinin açıqlanmasında, bu günümüz və gələcəyimiz üçün önəminin düzgün dəyərləndirilməsində ən zəngin mənbədir. Əminəm ki, müasir tariximizə qızıl hərflərlə yazılan bu misilsiz nailiyyət haqqında hələ yüz illər sonra da iftixarla danışılacaq, bu unudulmaz müjdə gələcək nəsillərə ərməğan kimi ötürüləcək.

Xəbər lenti