Hökumət parlamentə gəldi: Milli Məclisdən Fransaya sərt bəyanat

Hökumət parlamentə gəldi: Milli Məclisdən Fransaya sərt bəyanat
2023-cü ilin dövlət büdcəsinin müzakirəsinə start verildi; deputatlardan ermənipərəst Fransaya kəskin etirazlar

Noyabrın 16-da Milli Məclisin növbəti plenar iclası keçirildi.  İclasda "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılacağı üçün müzakirələrdə baş nazir Əli Əsədov və Nazirlər Kabinetinin üzvləri iştirak edirdi.

Cari məsələlərlə bağlı çıxış edən deputat Kamran Bayramov Fransa Senatında qəbul olunmuş anti-Azərbaycan qətnamədən danışdı. Bildirdi ki, bu, Fransanın son illərdə Azərbaycana qarşı qəbul etdiyi sayca üçüncü sənəddir. K.Bayramov dedi ki, Fransa ilə münasibətlərə yenidən baxmalı və ikitərəfli əlaqələrə qiymət verməliyik.

Deputat Tural Gəncəliyev də Fransa Senatına etirazını bildirdi. Dedi ki, Azərbaycanla bu tonda danışmaq olmaz. Bildirdi ki, Fransa Senatı belə absurd sənədləri qəbul edərkən onun hüquqi ekspertizasının keçirilməsini təmin etsə, yaxşı olar.

Deputat Vahid Əhmədov söz alaraq təkliflə çıxış etdi. Təklif etdi ki, Milli Məclisdə Fransa Senatının qətnaməsinə rəsmi qaydada etirazın bildirilməsi, cavab mətninin hazırlanması üçün işçi qrupu yaradılsın.


Spiker Sahibə Qafarova təklifə görə təşəkkürünü bildirdi.

Deputat Elnur Allahverdiyev Fransa Senatının qətnaməsinə sərt etirazını bildirdi. Eyni zamanda İranın anti-Azərbaycan fəaliyyətinə ciddi arqumentlərlə cavab verdi.

Komitə sədri Ziyafət Əsgərov isə bildirdi ki, qonşu İran Azərbaycan torpaqlarının 30 il ərzində işğalda olduğu dövrdə hər hansı dəstək addımı atmayıb. Amma son addımları ilə açıq şəkildə Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdür. Bildirdi ki, İran hərbi təlimləri 30 il ərzində keçirməli idi. Amma bu illər ərzində İran öz sərhədlərini qorumaq üçün heç bir addım atmayıb: "Niyə Azərbaycan torpaqları 30 il işğalda olduğu müddətdə İran sərhədlərin dəyişilməzliyinin qəbulolunmaz olduğunu bildirmədi?”

"Vətən müharibəsi təkcə hərbi meydanda deyil, həm də dövlətlərin siyasi simasını açdığına görə böyük Qələbədir. Fransa Senatının dünənki qərarı da, 2020-ci ilin noyabrın 25-də Qarabağı tanımağa çağıranların 44 günlük müharibədəki məğlubiyyətidir. Qətnamənin preambulasında BMT Nizamnaməsinə istinad olunur. Baxın, dünya təhlükəsizliyinə cavabdehlik daşıyanlar millətləri necə birləşdirir?” Bunu isə İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc söylədi. Bildirdi ki, senatın qərarında ikinci bənd Türkiyədən qorxunu nümayiş etdirir.

Deputat Elşən Musayev İrana sərt etirazını bildirdi. Qeyd etdi ki, hansı daşı qaldırırsan, altında İran təxribatı çıxır. Deputat bu mənada İranın cəsus şəbəkəsindən, narkotika ixracından, işğalçı, terrorçu Ermənistanı himayəsindən və digər təxribatlarından bəhs etdi. Ermənistanın Təbrizdə konssulluq açmaq planına etirazını bildirən E.Musayev dedi ki, bu, səfirlik açılması yox, səfehlik olar. Deputat Cənubi Azərbaycanda yaşayan soydaşlarımızı İran rejiminin anti-Azərbaycan planlarına qarşı çıxmağa, milli maraqların qorunmasından ötrü daha da aktiv mübarizəyə səslədi. "Mən hər bir cənubi azərbaycanlı bacı-qardaşlarımıza salam göndərirəm və onları bağrıma basıram” - deyə, deputat bildirdi.

Daha sonra "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarıldı. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili dedi ki, Azərbaycan iqtisadiyyatı 2022-ci ildə davamlı iqtisadi artım nümayiş etdirib: "Belə ki, Bu ilin 9 ayı ərzində ölkədə Ümumi Daxili Məhsul 5.6% artaraq 98 mlrd manatı, qeyri-neft-qaz Ümumi Daxili Məhsulu 10.1% artaraq 50 mlrd manatı keçmiş, o cümlədən kənd təsərrüfatı sahəsində məhsul istehsal 3% artaraq 9 milyard manata yaxınlaşıb. Bu dövrdə ümumi ixrac idxalı 19 mlrd dollar üstələyib, qeyri-neft-qaz ixracı faktiki qiymətlərlə 19%, qaz ixracı 11%, əhalinin nominal gəlirləri 20.2%, orta aylıq əmək haqqı isə 14.3% artıb”.

T.Mirkişili çətinliklərdən də bəhs edib: "Eyni zamanda bu ilin 9 ayı ərzində orta illik inflyasiyanın səviyyəsi 13.4% olub, idxal məhsullarının qiymət indeksi isə 21.9% bahalaşıb”. Bununla belə, əlavə edib ki, carin ilin 8 ayı ərzində strateji valyuta ehtiyatlarımız 5.1% artaraq, 56 mlrd. dollara çatıb. "İl ərzində xarici dövlət borcu 253.3 mln. dollar azaldılaraq, ÜDM-də payı 14.9%-dən 11.7%-ə dək endirilib”-komitə rəhbəri əlavə edib. Komitə sədrinin sözlərinə görə, 2022-ci ildə büdcə gəlirlərinin artması cari ilin dövlət büdcəsinin dürüstləşməsini labüd edib, nəticədə büdcənin gəlir və xərcləri təqribən 2.4 mlrd. manat artırılıb.

"2023-cü il dövlət büdcəsi xərclərinin 2022-ci ilə nisbətən 996.2 milyon manat artılıraq 33 milyon 300 milyon manata çatdırılmasını yuxarıda sadaladığım çağırışlara cavab vermək baxımından vacib və məqbul hesab edirik” - komitə sədri əlavə etdi.

Maliyyə naziri Samir Şərifov dedi ki, 2023-cü ildə qarşıya qoyulan əsas vəzifələrdən başlıcası Qarabağ və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdışın təmin edilməsidir: "Ölkəmizin maliyyə imkanlarının ildən-ilə artması bir neçə sahədə maliyyə xərclərinin daha da artırılmasına təminat verir. Bizim əsas hədəflərimizdən biri ordumuzun müasir, mütəşəkkil hərbi qüvvədə təkmilləşdirilməsidir, buna dövlət büdcəsinin imkanı da çatır. Azad edilmiş ərazilərin bərpa edilməsi ilə o torpaqlarda iqtisadi fəaliyyətin canlandırılmasına xüsusi diqqət yetirilir. Bununla bağlı bir sıra qanun layihələri Milli Məclisə təqdim edilib”.


S.Şərifov digər sahələrə ayrılan vəsaitlərdən də bəhs etdi: "Vətən müharibəsində tarixi qələbəmizdən dərhal sonra azad edilmiş ərazilərdə başlayan quruculuq işlərinə cari il üzrə istifadə olunmamış bəzi vəsaitlərin də bu istiqamətə sərf edilməsi ilə toplam 9 milyard manatdan artıq vəsait yönəldilib”. Nazir bildirdi ki, azad edilmiş ərazilərin bərpası üçün 9 milyard 700 milyon vəsait xərclənib: "Azad edilmiş ərazilərin bərpa edilməsi ilə o torpaqlarda iqtisadi fəaliyyətinin canlandırılması məqsədilə bir sıra qanun layihələri də Milli Məclisə təqdim edilib. Prezidentin azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin həyata keçirilməsi ilə bağlı sərəncamının həyata keçirilməsi üçün Vergi Məcəlləsinə, Əmək Məcəlləsinə, Miqrasiya Məcəlləsinə və s. dəyişikliklər hazırlanıb”.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın bir sıra iqtisadi göstəriciləri barədə deputatları məlumatlandırdı. Bildirdi ki, cari ilin yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarət balansının müsbət saldosu 23 milyard ABŞ dolları təşkil edib. Bu da illik müqayisədə 3,1 dəfə çoxdur. M.Cabbarov bildirdi ki, bu ilin 10 ayı ərzində Azərbaycan iqtisadiyyatı 5.2 faiz, qeyri-neft-qaz sektoru isə 9.7 faiz artıb. Nazir bildirib ki, qeyri-neft-qaz sektorunda nəqliyyat, turizm, tikinti, kommunikasiya sahələri yüksək artım tempi göstərib: "Ölkədə sənaye zonalarının fəaliyyəti qeyri-neft-qaz sektorunda artıma böyük təsir göstərib. Hesabat dövründə sənaye zonalarının istehsalı 55 faizdən çox artıb”.

Fasilədən sonra spiker Sahibə Qafarova gündəliyə dəyişiklik edildiyini nəzərə çatdırdı. Bildirdi ki, Fransa Senatının qərəzli və əsassız qətnaməsinə münasibət bildirilməsi və bəyanat hazırlanması üçün Səməd Seyidovun rəhbərliyi ilə komissiya yaradılıb. "Fransanın icra və qanunverici orqanlarının Azərbaycana qarşı qərəzli mövqeyini dəfələrlə müşahidə etmişik. 44 günlük Vətən müharibəsi dövründə və müharibədən sonra Fransa dövləti rəhbərliyinin təcavüzkar Ermənistanı müdafiə etmək üçün verdiyi açıqlamalar, beynəlxalq təşkilatlarda Azərbaycana qarşı sənədlər qəbul etdirməyə çalışdığını yaxşı xatırlayırıq. Son iki ildə Fransa parlamenti ölkəmiz barədə ədalətsiz mövqeyini bir neçə dəfə nümayiş etdirib. Fransa Senatının dünən qəbul etdiyi sənəd də Azərbaycana qarşı bədxah və çirkli niyyətli siyasi aksiyadır” - S.Qafarova bildirdi.

Bundan sonra büdcə müzakirələrinə ara verildi və deputatlar Fransanın ermənipərəst siyasətinə etirazlarını bildirdilər. Deputat Fəzail Ağamalı dedi ki, Fransa özünün riyakar simasını ortalığa qoymaqdadır: "Vaxtilə müstəmləkə olan Afrika ölkələrində böyük vəhşiliklər göstərən, Əlcəzair xalqının 1,5 mln. əhalisini soyqırım edən, ancaq alman faşizminə qarşı mübarizə aparmadan təslim olan Fransa Azərbaycan xalqına qarşı tutduğu riyakar mövqe sərgiləyir ki, bu da xalqımızı hiddətləndirib”. F.Ağamalı təklif verdi: "Fransa ilə bizim münasibətlərimizə yenidən baxılsın, onun neft şirkətlərimizdə bir payçı kimi iştirakına son qoyulsun, Fransadakı səfirimiz geri çağırılsın. Bu cür faşist ölkə ilə münasibətlərimizə yenidən baxmalıyıq”.


Deputat Tahir Kərimli rəsmi Parisin anti-Azərbaycan siyasətinə etiraz bildirərkən dedi ki, Fransanın hazırda etdikləri birbaşa "Səlib yürüşləri”nin yeni versiyasıdır. Fransa Senatının Azərbaycan əleyhinə qətnamə qəbul etməsinə etirazını bildirən deputat Fransanın düşmən ölkə elan olunmasını təklif etdi: "Fransanın Azərbaycana qarşı qəbul etdiyi qətnamə onun əsas simasını göstərir. Mən təklif edirəm ki, Fransa bizim üçün düşmən ölkə olaraq elan edilsin. Fransa məsuliyyət daşıdığının fərqinə varmalıdır. İkinci təklifim isə budur ki, Fransadakı səfirimiz geri çağırılmalıdır. Bütün diplomatik nümayəndələr geri çağırılmalıdır”.

T.Kərimli dedi ki, Azərbaycanın Fransa Senatı ilə bağlı qəti mövqeyi olmalıdır: "Biz bunu sərt şəkildə bildirməliyik. Eyni zamanda, Milli Məclis də Fransanın Əlcəzairdə soyqırım törətməsi ilə bağlı qətnamə qəbul etməlidir”.

Deputat Naqif Həmzəyev dedi ki, Fransa Senatının üzvləri tarixdən dərs götürmələri əvəzinə, bu qətnamə ilə milli-dini ədavəti qızışdırmaqla yeni münaqişə ocaqları yaratmaq istəyirlər. O təklif etdi ki, qətnaməni qəbul edən şəxslərin Azərbaycana girişinə qadağan qoyulsun, fransız məhsullarının ölkəmizdə satışı qadağan edilsin.

Çıxışların yekununda Milli Məclis Fransa Senatının qətnaməsi ilə bağlı etiraz bəyanatı qəbul etdi. Bəyanatı Milli Məclisin deputatı Ramin Məmmədov oxudu. Bəyanatda deyilir: "Azərbaycan Fransanı beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmiş sərhədlərə hörmət etməyə çağırır. 30 il işğala göz yuman, səs verdiyi qətnamələri Ermənistandan tələb etməyən Fransa bu gün Ermənistanın ərazi bütövlüyünün pozulduğunu bildirir. Fransa Senatının bu kimi çıxışları Cənubi Qafqazda sülhə mane olmaq niyyəti daşıyır. Müstəmləkə illərində Fransanın törətdiyi soyqırımları hər kəsə məlumdur, bu hadisələrdən hələ də əziyyət çəkən xalqlar var. Bu kimi hadisələr təbii ki, Fransanın siyasi tarixindən silinməyəcək. Əlcəzairdə bir milyondan çox insan Fransa tərəfindən qətlə yetirilib. Eyni zamanda hələ də mina xəritələrini Fransa Əlcazairə düzgün təqdim etməyib. Bu gün dünyada minadan əziyyət çəkən ölkələrdən biri də Əlcəzairdir. Fransanın rolunu hazırda Cənubi Qafqazda Ermənistan davam etdirir. Bu gün Ermənistan hələ də düzgün mina xəritələrini Azərbaycana təqdim etməyib. Qondarma dövlətdə əhalinin insan hüquqlarını tələb edən Fransanın hüquqdan danışmağa haqqı yoxdur. Fransada irqçi, müsəlmanlara qarşı fobiyanın olması hər kəsə məlumdur”.

Bəyanatda Fransa Senatının qərəzli və əsassız qətnaməsinə kəskin etiraz ifadə olunur, Azərbaycan hökumətinə Fransa ilə bağlı münasibətlərə və əlaqələrə yenidən baxılması ilə bağlı təkliflər də əksini tapır.

Deputatlar bəyanata alqışları ilə dəstəklərini ifadə etdilər.

Qeyd edək ki, müzakirələrdə baş nazir Əli Əsədov və hökumət üzvləri də iştirak edirdilər.

Bundan sonra büdcə zərfinin müzakirəsi davam etdirildi.

Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov Milli Məclisdəki büdcə müzakirələrində çıxış etdi. Dediyinə görə, son hesablamaları nəzərə alaraq, deyə bilərik ki, gələn il inflyasiya aşağı olacaq. "İllik inflyasiya göstəricilərinin azalması olarsa, pul siyasətinin sərtləşdirilməsinə pauza verilə bilər. Mərkəzi Bank inflyasiyanın yüksək olmaması üçün işlər görür”, - deyə T.Kazımov bildirdi.

T.Kazımovun sözlərinə görə, Mərkəzi Bank öz səlahiyyətləri çərçivəsində adekvat hesab etdiyi yerə qədər pul siyasətini sərtləşdirə bilər: "İllik İnflyasiya göstəricilərinin azalması fonunda pul siyasətinin sərtləşdirilməsinə pauza verilə bilər. Hazırda məzənnə inflyasiyaya azaldıcı təsir göstərir. Məzənnə sabitliyi isə tədiyyə balansının sabitliyindən asılı olacaq”. O, eyni zamanda cari ilin on ayı ərzində manatın məzənnəsinin 9,2 faiz bahalaşdığını söylədi. Bildirdi ki, Mərkəzi Bank sabit məzənnə rejimini növbəti il üçün də qorumağa çalışacaq. Məzənnə rejimi pul siyasətimizin bir çərçivəsidir.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov da məruzəsini təqdim etdi. Deputat Mahir Abbaszadə büdcə zərfini müdafiə etdi. Bildirdi ki, 2023-cü il büdcəsində işğaldan azad olunmuş ərazilərin bərpasına 3 milyard manat vəsaitin ayrılması çox mühüm məsələdir.

Noyabrın 17-də müzakirələr deputatların çıxışları ilə davam etdiriləck.

Xəbər lenti