“İlham Əliyev növbəti dəfə bütün dünyaya öz mesajlarını çatdırdı...” – Elşən Musayev

“İlham Əliyev növbəti dəfə bütün dünyaya öz mesajlarını çatdırdı...” – Elşən Musayev


"Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşündə möhtərəm Prezidentimiz İlham Əliyevin səsləndirdiyi fikirlər çox böyük əhəmiyyətə malikdir və həmin fikirlər bütün xalq üçün, cəmiyyətimiz üçün ciddi stimuldur, dayaq nöqtəsidir, böyük perspektivlərin müjdəsidir.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Həqiqətən də erməni vandallar Qarabağda törətdikləri vəhşilikləri əzəli torpaqlarımız olan Qərbi Azərbaycanda da həyata keçiriblər, bütün dini abidələrimizi məhv ediblər, tarixi təhrif eləməyə çalışıblar. Amma fakt faktlığında qalır və həmin əlahəzrət fakt söyləyir ki, bu torpaqlar Azərbaycana məxsus olub. Çünki ortada sübutlar var, xəritələr var.

Bəli, zamanında erməni vəhşilərə çox güzəşt gedilib və demək olar ki, İrəvan Ermənistana bağışlanılıb. Gerçəkdən də bu, xəyanət idi, yanlış addım idi, hətta cinayət idi. Amma nə təəssüf, həmin hadisələr baş verdi, Azərbaycanın torpaqları parçalandı. Və sonrakı dövrdə Qarabağın böyük bir hissəsinin itirilməsi də AXC-Müsavat cütlüyünün xəyanətinin nəticəsi idi. Əlqərəz, zamanında bizim hakimiyyətdə olanlar boşluq verən kimi ermənilər aktivləşiblər, fəallaşıblar və Azərbaycandan nəsə qopardıblar. Yalnız Heydər Əliyevin hakimiyyəti dövründə erməni heç nə edə bilmədi, çünki anladı ki, Heydər Əliyev öz ölkəsini, onun maraqlarını qorumağa qadirdir. Və bu gün ölkədə yürüdülən siyasət də bünövrəsi, təməli Heydər Əliyev tərəfindən qoyulan siyasətdir. Ona görə güclüyük, ona görə qalibik, ona görə erməni artıq başını qaldıra bilmir!

Bəli, biz Qərbi Azərbaycana da qayıdacayıq. Mütləq qayıdacayıq. Çünki o torpaqlar bizim dədə-babalarımızın əzəli torpaqlarıdır.

Mən bir məqamı xüsusi vurğulayım: Qərbi Azərbaycan ziyalıları ilə görüş həm də cənab Prezidentin ad gününə təsadüf edirdi. Möhtərəm Prezidentimiz hər il olduğu kimi növbəti ad günündə də xalqın, ziyalıların əhatəsində oldu, onların fikirlərini dinlədi və bütün dünyaya öz mesajlarını çatdırdı. Mən sizin sayt, xəbər portalı vasitəsilə dəyərli Prezidentimizi bir daha ürəkdən təbrik edirəm. Tanrı xalqımızı və onun Müzəffər, Qalib Rəhbərini qorusun. İlham Əliyev həqiqətən də bizim sərvətimizdir, başımızın tacıdır və Azərbaycanın bütün uğurlarının əsas memarıdır.” – deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər lenti