İnam Kərimov: “Ulu Öndərin islahat siyasəti bu gün də məhkəmə hakimiyyətinə öz töhfəsini verir”

İnam Kərimov: “Ulu Öndərin islahat siyasəti bu gün də məhkəmə hakimiyyətinə öz töhfəsini verir”
"​2003-cü ildən Ulu Öndər Heydər Əliyevin islahat siyasəti möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu uğurlu islahat siyasəti bu gün də məhkəmə hakimiyyətinə öz töhfəsini verir”.

Bu fikirləri Ali Məhkəmənin sədri İnam Kərimov "Heydər Əliyev və məhkəmə-hüquq islahatları: tarix, zaman və nailiyyətlər” mövzusunda keçirilən konfransda deyib.

"Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanı yeni Azərbaycanın yeni dövrünün məhkəmə sistemində yeni mərhələnin başlanması kimi qəbul edilən ciddi islahatların əsasını qoydu. Sözügedən Fərmanın icrası istiqamətində görülən işlər nəticəsində qanunvericiliyə çoxsaylı dəyişikliklər edildi. Bu dəyişikliklərlə Ali Məhkəmənin praktikasında olmuş boşluqlar aradan qaldırıldı. Ali Məhkəmənin qərarları ilə hüquqi müəyyənliyə mane olan məhkəmə praktikası dəyişdirildi. Ali Məhkəmənin vahid məhkəmə təcrübəsinin formalaşdırılması mexanizmləri təsbit edildi. Məhkəmələrdə süründürməçiliyə səbəb ola biləcək halların qarşısının alınması üçün yeni metodlar tətbiq olundu. Məhkəmə icraatı təkmilləşdirildi. Məhkəmə sistemində yüksək peşə bacarıqlarına malik insan kapitalı formalaşdırmaq, hakimlərin və məhkəmə işçilərinin sosial təminatını gücləndirmək istiqamətində mühüm işlər həyata keçirilməkdədir. Möhtərəm cənab Prezidentin də qeyd etdiyi kimi, məhkəmə islahatları daim davam edən prosesdir. Bu islahatların əvvəli var, amma sonu yoxdur. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan yeni, müasir Azərbaycanın və onun yeni məhkəmə sisteminin dövlət başçısının rəhbərliyi ilə zamanın tələblərinə uyğun daha da inkişaf etdirilməsi və yenilənməsi istiqamətində işlər bu gün də davam etdirilir”, - Ali Məhkəmənin sədri vurğulayıb.

Xəbər lenti