“İntellektual Klubların IV Gənclər Liqası”nın finalçıları məlumdur!

“İntellektual Klubların IV Gənclər Liqası”nın finalçıları məlumdur!

 

Cari ilin 28 sentyabr tarixində elan edilən ölkənin ən böyük intellektual turniri – "İntellektual Klubların IV Gənclər Liqası”nda iştirak üçün ümumilikdə 16-29 yaş aralığında, respublikanın 50 şəhər və rayonundan 500 komandadan ibarət, 4000-dən çox gənc qeydiyyatdan keçmişdir.

İlkin mərhələ olaraq komandalar yaşadıqları şəhər və rayonlarda keçirilən seçim turlarında iştirak etmiş və qalib komandalar regional zona finalında intellektual mübarizəni davam etdirmək şansı qazanmışdır. 18 noyabr tarixində Bakıda keçirilən seçim turunda 100-dən çox komanda arasından ən yaxşı nəticə göstərən 20 komanda final mərhələsinə vəsiqə qazanmışdır. 26 noyabr tarixində Quba, Lənkəran, Göyçay, Sabirabad, Qax, Gəncə, Lənkəran və Naxçıvanda keçirilən regional zona finallarında isə ümumilikdə 102 komanda iştirak etmiş, onlardan yalnız 12 komanda "Böyük Final” mərhələsində iştirak hüququ əldə etmişdir.

Gərgin bilik mübarizəsinin sonunda isə 32 komanda 9-10 dekabr tarixlərində Qubada keçiriləcək möhtəşəm final mərhələsində iştirak edəcəklər. "Böyük Final”da "Nə? Harada? Nə zaman?”, "Kviz”, "Breyn-Rinq” və "Erudit Kvartet” oyunları keçiriləcək.

2023-cü il "Heydər Əliyev” ili çərçivəsində keçirilən turnirin əsas məqsədi intellektual oyunların gənclər arasında təbliği, onların asudə vaxtlarının faydalı təşkili, region gənclərinin şəbəkələşməsi, intellektual potensialı olan gənclərin aşkara çıxarılması və Heydər Əliyev irsi barədə gənclərin maarifləndirilməsidir.

Xatırladaq ki, 2019-cu ildən bəri mütəmadi olaraq keçirilən turnir bugünədək 20 mindən çox gənci əhatə edərək onların intellektual səviyyələrinin təkmilləşdirilməsinə, həmçinin şəbəkələşməsinə təkan vermişdir.

"İntellektual Klubların IV Gənclər Liqası" Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, "Gənclərin Maarifləndirilməsinə Dəstək" İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilir.

 "Facebook” sosial şəbəkəsində yaradılmış qrupa qoşularaq turnirə dair ən son yeniliklərdən məlumatlı ola bilərsiniz:

https://www.facebook.com/groups/801588220281994

 

 





 

 


Xəbər lenti