İran dövləti neyləyir? - TƏHLİL

İran dövləti neyləyir? - TƏHLİL

Məlumat verdiyimi kimi yanvarın 27-si Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum zamanı mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, daha iki nəfər yaralanıb. Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum zamanı həlak olan mühafizəçinin ailəsinə və yaxınlarına başsağlığı verib.

Qanlı terror hadisəsi ilə bağlı 7NEWS.az olaraq millət vəkilləri, ekspertlərin mövqeyini öyrəndik.

 

 

Deputat Elşən Musayev bu hadisəni terrorun pik nöqtəsi adlandırıb: "Azərbaycanın İrandakı səfirliyinə edilən hücum terrorun pik nöqtəsidir və bu hadisəni təşkil edənlər, planlayanlar törətdikləri cinayətə görə mütləq bir şəkildə, üstəlik beynəlxalq səviyyədə cavab verəcəklər. Səfirlik bizim suveren ərazimizdir. Onun müdafiə zəmanəti isə həmin səfirliyin yerləşdiyi dövlətin üzərindədir. Daha dəqiq desək: İranın borcudur və ya borcu idi ki, bizim səfirliyimizi, bizim suveren ərazimizi qorusun. Amma qoruya bildimi? Xeyr, qoruya bilmədi. Yox əgər qoruya bilmədisə, demək ki, bu ölkədə heç bir təhlükəsizliyə təminat yoxdur. Düzənlənən terror ölümlə, insan qətli ilə nəticələndi. İlk dəfədir belə şey baş verir. Bütün müstəqilliyimiz boyunca diplomatik nümayəndəliyimizdə çalışan insanın, soydaşımızın qətlə yetirilmə hadisəsi, faktı olmamışdı. Amma Azərbaycana qənim kəsilən hansısa yaramaz qüvvənin və ya qüvvələrin məkrli planı nəticəsində məlum hadisə də baş verdi. Təbii ki, istintaqın gedişində bütün təfərrüatlar üzə çıxacaq və heç şübhə etmirəm ki, törədilmiş cinayətlə bağlı Azərbaycanın hüquq-mühafizə orqanları da öz alternativ istintaqını aparacaqlar. Hadisə zamanı terrorçu gülləsinin qurbanı olan Orxan bəyin ailəsinə dərin hüznlə baş sağlığı verirəm. Onun sinəsinə sancılan güllə hər birimizə dəyən güllədir. Allah dəyərli və fədakar soydaşımıza qəni-qəni rəhmət eləsin.” – deyə Partiya sədri fikirlərinə davam edib.

Daha sonra E.Musayev terrorçudan planlı şəkildə müsahibə alan İran TV-lərini sərt tənqid edib: "Mən bir şeyi anlamıram ki, İranın hüquq-mühafizə orqanları cinayətkarı dindirmək, cəzalandırmaq üçünmü saxlayıblar, yoxsa TV-lərə müsahibə vermək üçünmü? Bu nə biabırçılıqdır? Ortada o boyda terror əməli var, təcili istintaq hərəkətləri aparılmalı, şəbəkəyə aid bütün qrup üzvləri ortalığa çıxarılmalı, cinayətin əsas motivi aşkar edilməlidir. Amma İran dövləti neyləyir? İran dövləti cinayətkarı buraxıb TV kanalların hüzuruna. Bol-bol müsahibələr verdirir. Sonra da deyirlər ki, məsələ ilə məşğuluq. Heç nəylə məşğul-filan deyilsiz. Sizin köhnə adətinizdi, şoumenlik, artistlik, riyakarlıq! Bax ona görə israrla və əminliklə söyləyirik ki, məlum terrorun məsuliyyəti İran dövlətinin və hökümətinin üzərindədir. Çıxın ortalığa, cavab verin. Terrorun və terrorçunun arxasında gizlənməyin. İran tərəfdən bizlərə ancaq ziyan gəlib. Hər zaman və hər mənada! Daim anlamışıq ki, onlara güvənmək olmaz, daim fərqində olmuşuq ki, bu xain qonşunun siyasəti yalnız pislik, qara niyyətlər üzərində qurulub. Amma və amma! Bu dəfə əndazə aşıldı, bu dəfə bütün qırmızı xətlər keçildi, bu dəfə bütün körpülər yandı. Bir daha qeyd etmək istəyirəm: Cavabdeh İrandır. Məsuliyyət bu dövlətin üzərindədir. Və həmin cavabdehlikdən, məsuliyyətdən qaçış yoxdur. İmkan verməyəcəyik, mövzudan yayınmağa. Məlum cinayətin icraçıları və təşkilatçıları nəyin bahasına olursa olsun qanun və ədalət mühakiməsi qarşısında cavab verəcəklər, layiqli cəzalarını alacaqlar.” – deyə Partiya sədri fikirlərinə davam edib.”


"Beynəlxalq konvensiyaya uyğun olaraq bu fikri qəti şəkildə qeyd edirik ki, Azərbaycanın Tehrandakı səfirliyinə hücuma görə tam məsuliyyəti İran tərəfi daşıyır.”

Bu fikirləri YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə 7NEWS.AZ-a açıqlamasında deyib: "Lakin yayılan informasiyalardan da göründüyü kimi, İran məsuliyyətdən boyun qaçırmağa çalışır. Belə ki, baş verən terroru ailə-məişət zəminində insident kimi təqdim etməyə səy göstərir. Bu, açıq-aşkar yalan və dünya ictimaiyyətini çaşdırmaq cəhdidir. İran tərəfi hansı diqqətyayındırıcı şərlərə üstünlük verməyə, özünə haqq qazandırmaq üçün çalışsa da, reallıq budur ki, Azərbaycan səfirliyinə hücum terror aktıdır. İran rejimi istər 30 illik işğal, istər Vətən müharibəsinin getdiyi, istərsə də postmünaqişə dövründə Ermənistana hər cür dəstək göstərib və bu gün də davam edir. Tehrandakı səfirliyimizə olan dövlət terroru da İranın Azərbaycana qarşı düşmənçilik siyasətinin bir daha təsdiqidir. Azərbaycanın tarixi Zəfərini həzm etməyən rəsmi Tehran bunu atdığı addımları ilə açıq-aydın şəkildə büruzə verir.”


"Təcavüzkar dövlətə havadarlıq edib, öz xalqına belə zülm verən, insan haqlarını tapdayıb, fitnə-fəsad törədən, absurd moizələrlə haqq-ədalətdən dəm vuran fars rejiminin növbəti çirkin missiyası Azərbaycanın İrandakı səfirliyində həyata keçirilib.”

Bu fikirləri millət vəkil İlham Məmədov 7NEWS.AZ-a açıqlamasında deyib: "Nəticə etibarilə bir nəfər qətlə yetirilib və yaralananlar var. Demək ki, bu hadisə bir daha onu göstərir ki, İran öz beynəlxalq normalar çərçivəsindəki öhdəliyini layiqincə icra etmir və öz riyakar siyasətini bizə qarşı yenə davam etdirir. İndi biz gözləyirik ki, bu məsələ ədaləti şəkildə (əslində ədalət də molla rejimindən uzaqdır) araşdırılmalı, terrorçu və onu himayə edən qruplaşma ən ağır şəkildə cəzalandırılmalıdır. beynəlxalq hüquqa əsasən səfirliyimiz və əməkdaşları toxunulmazlıq hüququna malikdir, eyni zamanda toxunulmazlıq məhz bu hüququ qəbul edən molla rejimi tərəfindən qorunmalı idi. Əfsuslar olsun ki, biz bunun əksini gördük.Xüsusilə qeyd edim ki, Azərbaycan bu gün iki dövlətlə, təbii ki, onların yaratdığı münasibətlərə adekvat olaraq, humanist, qanunçuluq mövqeyindən çıxış edən bir müəllim missiyasını icra edir. Ermənistan və İran isə etikadan, elmdən kənar, sərsəm qərarlar verən şagird rolunu oynayır. Ancaq müəllimin də bir yerə qədər səbri, eləcə də qanuni normalar vardır. Bu riyakarlar konkret bir qərar verməlidir.”


Amil Qurbanov

7NEWS.az

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.İstiqamətin kodu 6.3.6


 

Xəbər lenti