Lotu Qulinin əli ilə Mənsimovu hədələyən Anar Əlizadə kimdir? - ARAŞDIRMA

Lotu Qulinin əli ilə Mənsimovu hədələyən Anar Əlizadə kimdir? - ARAŞDIRMA
7NEWS.az xəbər verir ki, tanınmış iş adamı, "Palmali" şirkətlər qrupunun prezidenti Mübariz Mənsimovun 'Xural TV'yə verdiyi müsahibə geniş müzakirələrə yol açıb. Müsahibənin ən maraqlı hissəsi Lotu Qulinin Anar Əlizadəyə görə Mübariz Mənsimova zəng etməsidir. Müsahibədən sözügedən hissənu təqdim edirik:

Bəs Rövnəq Abdullayevin dayısı oğlu olduğu deyilən Anar Əlizadə kimdir və mediada adı necə xatırlanır? Bu mənada tanınmış jurnalist Heydər Oğuzun araşdırmasını paylaşmaq yerinə düşər.

Əliyev Anar Nüsrət oğlu: 21 sentyabr 1978-ci ildə Naxçıvanda dünyaya gəlib. 1996-2000-ci illərdə Naxçıvan Dövlət Universitetində təhsil alıb. Özünün iddiasına görə, tələbəlik illərindən biznes həyatına atılıb. Türkiyə ilə Naxçıvan arasında kiçik ticarətlə işə başlayan Anar Əliyev adlı adamın varlığı 2013-cü ilə qədər bilinməyib. İlk dəfə onun adı həmin il Global Witness təşkilatı tərəfindən hazırlanan "Anonim Azərbaycan” hesabatı yayınlanandan sonra duyulmağa başlayıb. Həmin ilə qədər Əliyev soyadı daşıyan Anar "Anonim Azərbaycan” hesabatının açıqlanmasından sonra birdən-birə dönüb olub Əlizadə, bəzən isə Alizadə
 
Maraqlıdır ki, SOCAR-ın bu "qara qutusu” barədə məlumat həmin vaxta qədər şirkətin əksər rəhbər şəxslərinə də bəlli deyilmiş. Hər halda bunu SOCAR-ın mətbuat katibi Nizaməddin Quliyev BBC-yə verdiyi açıqlamasında deyib. Mətbuat katibinin dediyinə görə, o, bu zamana qədər Anar Əliyev adını eşitməyib. Halbuki, "Anonim Azərbaycan” hesabatına görə, Anar Əlizadə həmin dövrə qədər SOCAR-ın 50-ə qədər xarici əməliyyatını həyata keçirmişdi. Görünür, bunların hamısı "qara əməliyyatlar” olduğundan Nizami Quliyevin diqqətindən yayınıb.  
 
Global Witness-in "Anonim Azərbaycan” hesabatı daha geniş mövzu olduğundan bu barədə ayrıntıları sonrakı yazılarımıza saxlayırıq. Hələlik isə onun SOCAR-dakı dayaqları barədə bir neçə söz deməyə çalışacağıq.
 
Rövnəq Abdullayevin ailə təsərrüfatı
 
İkinci sual: Biznes fəaliyyətinə, türklər demişkən, "bavul ticarəti” ilə başlayan Anar Əlizadə necə olur ki, birdən birə SOCAR-ın ən mühüm tərəfdaşına çevrilir? Axı o, 2000-ci ildə Naxçıvan Dövlət Universitetini bitirib. Məzun olduqdan cəmi 13 il sonra sorağı isə Global Witness-in hesabatlarından gəlib.
Dünyanın bəlkə də ən şanslı iş adamlarını belə heyrətə düşürəcək bu qeyri-adi yüksəlişin bir səbəbi var – Anar Əlizadə SOCAR prezidenti Rövnəq Abdullayevin dayısı oğludur. Azərbaycanın ən böyük dövlət şirkəti olan SOCAR isə Rövnəq Abdullayevin ailə təsərrüfatıdır. Və bu ailə təsərrüfatında Anar Əlizadənin çox böyük dayaqları var. Gəlin, onların bəziləri ilə tanış olaq:
 
1. Bədəl Əliyev: Anar Əlizadənin qardaşlarından biri. SOCAR İnformasiya Texnologiyaları Departamentində satınalmalar üzrə menecer vəzifəsində çalışır.
 
2. Nihad Əliyev: Anar Əliyevin digər qardaşı. SOCAR-da satış direktorudur.

3. Nüsrət Əliyev: Anar Əliyevin atası. Rövnəq Abdullayevin dayısıdır. Öz oğluna ölkənin senzoru olmadığını indiyədək başa sala bilməyən bu ata Neft Emalı zavodunda Qaz sektorunun müdiri işləyir. 
 
4. Anar Əliyevin əmisi Azad (Rövnəq Abdullayevin digər dayısı ) Neft Emalı zavodunda Kislorod sektorunun müdiridir.
 
5. Anar Əliyevin xalası oğlanları "Suraxanı OIL” Əməliyyat Şirkətinin və "Balaxanıneft”in rəhbərləridir.
 
6. Anarın əmi nəvəsi Ramil Əliyev "EKOL”un rəisidir.

7. Anarın digər əmi nəvəsi Nail Əliyev - Neft-Yağ Emalı zavodunun rəisidir.
 
8. Anarın yaxın dostu Vasif müəllim Neft Kəmərləri İdarəsinin rəisidir.
 
SOCAR-ın aktopodu
 
Göründüyü kimi, Vasif müəllimi saymasaq, Anar Əlizadənin ən azı 8 yaxın qohumu SOCAR-ın ən müxtəlif idarələrinə rəhbərlik edir. Bu durum dənizlərin ən qorxunc başıayaqlılarından sayılan aktopodu yada salır. Aktopodun da səkkiz ayağı var və məhz buna görə, bəzən adına səkkizayaq da deyilir. Bu ayaqlar aktopoda ovladığı qurbanı tamamilə çevrələmək fürsəti verir və ovun qurtuluşunu mümkünsüzləşdirir. Aktopod da yumşaqbədənlidir və istədiyi an istədiyi şəklə düşə bilir; Əliyevin bəzən Əlizadəyə, bəzən Alizadəyə çevrildiyi kimi. Bütün bu özəllikləri ilə Anar Əlizadəni SOCAR-ın aktopoduadlandıra bilərik. 
 
Növbəti sual ortaya çıxır: Anar Əlizadənin ən azı 8 qohumunun SOCAR-da yüksək vəzifə daşımasında nə var ki, biz bunun sözünü edirik?
 
Məsələ burasındadır ki, hər hansı bir iri məmurun işlədiyi idarəni qohumlar klubuna çevirməsi inhisarçılığın əsas səbəblərindən biridir və Azərbaycan qanunvericiliyi bunu qadağan edir. Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublika Qanununun 7-ci maddəsində eynilə belə deyilir:
 
Maddə 7. Yaxın qohumların birgə işləməsinə yol verilməməsi
 
7.1. Vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər.
7.2. Bu Qanunun 7.1-ci maddəsinin tələblərini pozan şəxslər həmin tələblərin pozulması müəyyən edildikdən sonra 30 gün müddətində həmin pozuntunu könüllü olaraq aradan qaldırmadıqları halda tabeliyi istisna edən başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə həmin şəxslərdən biri tutduğu vəzifədən azad olunmalıdır.
7.3. Bu Qanunun 7.2-ci maddəsində göstərilən əsaslar üzrə vəzifədən azad olunmuş şəxslər digər orqanlarda, idarə, müəssisə və təşkilatlarda vəzifə tuta bilərlər.

Sözsüz ki, sözügedən qanunun tələblərinin kobud şəkildə pozulması SOCAR-ın akropodunu yox, onun bibisi oğlunungünahıdır. Üstəlik, bu məlumatlar dəfələrlə media qurumlarında dərc olunub. Qanunvericiliyə görə, SOCAR prezidenti həmin məlumatlar üzə çıxandan sonra 30 gün ərzində Dövlət Şirkətinin aktopodunun ayaqlarını kəsməli idi. O isə indiyədək bu vəzifə borcunu yerinə yetirməyib. Səbəb aydındır: 2020-ni 20/20 kimi başa düşən Rövnəq müəllim yəqin ki, Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublika Qanununun 7-ci maddəsini də baş-ayaq başa düşüb və bu da nəticədə SOCAR-dakı başayaqlılar sinifinin formalaşmasına yol açıb. Bəs, Azərbaycanın müvafiq qurumları necə, onlar da qəbul etdikləri qanunun tələblərini anlamaqda çətinlikmi çəkirlər? 
7NEWS.az 

Xəbər lenti