"Məktəbdən başlanan sağlam düşüncə " adlı layihə çərçivəsində tədbir keçirilib

Beyləqan rayonu Kəbirli kənd Məmmədyar Fərzəliyev adına 1 nömrəli tam orta məktəbində Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi” çərçivəsində həyata keçirilən "Məktəbdən başlanan sağlam düşüncə " adlı layihənin tədbiri keçirilib.

Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin icra nümayəndəsi Bakir Ağayev, həmin məktəbin direktoru Ramiz Məmmədov, layihə rəhbəri Şəhriyar Rəhimov, təlimçi, psixoloq Mürsəl Behbudlu və şagirdlər iştirak ediblər.

Tədbiri açıq elan edən layihə rəhbəri Şəhriyar Rəhimov tədbir iştirakçılarını salamlayıb və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən "Məktəbdən başlanan sağlam düşüncə " adlı layihə haqqında geniş məlumat verib. Natiq qeyd edib ki, layihənin keçirilməsində əsas məqsəd müasir psixoloji təhsil metodlarını kənd məktəblərində tədris etmək, şagirdlərin və müəllimlərin yeni psixoloji təhsil metodlarının öyrənilməsinə şərait yaratmaqdan ibarətdir. Əbəs yerə deyilməyib ki, təhsil millətin gələcəyidir. Bu gün bu layihənin həyata keçirilməsi də təsadüfi deyil. Təhsil almaq sağlam düşüncəyə sahib olmaq deməkdir. Əziz şagirdlər hər zaman təhsil almaq çox önəmlidir və siz buna nail olmaq üçün daim çalışmalısınız. Bu gün layihə çərçivəsində sizlərə keçirilən təlim siz şagirdlərin gələcək həyatında böyük dönüş yaradacaq və karyeranızın formalaşmasında stimul verəcəkdir.

Daha sonra Beyləqan Rayon İcra Hakimiyyətinin icra nümayəndəsi Bakir Ağayev, məktəbin direktoru Ramiz Məmmədov layihə haqqında öz fikirlərini bölüşüblər.

Çıxışlardan sonra təlimçi Mürsəl Behbudlu "Məktəbdən başlanan sağlam düşüncə " adlı təlim keçib. İki gün davam edən təlimdə şagirdlər üçün həm nəzəri, həm də praktik tapşırıqlar icra edilib. Təlimin sonunda şagirdlərə layihə çərçivəsində hazırlanmış maarifləndirici kitabça və sertifikatlar təqdim edilib.



Xəbər lenti