Milli Məclisdən Türkiyəyə təşəkkür İran və Avropaya sərt etirazlar

Milli Məclisdən Türkiyəyə təşəkkür İran və Avropaya sərt etirazlar
Deputatlar ATƏT və Avropa İttifaqının siyasətinə qarşı sərt çıxışlar etdilər

Oktyabrın 21-də Milli Məclisin növbəti iclası keçirildi. Spiker Sahibə Qafarova giriş nitqində bir gün əvvəl Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilan Beynəlxalq Hava Limanını açmalarını bütün xalqımızla böyük qürur hissi ilə izlədiyimizi söylədi:

"Xalqlarımız və dövlətlərimiz arasında dostluq əlaqələri bizim ən böyük uğurumuzdur. Oradan verilən əsas mesaj Prezident İlham Əliyevin dediyi kimi, biz gec-tez öz torpaqlarımıza qayıdacağıq. Türkiyə bir daha sübut etdi ki, bu gün də Azərbaycanın yanındadır. 44 günlük savaşda necə siyasi, mənəvi dəstək göstərmişdisə, bərpa prosesində də Azərbaycanın yanındadır. Xalqlarımızın dostluğu və qardaşlığı bizim güc mənbəyimizdir. Zəngilanda verilən mesajlardan biri də o idi ki, biz öz torpaqlarımıza qayıtmışıq, vandalların viran qoyduğu Qarabağı və Şərqi Zəngəzuru çiçəklənən diyara çevirəcəyik”.

Komitə sədri Zahid Oruc çıxışında bildirdi ki, Qərb kontingenti İranın yanlış siyasətinə görə regiona gəldi. Onun sözlərinə görə, Azərbaycana qarşı diplomatik-siyasi təzyiq həlledici mərhələyə daxil olub: "Belə bir vaxtda Ərdoğanın birbaşa Zəngilana, Cəbrayıla gəlməsi, azad torpaqlara köçürülən ən yüksək protokolla Prezident İlham Əliyevlə görüşməsi ölkəmizə edilən hücumlara zərbə vurdu”.

Z.Oruc dedi ki, "Ermənistan ərazilərinin ələ keçirilməsi”ndən danışan Avroparlament, AŞPA və onlarla dövlətin XİN-ləri, qlobal medianın apardığı kampaniyanın üzərinə Avropa Birliyindən Ermənistana 40 nəfərlik hərbi taborun gəlməsi, dünənsə ATƏT-in kəşfiyyat missiyasının İrəvanda mənzillənməsi, 18 oktyabrdan İran ordusunun başlatdığı hərbi təlimlər bütövlükdə regionda silahlı toqquşmalara zəmin hazırlayır: "Qərbin məqsədi Rusiyaya qarşı ikinci cəbhə açmaqdır, Ağdamda yerləşən Rusiya-Türkiyə hərbi mərkəzini bölgədən çıxarıb NATO qüvvələrini sərhəddə yerləşdirməkdir. Lakin Ali Baş Komandan İlham Əliyev Şuşa bəyannaməsini Ermənistana deyil, ölkəmizə və Türkiyəyə təhlükə törədən dövlətlərə qarşı imzalayıb”.

Z.Oruc bildirdi ki, Ermənistana ən yaxşı təhlükəsizlik təminatını Azərbaycan və Türkiyə verə bilər. Əgər onlar avantüraya gedib sülh müqaviləsini imzalamasalar, Ermənistan özü boyda koridora çevriləcək: "Biz İran, Rusiya, Amerika, İsrail və bütün dövlətləri Türkiyə lideri kimi gəlib azad torpaqlarda İlham Əliyevlə sülh və quruculuq müqaviləsi imzalamağa çağırırıq”.

Deputat Fəzail Ağamalı parlamentdəki çıxışında Şərqi Zəngəzurda Türkiyə və Azərbaycan liderlərinin iştirak etdiyi tədbirlərdən danışdı. Bildirdi ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkə başçısı İlham Əliyevlə Zəngilanda hava limanın açılışında iştirakı əhəmiyyətli hadisə idi. F.Ağamalı bildirdi ki, keçirilən tədbirlərdə Türkiyə dövlət başçısı olduqca ciddi mahiyyət kəsb edən açıqlamalar verdi, ATƏT-in, AŞ-nin mahiyyəti üzərində dayandı və 30 ildə viran qalan torpağa onların gəlməməsini qınadı, xüsusi olaraq Azərbaycanla bir yerdə olduğunu vurğuladı. Deputatın sözlərinə görə, bu, onu göstərdi ki, Türkiyə Prezidenti Ərdoğan və Türkiyə xalqı hər zaman Azərbaycanla birlikdədir: "Cənab Ərdoğanın Zəngəzurla bağlı mesajları da əslində bu layihənin əleyhinə olanların qarşısında Türkiyə dövlətinin iradəsinin də olduğunu bir daha bəyan etdi. Bu səfər bir daha göstərdi ki, qardaş Türkiyə xalqı Azərbaycanla birlikdə olacaq. Hər iki dövlətin birgə fəaliyyəti regiona, Türk dünyasına özünün son dərəcə əhəmiyyətli töhfələrini verəcək. Bu, bir daha onu göstərdi ki, 44 günlük müharibədə olduğu kimi, Türkiyə bundan sonra da Azərbaycanın yanında olacaq. Bundan başqa, Ərdoğanın bu tədbirdə iştirakının görüntüsü həm Fransa, həm də İran üçün soyuq duş effekti yaratdı”.

Deputat Azay Quliyev dedi ki, həftənin ən böyük hadisəsi Zəngilanda baş verdi. Zəngilanın işğaldan azad olunduğu gün Hava Limanının açılmasının tarixi əhəmiyyəti var. Azərbaycan və Türkiyə birliyi regionda sülhün və təhlükəsizliyin qarantıdır. O, ATƏT-in qeyri-qanuni olaraq regiona missiya göndərilməsinə etirazını bildirdi. Qeyd etdi ki, ATƏT-in göndərdiyi bu missiya bir neçə dövlətin şəxsi maraqlarından başqa bir şey deyil və Azərbaycan XİN-in mövqeyi tamamilə düzgündür. Deputatın sözlərinə görə, Minsk Qrupundan sonra ATƏT-in belə bir partizanlığa əl atması qəbulolunmazdır: "ATƏT-in qeyri-qanuni olaraq Ermənistana qiymətləndirmə missiyası göndərməsinin heç bir əsası yoxdur. Çünki bu məsələ nə müzakirə olunub, nə də bununla bağlı kollektiv qərar olub. Bu addımın heç bir siyasi təsiri olmayacaq. ATƏT-in Minsk qrupunun bu addımı heç bir halda təşkilatın təməl prinsiplərinə uyğun deyil. Bu çox ölkələr də bu missiyanın əhəmiyyətinin olmadığını qeyd edəcəklər”.

Deputatın sözlərinə görə, Azərbaycanla yanaşı, digər ölkələr də belə bir missiyanın heç bir əhəmiyyətinin olmadığını qeyd edəcəyini güman edir. A.Quliyev Beynəlxalq Ədalət Məhkəməsinin 3 hakiminin Ermənistanın saxta iddialarını dəstəklədiyi halda, 13 hakimin bu iddiaları rədd etməsindən danışdı, bildirdi ki, biz həmin hakimlərə təşəkkür etməliyik.

Komitə sədri Siyavuş Novruzov İranın Azərbaycana qarşı təhdidlərindən danışdı. Bildirdi ki, Arazın kənarında belə təlimlərin keçirilməsi ölkəmizə qarşı təhdiddir və qəbulolunmazdır: "Araz çayını velosipedlə də keçmək olar, ora körpü atmağa nə ehtiyac var? Bu artistliytin heç bir yeri yoxdur və bununla kiməsə hədə-qorxu gəlmək olmaz”.

Deputat İranın anti-Azərbaycan siyasətinin qəbulolunmaz olduğunu bildirdi: "Adını ”Mehdi ordusu" qoyanlar bəs 65 məscid, qəbiristanlıqlar və digər islama aid abidələrin təhqir olunduğu, dağıdıldığı zaman harda idilər? Əgər İmam Mehdinin adından istifadə olunursa, onda Mehdi gələndə gərək elə birinci İrandan başlasın, İranda ədaləti təmin eləsin".


S.Novruzov dedi ki, Zəngilan və Cəbrayılda Türkiyə və Azərbaycan liderlərinin mesajları Azərbaycanın tək olmadığını göstərdi. "Bu, onu göstərir ki, Azərbaycana qarşı hər hansı təhdidə qarşı Azərbaycanın qardaşları, müttəfiqliyi onu dəstəkləyir və dəstəkləyəcək”.

Deputat Razi Nurullayev Heydər Əliyev Fondunun gördüyü işlərdən danışdı: "Hər gün həssas qrupların nümayəndələri ilə görüşürəm. Demək olar ki, əksər insanlar Heydər Əliyev Fonduna müraciət etmək istəyir, hörmətli Mehriban xanım Əliyevaya ümidini bağlayır”.

"Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin birinci oxunuşu zamanı çıxış edən deputat Razi Nurullayev ünvanlı dövlət sosial yardımı haqqında qanundan bəhs etdi. Bildirdi ki, "Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır” bəndi birmənalı olaraq ehtiyacı olan ailələrin bu yardımı almasını əngəlləyir: "Kritik ehtiyacı olan vətəndaş, ailə qonum-qonşunun, qohum-əqrəbanın və icra hakimiyyətlərinin bayram günlərində verdiyi ərzaq zənbilləri ilə dolanmalı olur. Qalan günlər isə icra hakimiyyətlərinin, deputatların və digər dövlət orqanlarının ya qapısını döyür, yaxud da məktub ünvanlayır. O vətəndaşdan, o ailədən tələb olunur ki, özü və ailə üzvləri üçün iş yerindən aldığı əmək haqqı barədə arayış gətirsin. O adam, o ailə işləyirsə yardımı neynir? Bu bəndi antoqonist, humanizmdən kənar bir bənd kimi xarakterizə edərdim”, - deyə R.Nurullayev bildirdi.

Deputatın sözlərinə görə, burada bir incə məqam var ki, qanunun bu bəndi dolanışığı olanların yardım almasına kömək edir, kritik ehtiyacı olanların isə almasını heçə endirir. Deputat dedi ki, hər rayonda və kəndlərində 3-4 min belə kritik ehtiyacı olan şəxslər var: "Onlardan 25-30 faizi lap ağır vəziyyətdədir. Digər tərəfdən də rayonlarda ödənişli sosial işlərin miqyası kəskin şəkildə azaldılır və onlarla, bəzən yüzlərlə insanlar xidmətdən azad olunurlar. Qanuna düzəlişlər edək ki, kritik vəziyyətdə olan kasıblar dövlətin məhz onlar üçün yaratdığı bu imkandan istifadə etsinlər”.

Deputat Elşad Mirbəşir dedi ki, bu gün yenə də Azərbaycana qarşı ədalətsiz davranmaq, təxribatlar törətmək cəhdlərini görməkdəyik: "Avropa İttifaqının Ermənistana göndərilən missiyasının tərkib sayı və onun qalma müddəti ətrafındakı spekulyasiyalar aydın nümayiş etdirir ki, bu missiya sanki ATƏT-in Minsk Qrupunun Azərbaycan üçün heç də məqbul olmayan missiyasını davam etdirmək niyyətindədir”.


Deputat xatırlatdı ki, Rusiyanın vasitəçiliyi ilə Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi üçün artıq platforma var idi: "Bu platforma çərçivəsində müəyyən nəticələrin əldə olunduğu müşahidə edilirdi. Sonradan isə Avropa təşəbbüsləri sanki elə regiona sözügedən missiyaların göndərilməsinə hesablanmışdı. Bu gün görünən yeganə nəticə hələlik bundan ibarətdir. Bu da narahatlıq doğurur”.

Komitə sədri Siyavuş Novruzov növbəti çıxışında maraqlı bir məsələyə diqqət çəkdi. O, Şuşada keçirilən toplantıda Özbəkistandan olan din xadimlərinin Qurban və Ramazan bayramları ilə bağlı təşəbbüsünü dəstəklədi. "Mən də hesab edirəm ki, Qurban və Ramazan bayramları və digər xüsusi dini günlər türkdilli ölkələrin hamısında eyni gündə keçirilsə yaxşı olar”, - Novruzov bildirdi. Deputat dedi ki, türkdilli xalqlar bütün sahələrdə olduğu kimi, dini sahədə də bu addımları həyata keçirməlidir.

Deputat Aydın Hüseynov dedi ki, ölkə vətəndaşlarının bir çoxu yaşadığı ünvan üzrə qeydiyyatda deyil, bu da onun səhiyyə və digər xidmətlərdən istifadəsi üçün çətinlik yaradır: "Buna görə də təklif edirəm ki, vətəndaşların qeydiyyata düşmə prosesi sadələşdirilsin. Elektron şəkildə vətəndaşların yaşadığı yer üzrə qeydiyyata salınması təmin edilsin. Bu, bu gün çox aktual problemdir və həll edilməlidir”.

Deputat Elşən Musayev parlamentdəki müzakirələrdə paytaxtın ən ciddi problemlərindən biri olan tıxac mövzusundan bəhs etdi. "Bizim dənizimiz boş qalıb, dənizimizdən istifadə etməliyik. Sadəcə, 3-4 dayanacaq qurmaq lazımdır”,- deyə E.Musayev dəniz nəqliyyatına diqqət yetirilməsini vacib saydı. Deputat bildirdi ki, ictimai nəqliyyat olaraq Xəzər dənizi istifadə olunmalıdır: "Elə nümunə olaraq, qardaş Türkiyəni göstərə bilərik. Dənizdən nəqliyyat vasitəsi kimi istifadə etsək, tıxac problemi bir az öz həllini tapa bilər. Eyni zamanda velosiped yollarının çəkilməsi ilə bağlı işlər də gücləndirilməlidir”.

E.Musayevə görə, dəniz nəqliyyatını inkişaf etdirmək mümkün olsa, Bakıdan Sumqayıta, yaxud Səbayeldən Günəşliyə rahat gediş-gəlişi təmin etmək mümkün olar. Eyni zamanda qeyd etdi ki, Bakıda velosiped yollarının çəkilməsi işi gücləndirilməlidir və ictimai nəqliyyatdan istifadə təşviq olunmalıdır.

İclasda "Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarıldı. Layihəyə əsasən, diplomatik pasportlara malik Azərbaycan vətəndaşları Əlcəzairə gedərkən viza tələbindən azad olacaq. Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edildi.

Gündəlikdəki digər qanun layihələri də müzakirələrdən sonra qəbul edildi.

Xəbər lenti