Mingəçevir bölgənin enerji habına çevriləcək

Mingəçevir bölgənin enerji habına çevriləcək

Əli Hüseynli

Milli Məclisin deputatı

44 günlük Vətən müharibəsindəki tarixi Qələbədən sonra Azərbaycanda və bütövlükdə Cənubi Qafqaz regionunda yaranmış geosiyasi və iqtisadi reallıqlar ölkənin postmünaqişə dövründəki inkişaf mərhələsinə məhz bu prizmadan yanaşılmasını tələb edir.

Məlum olduğu kimi, 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatın imzalanmasından dərhal sonra Füzulidən Şuşaya qədər uzanan Zəfər yolunun tikintisinə başlamaqla  dinc quruculuq işlərinin yeni mərhələsinə start verildi, azad edilmiş ərazilərdə nəhəng infrastruktur layihələri icra olunmağa başladı. Çox böyük maliyyə tutumlu olmasına baxmayaraq bu proses indi daha böyük vüsətlə davam etdirilir.

Bununla yanaşı cənab İlham Əliyev ölkəmizin digər bölgələrinin inkişafına da böyük diqqət yetirir. Onun bu istiqamətdə imzaladığı fərman və sərəncamları silsilə xarakter daşıyır. Prezidentin sərəncamı ilə təsdiqlənən "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritet”də qarşıdakı dövrün əsas prioritetləri və icra mexanizmi öz əksini tapmışdır. Son illər ərzində sənaye zonalarının, istehsal obyektlərinin yaradılması və fəaliyyətinin təşkili, həmçinin investisiyaların cəlb edilməsi istiqamətində mühüm addımlar atılmışdır.

Fevralın 13-də Bakıda "Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının (İES) təməlqoyma mərasiminin keçirilməsi bir daha onu göstərir ki, ölkə rəhbərliyinin qəbul etdiyi qərarlar Azərbaycanın bütün istiqmətlər üzrə  regionların bərabər templə, stabil, dinamik inkişafını hədəfləyir.

Məlumdur ki, bu müəssisə Mingəçevir şəhərinin ərazisində inşa ediləcəkdir. Onu da qeyd edək ki, Mingəçeviri Azərbaycanın və Qafqazın enerji mərkəzinə çevirən bu il 100 illik yubileyini qeyd edəcəyimiz ulu öndər Heydər Əliyev olmuşdur. Bu baxımdan təməlqoyma mərasiminin məhz "Heydər Əliyev ili”ndə keçirilməsinin bir rəmzi mənası da vardır.  Belə ki, onun təşəbbüsü ilə Mingəçevir şəhərində tikilən "Azərbaycan” İstilik Elektrk Stansiyasının (İES) birinci bloku 1981-ci ildə istismara verilib. Bu stansiya sovet dövründə Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası sayılırdı. Məhz bu İES 1990-cı ilin əvvəllərində Sovet İttifaqının dağılması ərəfəsində müstəqil Azərbaycanın enerji tələbatının böyük hissəsini ödəyirdi. Yeri gəlmişkən, Mingəçevir İES-nın önəmi İkinci Qarabağ müharibəsi zamanı bir daha bəlli oldu.

Bu gün Mingəçevir şəhəri ölkənin ən iri sənaye mərkəzlərindən biridir. Ölkənin 60 faizdən çox elektrik enerjisini istehsal edən "Azərbaycan” İES və SES silsiləsi ilə yanaşı burada ən müxtəlif profilli sənaye müəssisələri faliyyət göstərir. Lakin keçid dövründə elektroenergetika sahəsinə baxımsız yanaşma və İES-nın istismar müddətinin başa çatması əlavə problemlər ortaya çıxarırdı. Buna görə də Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq "Azərbaycan” İES 2020-ci ildə tam yenidən qurularaq istismara verilib. Bununla da stansiya dayanmaq təhlükəsindən xilas edilib, etibarlılıq, səmərəlilik və təhlükəsizlik təmin edilib. Lakin hal-hazırda istismarda olan köhnə nəsil enerji bloklarının faydalı iş əmsalı çox aşağı olduğunu görə onun fəaliyyəti əlavə yanacaq sərfiyyatı və böyük izafi xərclərlə müşayiət olunur. Prezident İlham Əliyevin ötən il imzaladığı müvafiq sərancama əsasən "Azərenerji” ASC tərəfindən burada 1280 meqavat gücündə yeni elektrik stansiyasının tikilməsi barədə qərar da məhz bu səbəbdən irəli gəlir.

Qeyd edək ki, stansiyasının inşasına dünyaca məşhur şirkətlər cəlb olunmuşlar. Layihəyə əsasən, tikintidə İtaliyanın "Ansaldo Energia” və Çinin "Dongfang Electric” şirkətlərinin istehsal etdikləri avadanlıqlardan istifadə olunacaq. Yeni İES Azərbaycanın daxili resursları çərçivəsində inşa ediləcək və ölkəmizin enerji potensialı əhəmiyyətli dərəcədə güclənəcək.

Bu müəssisə, şübhəsiz, Avropanın enerji təhlükəsizliyinə və regionda ekoloji problemlərin həllinə də növbəti töhfə olacaq. Belə ki, Azərbaycan öz tələbatından artıq istehsal etdiyi elektrik enerjisini Avropaya nəql etmək imkanı əldə edəcək. Digər tərəfdən, yüksək səmərə yaradan avadanlıqlardan istifadə və yeni texnologiyaların tətbiqi nəticəsində istehsal prosesində böyük həcmdə yanaca qənaət olunacaq ki, bu da Avropaya ötürülən təbii qazın artırilmasını təmin edəcək. Daha bir üstünlük atmosferə zərərli tullantıların minimuma endirilməsidir. Prezident İlham Əliyev təməlqoyma mərasimindəki çıxışında Azərbaycanın reallaşdırdığı enerji layihələrinin əhəmiyyətini çox yüksək qiymətləndirmişdir: "…Avropanın yeni ehtiyaclarını nəzərə alaraq və keçən il Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış sənədə əsasən, biz Avropa məkanına təbii qazın həcminin artırılmasını təmin edəcəyik… Əminəm ki, biz bütün istiqamətlər üzrə hədəflərə çatacağıq və necə ki, neft və qaz layihələri, eyni qaydada Azərbaycanın elektrik enerjisi də Avropa məkanına çatdırılacaq. Bu məqsədlə keçən ilin dekabr ayında müvafiq anlaşma imzalanmışdır və Azərbaycanın potensialı, o cümlədən yaşıl enerji potensialı Avropa üçün yeni imkanlar açacaqdır”.

2025-ci ildə yeni stansiyanın  istismara verilməsi ilə Mingəçevir şəhəri bölgənin enerji habına çevriləcək. Şübhəsiz, son illər Azərbaycanın ən sürətlə inkişaf edən regionlarından biri kimi Mingəçevir şəhəri bundan sonra daha cəlbedici bir məkan olacaq. Yeni layihənin reallaşması ilə gənclər şəhəri olan Mingəçevirin yeni, müasir və daha dolğun siması formalaşacaq. İnfrastrukturun təkmilləşməsi və yeni iş yerlərinin açılması əhalinin sosial rifahının yüksəlməsinə müsbət təsir göstərəcək, turizm sənayesinin inkişafı üçün münbit şərait  yaranacaq. Bir sözlə, təkcə mingəçevirlilər deyil, resbublikamızın bütün əhalisi yeni layihənin yaratdığı imkanlardan bəhrələnə biləcəkdir.

Xəbər lenti