Mingəçevir icra hakimiyyəti iddialara cavab verdi - RƏSMİ

Mingəçevir icra hakimiyyəti iddialara cavab verdi - RƏSMİ
"Gündəlik Bakı" saytında 29 oktyabr 2021-ci il tarixdə dərc olunmuş "Mingəçevirin icra başçısı İlham İsmayılov Kürün ətrafını "Sədərək Yusif”ə neçəyə satıb ?- ŞOK FAKTLAR” adlı məqaləyə və bu məqaləyə istinadən "Kanal24.az” kanalında yayımlanmış eyniadlı süjetə dair Mingəçevir Şəhər İcra Hakimiyyətinin rəsmi

AÇIQLAMASI

"Gündəlik Bakı" saytında 29 oktyabr 2021-ci il tarixdə dərc olunmuş "Mingəçevirin icra başçısı İlham İsmayılov Kürün ətrafını "Sədərək Yusif”ə neçəyə satıb ?- ŞOK FAKTLAR” adı altında dərc olunmuş materialda Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov barədə həqiqətə uyğun olmayan, kökündən yanlış, şər və böhtan xarakterli məlumatlar yer almışdır.
Məqalənin əvvəlində İlham İsmayılovun İcra Hakimiyyətinin rəsmi saytında verilmiş tərcümeyi halı açıqlanır, onun 10 il İcra Hakimiyyətinin başçısının birinci müavini, ondan əvvəl isə  İqtisadi İnkişaf Nazirliyinin Aran Regional şöbəsinin müdiri olduğu bildirilir ardınca "müəllim İqtisadi inkişaf nazirliyinin Aran Regional şəbəsinə necə rəhbərlik edə bilərdi ?” ritorik sualı ortaya atılaraq güya İlham İsmayılovun həmin vəzifəyə təyin olunması üçün ixtisasının uyğun gəlmədiyinə işarə edilir.
Bildiririk ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Azərbaycan Politexnik İnstitutunun "Sənaye elektronikası mühəndisi” ixtisasını fərqlənmə diplomu ilə bitirib və İİN Aran regional şöbəsinə təyin edilməmişdən əvvəl uzun illər sənaye və idarəetmə sahələrində geniş iş təcrübəsinə malik olub.

Məqalədə iddia olunur ki, güya "İcra başçısı şəhidin xatirəsinə  inşa edilmiş bulağı sökdürüb yerində  market tikdirib”. Bildiririk ki, belə bir hadisə Mingəçevir şəhərində heç bir zaman baş verməyib və kökündən böhtan xarakterli yalan məlumatdır.
 Daha sonra iddia olunur ki, güya İlham İsmayılov Mingəçevir şəhərində özünü yandıraraq intihar etmiş Aprel döyüşlərində  iştirak edən Qarabağ qazisi ilə bağlı məsələnin obyektiv araşdırılmasına imkan vermir.
Bildiririk ki, 2019-cu ilin iyun ayının 28-də Mingəçevir şəhər sakini, keçmiş hərbiçi İmamverdi İsmayılovun şəhər Mərkəzi Xəstəxanasının qarşısında özünü yandıraraq intihar etməsi məsələsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yaradılmış xüsusi komissiya tərəfindən araşdırılıb və araşdırmanın nəticəsi ilə bağlı Agentlik rəsmi məlumat yayıb. Məlumatdan da aydın olur ki, İcra Hakimiyyətinin hadisə ilə heç bir əlaqəsi yoxdur və baş vermiş faciə Respublika Baş prokurorluğu səviyyəsində araşdırılıb. Onu da bildirək ki, özünü yandıraraq intihar etmiş keçmiş hərbiçi İmamverdi İsmayılov qeyd olunduğu kimi, heç də Aprel döyüşlərinin iştirakçısı olmayıb.
Bundan sonra məqalədə qeyd olunur ki, güya "İcra başçısı yaxınlarına məxsus şirkətlər vasitəsilə dövlətin ayırdığı milyonlarla  vəsaiti saxta tenderlər yolu ilə mənimsəyir” və bu böhtanı inandırıcı etmək üçün vurğulanır ki, "Şəhərdəki  tenderlərin çoxunu, icra başçısının qohumuna məxsus  "İaşəçi” MMC udur. 

Bildiririk ki, "İaşəçi” MMC 2009-cu ildə yerli sahibkar Əsgərov Vahid Qurban oğlu tərəfindən təsis edilmiş və çalışdığı sahədə ixtisaslaşmış sahibkarlıq subyektidir. Onun rəhbərinin isə İcra Hakimiyyətinin başçısı ilə heç bir qohumluq əlaqəsi yoxdur. "İaşəçi” MMC qanunvericiliyə uyğun olaraq tender və kotirovka sorğularında iştirak edir və heç də hər dəfə bu tenderlərin qalibi olmur. 2021-ci il üçün kotirovka sorğusuna əsasən uşaq bağçalarına dəftərxana və təsərrüfat mallarının, yumşaq və bərk inventarların, digər maşın və avadanlıqların alınması üçün ayrı-ayrı bəndlər üzrə "İaşəçi” MMC-yə ümumilikdə 164.543.64 manat vəsait ayrılıb. Ayrılmış vəsaitə uyğun bütün lazımi avadanlıqlar vaxtlı-vaxtında alınaraq uşaq bağçalarına təhvil verilib və bu proses qrafikə uyğun davam etdirilir. Əgər, məqalə müəllifləri həmin avadanlıqların həqiqətən alınıb-alınmaması və bağçalara təhvil verilməməsindən narahatdırlarsa İcra Hakimiyyəti müvafiq təhvil-təslim aktlarının sürətini onlara təqdim edə bilər. 
Daha sonra iddia olunur ki, güya İcra Hakimiyyəti bu şirkətə ərzaq məhsullarının alınması üçün  563 min manat pul ayırıb. Məqalə müəlliflərinin diqqətinə çatdırırıq ki, Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 30 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin Nizamnəməsinin 3.2.1-ci maddəsinə əsasən dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması bu cəmiyyət tərəfindən təşkil olunur.
İcra Hakimiyyətinin başçısının sahibkar Yusif Qədimbəyliyə güya Kürün sahilinin satılması kimi yalan iddialara gəldikdə isə bildiririk ki, "DEKA” şirkətinin Kür çayının sahilində ictimai-iaşə obyekti tikilməsinə dair sərəncam 2014-cü ildə verilib.
Məqalədə qeyd edilən digər böhtan isə, güya "İcra Hakimiyyəti uşaq bağçalarında  dezinfeksiya işlərinin görülməsi üçün  dəyəri on minlər olan 2 tender keçirib və pullar silib”. Bildiririk ki, uşaq bağçalarında dezinfeksiya işləri üçün İcra Hakimiyyəti ümumiyyətlə vəsait ayırmır, bu işlər Mingəçevirdə fəaliyyət göstərən Dezinfeksiya Stansiyasının illik büdcəsi hesabına təşkil olunur.
Eyni zamanda məqalədə, İcra başçısının şəhərdə yaxın vaxtlarda 7-8 min iş yerlənin açılacağı ilə bağlı fikirlərinə rişxəndlə yanaşılaraq lağa qoyulur. 
Məlumat üçün bildiririk ki, 21 sentyabr 2016-cı il tarixində Prezident İlham Əliyev Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimində iştirak edərkən qeyd edib ki, "Bu parkın yaradılması Mingəçevir üçün çox böyük əhəmiyyət daşıyır. Deyə bilərəm ki, bu gündən Mingəçevirin yeni inkişaf dövrü başlayır. Bu Sənaye Parkında görüləcək işlər bizim ümumi iqtisadi potensialımızı gücləndirəcək. Burada 9 fabrik yaradılacaq. Bu fabriklərdə işləyənlərin sayı 5-6 minə çatacaq. Bu sənaye parkında görüləcək işlərin həcmi təqribən 150-200 milyon dollar səviyyəsindədir. Yəni, bu, çox böyük investisiya layihəsidir. Bu layihəni icra etdikcə, əminəm ki, yeni təşəbbüslər də ortaya çıxacaq. Çünki bu layihənin şəhərin inkişafına, iş yerlərinin yaradılmasına, ümumiyyətlə, kənd təsərrüfatımızın, sənaye potensialımızın inkişafına çox böyük xeyri olacaq.”  
Qeyd edək ki, Prezident İlham Əliyevin göstərişinə əsasən Mingəçevirdə yeni iş yerlərinin açılması üçün işlər davam etdirilir və yaxın müddətdə şəhər sakinləri bunların əyani şahidi olacaq. 

Məqalədə İcra Hakimiyyətinin Baş memarı Etibar Abdullayev, 47 saylı seçki dairəsinin sədri Oqtay Məmmədov, onun oğlu, İcra Hakimiyyətinin başçısının müavini – Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Fərid Məmmədovun güya İcra Hakimiyyətinin başçısının qohumu olması barədə yer alan fikirlər də tamamilə yalan və böhtandır. Memarlıq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi olan Etibar Abdullayev 2005-ci ildə, uzun illər müxtəlif vəzifələrdə çalışmış Oqtay Məmmədov isə 2009-cu ildə tutduqları vəzifələrə təyin olunublar.  Fərid Məmmədov isə ixtisasça iqtisadçıdır, uzun illər İqtisadiyyat Nazirliyinin Aran regional bölməsində çalışaraq  məsləhətçi vəzifəsindən şöbə müdiri əvəzi vəzifəsinədək yüksəlmiş və bundan sonra İcra Hakimiyyətinin başçısı tərəfindən Müavin – Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri təyin edilmişdir.
Əlavə olaraq xatırladırıq ki, Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanununun 31-ci maddəsinin II bəndinə əsasən, vətəndaş və ya təşkilat barəsində kütləvi informasiya vasitəsində onların hüquqlarına və qanuni mənafelərinə toxunan məlumat dərc edildikdə və ya verildikdə, onların elə həmin kütləvi informasiya vasitəsində cavab dərc etdirməyə və ya cavab verməyə haqqı vardır. Həmin Qanunun 32-ci maddəsində qeyd olunur ki, redaksiya verilmiş cavabları, mənasını təhrif etmədən, lazımi redaktə və ixtisarla dərc və ya elan etməyə borcludur. Təkzibin və cavabın rədd edilməsindən, yaxud onların bu Qanunla müəyyən edilmiş qaydasının pozulmasından Azərbaycan Respublikasının mülki və mülki-prosessual qanunvericiliyinə uyğun şikayət verilə bilər.
Odur ki, qeyd olunanları nəzərə alaraq, adıçəkilən məqaləyə cavab olaraq Mingəçevir Şəhər İcra Hakimiyyətinin mövqeyinin rəhbərlik etdiyiniz saytda olduğu kimi dərc edilməsini Sizdən xahiş edirik.

Xəbər lenti