Minsk qrupuna süni nəfəs vermək cəhdlərinin heç bir nəticəsi olmayacaq - Şərh

Minsk qrupuna süni nəfəs vermək cəhdlərinin heç bir nəticəsi olmayacaq - Şərh
ATƏT-in Minsk qrupu fəaliyyət göstərdiyi dövrdə münaqişənin həlli ilə bağlı hər hansı bir irəliləyişə nail ola bilmədi, əksinə, öz səmərəsiz fəaliyyəti ilə münaqişənin həllinin uzun illər ləngiməsinə səbəb oldu. Bu gün artıq Azərbaycan öz gücü hesabına münaqişəni həll edib. Münaqişə həll edildiyi üçün Minsk qrupu da artıq tarixə çevrilib.

Məsələ ilə bağlı Trend-in sualını cavablandıran Milli Məclisin deputatı Cavid Osmanov bildirib ki, ATƏT-in Minsk qrupunun 30 il ərzində fəaliyyətsizliyi Azərbaycan xalqının gözü qarşısında baş verdi.

"Bu təşkilat öz fəaliyyətsizliyi, qərəzli mövqeyi ilə uzun illər ərzində münaqişənin həllini ləngitdi. Onların məqsədi əslinə münaqişəni həll etmək yox, dondurulmuş münaqişəyə çevirmək idi. İndi isə Minsk qrupuna müəyyən dairələr tərəfindən süni nəfəs verməklə onu diriltməyə cəhd edirlər. Minsk qrupunun 30 illik fəaliyyəti ondan ibarət olub ki, Azərbaycan Ermənistanın işğalçılıq siyasəti ilə barışsın və Azərbaycanın tarixi torpaqlarında ikinci erməni "dövləti” yaratsınlar. Azərbaycan qəti şəkildə buna imkan vermədi. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində öz tarixi torpaqlarını işğaldfan azad etdi və BMT-nin 4 qətnaməsini öz gücü ilə azad etdi”, - deyə deputat qeyd edib.

ATƏT-in Minsk qrupunun əsas vəzifəsi Ermənistanın işğalçılıq siyasətinə son qoyaraq Azərbaycanın tarixi torpaqlarını özünə qaytarmaq kimi müəyyən edilmişdi. "Ancaq çox təəssüf ki, Minsk qrupunun həmsədrləri buna riayət etmədi, tam əksinə, turist kimi bu bölgələrə gəlib getdilər, Ermənistanın Azərbaycan ərazilərində törətdiyi vandalizmə göz yumdular. Bu onu göstərir ki, Minsk qrupu da erməni vandalizminin iştirakçısı olub. Bu gün isə Minsk qrupuna süni səfəs vermək cəhdləri çox utancverici bir haldır. Onlar 30 il ərzində qarşılarına qoyulan vəzifəni icra etmədilərsə, daha doğrusu etmək istəmədilərdə, bu gün hansı üzlə onları diriltməyə çalışırlar?

Artıq Azərbaycan öz torpaqlarını işğaldan azad edib və Minsk qrupu tarixin arxivinə atılıb. Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, artıq münaqişə bitib, bölgədə yeni reallıqlar var və hər kəs bu reallıqla barışmalıdır. Ona görə də Minsk qrupuna süni nəfəs vermək cəhtləri heç bir nəticə göstərməyəcək”, - deyə o əlavə edib.

Milli Məclisin deputatı Elşən Musayev isə Trend-ə açıqlamasında bildirib ki, ATƏT-in Minsk Qrupunu yenidən aktivləşdirmək, diriltmək, dirçəltmək cəhdləri yaxşıya doğru heç nə vəd etmir və edə də bilməz.

"Çünki bu təsisat 30 il ərzində öz üzərinə düşən missiyanı, öhdəlikləri daşıya bilmədi, sadəcə yerində saydı və olduqca uğursuz fəaliyyəti ilə yadda qaldı. Halbuki ortalıqda BMT-nin qətnamələri vardı, beynəlxalq hüquq vardı, Azərbaycanın ədalətli mövqeyi vardı. Əldə bu qədər əsas, sübut varkən nəyəsə nail oldumu, həmin qrup? Nəsə elədimi? Ermənistana açıq şəkildə təzyiq, təpki göstərdimi? Eləmədi. Heç nə eləmədi. Elə ancaq gedib-gəldilər, baxdılar, gördülər. Fəqət mövqe bildirmədilər. Üzdə saxta sülhpərvərlik nümayiş etdirərək prosesi daha da dərinə doğru apardılar.

Nəticədə isə müharibə oldu və Azərbaycan məhz öz gücünə əzəli torpaqlarını işğaldan azad etdi. Müharibə isə ona görə oldu ki, ATƏT-in Minsk Qrupu da daxil bir çox beynəlxalq təşkilatlar həmin 30 il ərzində Ermənistana məlum həqiqəti anlatmadılar ki, işğalçılıq siyasətindən əl çəkmək lazımdır. Ya anlatmadılar, ya da anlatmaq həvəsində olmadılar”, - deyə deputat qeyd edib.

O bildirib ki, indi isə artıq münaqişə bitib. "Qarabağ öz sahibindədir və belə bir məqamda ilk öncə ATƏT-in Minsk qrupunun özü utanıb proseslərə qoşulmamalıdır. Yəni, hansısa dövlət hətta buna cəhd etsə belə ilk öncə özü oturub düşünməlidir ki, mən 30 ildə bir işə yarımadım, bundan sonra ortalıqda var-gəl etmək, məsləhət vermək ayıb olar.

Ona görə də birmənalı şəkildə qeyd etmək istəyirəm: ATƏT-in Minsk Qrupu hazırkı şərtlər daxilində prosesə heç bir fayda verə bilməz. Onların faydalılıq əmsalı sıfıra bərabərdir. Gedib başqa işlərlə məşğul olsunlar. Özlərinə ayrı məşğuliyyət tapsınlar. Biz bu qrupun nağıllarına bələdik. Həmin nağıllardan doymuşuq. Azərbaycan xalqının və dövlətinin belə etibarsız, faydasız vasitəçiyə ehtiyacı yoxdur”, - deyə o qeyd edib./trend

Xəbər lenti