Partiya sədri: Mina xəritələrinin verilməsi məsələsi Azərbaycan Prezidentinin müdrik diplomatiyası nəticəsində ən qısa yolla öz həllini tapdı

Partiya sədri: Mina xəritələrinin verilməsi məsələsi Azərbaycan Prezidentinin müdrik diplomatiyası nəticəsində ən qısa yolla öz həllini tapdı

Ağdamdan sonra Füzuli və Zəngilan ərazisindəki minalarla bağlı xəritələrin də əldə olunması Prezident İlham Əliyevin müdrik və məqsədyönlü siyasətinin məntiqi nəticəsi, ümumilikdə isə Azərbaycan diplomatiyasının növbəti uğurudur.


Bunu Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev deyib.

Partiya sədri bildirib ki, bu uğur iki aspektdə önəmlidir. Birincisi, həmin bölgədə bundan sonra insan itkisi olmayacaq. İkincisi, işğaldan azad olunmuş torpaqlarda quruculuq və yenidənqurma işləri sürətlənəcək.

"Təsəvvür edin ki, təkcə Füzuli və Zəngilanda düşmən 92 min mina basdırıb və bu minaları xəritə olmadan təmizləmək üçün çox böyük zaman lazım idi. Proses bəlkə də illər və ya on illər çəkə bilərdi. Amma dövlətimizin gücü, Prezidentimizin uğurlu siyasəti nəticəsində həmin minaların xüsusi axtarışına gərək qalmadı, həmin zonada mina axtarmaq üçün tələb olunan illərə ehtiyac olmadı. Mina xəritələri artıq bizdədir. Məsələ Prezident İlham Əliyevin müdrik diplomatiyası nəticəsində ən qısa yolla öz həllini tapdı”, - deyə deputat qeyd edib.

O, həmçinin bildirib: "Məlumdur ki, Ağdamdan sonra quruculuq işləri Füzulidə davam etdiriləcək. Eyni zamanda, xüsusi qeyd etmək lazımdır ki, Füzuli şəhəri strateji baxımdan olduqca əhəmiyyətlidir və demək olar bütün yol-nəqliyyat infrastrukturu bu rayonun ərazisindən keçir. Ona görə də mina xəritələrinin əldə olunması çox vacib idi. Artıq əminliklə deyə bilərik ki, növbəti mərhələdə quruculuq və yenidənqurma işlərinin aparılması üçün heç bir maneə yoxdur”.

Deputat qeyd edib ki, dövlətimizin gücü ilə bu gözəl, əbədi və əzəli Azərbaycan torpaqları yenidən abadlaşacaq və dirçələcək.

Xəbər lenti