"Paşinyan Azərbaycanı yola gətirmək üçün Belarusdan istifadə etmək istəyir" - siyasi şərhçi

"Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanın tutarlı əks müqavimətini dayandırmaq və daxili narazılığın qarşısını almaq üçün Belarusa səfər edib".

Bunu "MediaPost"a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Onun fikrincə, Ermənistan hazırda suda boğulduğu üçün saman çöpündən yapışan insana bənzəyir:

"Ermənistan tərəfi çalışır ki, düşdüyü vəziyyətdən çıxa bilsin, ancaq alınmır. Ölkə daxilində hərc-mərclik, narazılıq pik həddədir. Erməni cəmiyyəti Paşinyanın yarıtmaz siyasəti ilə ölkəni bəlalara düçar etdiyini, Azərbaycana qarşı təxribat törətməklə faciənin miqyasını daha da genişləndirdiyini görür. Paşinyan belə bir vəziyyətdə daxili narazılığın qarşısını almaq və Azərbaycanın tutarlı əks müqavimətini dayandırmaq üçün Belarusa səfər edib. O, Azərbaycanı yola gətirmək üçün bu ölkədən istifadə etmək istəyir".

Siyasi şərhçi bildirib ki, hazırda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) Belarus rəhbərlik etdiyinə görə, Ermənistan bu təşkilatın toplanmasını və Azərbaycana qarşı bəyanat verməsini gözləyirdi: "Ancaq təşkilat bu toplantını keçirmədi və Paşinyanın istəyi havada qaldı. Ona görə də Paşinyan Ermənistanı çətin vəziyyətdən çıxarmaq üçün döyüşlərin davam etdiyi bir vaxtda Belarusa getməyə məcbur qaldı. Təbii ki, bu addım da nəticəsiz olacaq. Çünki Belarus Azərbaycan ilə daha sıx əməkdaşlıq edir. Ölkə rəhbəri Aleksandr Lukaşenko bu vaxta kimi Azərbaycanın ərazi bütövlüyünə qarşı olan heç bir addımı dəstəkləməyib, bundan sonra da dəstəkləməyəcək. İki dövlət arasında möhkəm dostluq əlaqələri var. Ona görə də Paşinyanın səfər edib nəyəsə nail olmaq istəyi fiasko ilə nəticələnəcək".

Xəbər lenti