“Paşinyan bölgədəki reallığın mahiyyətini dərk eləmir” MÜSAHİBƏ

“Paşinyan bölgədəki reallığın mahiyyətini dərk eləmir” MÜSAHİBƏ
Elşən Musayev: "Rusiya fərdi təşəbbüslərini ortaya qoysa, sülh üçün faydalı işlər yaranar”

Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayevin "Səs” qəzetinə müsahibəsi

- Elşən müəllim, sizcə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlum olan məsələlərdən başqa hansı təkliflərlə Azərbaycana gəlib?

- Lavrovun Bakıya səfəri haqda məlumatlı olsam da, hələ müzakirə edilən məsələlərin, mövzuların detalları haqda heç bir bilgiyə malik deyiləm. Hər halda yəqin ki, strateji istiqamətlər müzakirə olunacaq və həmin istiqamətlər arasında Qarabağla, sülhlə və ikitərəfli münasibətlərin perspektivi ilə bağlı məsləhətləşmələrin aparılacağı da istisna deyil.

- Əvvəllər Rusiya "Dağlıq Qarabağ” ifadəsini tez-tez səsləndirir və müəyyən bəyanatlarda müraciətlərdə Azərbaycanda mövcud olmayan coğrafi "ərazi”nin adını ifadə edirdi. Sizcə, bundan sonra Rusiya Azərbaycanın tələbləri qarşısında geri çəkiləcəkmi?

- Həmin müraciətlərlə, eyni zamanda xəritələrdə göstərilən, qeyd edilən bəzi yanlışlıqlarla bağlı Azərbaycan tərəfi zaman-zaman öz mövqeyini, iradını bildirib. Əlbəttə ki, inzibati ərazi vahidinin düz göstərilməsi olduqca vacib məsələdir və bu, həm də Azərbaycanın suverenliyinə olan münasibətdir. Güman edirəm, bundan sonra Rusiya tərəfi bu cür mövzularda həssas davranacaq və dövlətimizin mövqeyini nəzərə alacaq. Söhbət burada hansısa geri çəkilmədən və ya irəliləmədən getmir. Burada söhbət faktdan, dəqiqlikdən və ifadənin düzgün işlənməsindən gedir.

- Hələ də 10 noyabr razılaşmasının müəyyən müddəaları Ermənistan tərəfindən yerinə yetirilməyib. Necə düşünürsünüz, Rusiya həmin müddaların yerinə yetirilməsi üçün Ermənistana təzyiqlərini artıra bilərmi?

- Hesab edirəm, Rusiyanın əlində Ermənistana təsir etmək üçün yetərincə rıçaqlar var və həmin rıçaqları Rusiya tərəfi istənilən vaxt aktivləşdirə bilər. Çünki məlum razılaşmada Rusiyanın da iştirakı və təşəbbüsü olub. Paşinyan həmin razılaşmalara qeyd-şərtsiz formada əməl etməlidir, öz imzasına hörmət qoymalıdır, bölgədə sabitliyin bərqərar olması üçün çaba göstərməlidir. Çünki başqa alternativ yoxdur. Təbii, bu istiqamətdə Rusiya da fərdi təşəbbüslərini ortaya qoysa, sülh üçün faydalı işlər görsə, həmin təşəbbüs nəinki Azərbaycan, hətta bütün dünya tərəfindən təqdirəlayiq addım kimi qiymətləndiriləcək. Amma fakt budur ki, Paşinyan hələ də ciddiyyətdən uzaqdır, öz ucuz oyunlarını oynamağa maraqlı kimi görünür və işin, bölgədəki reallığın mahiyyətini dərk eləmir.

- Xankəndidən olan rus icmasının nümayəndələri və eləcə də müəyyən ölkələrdən gəlmiş 44 nəfər əcnəbi şəhərdən çıxarılıb. Bu, nəyin əlamətidir?

- Möhtərəm Prezidentimiz İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında öz gərəkli mesajlarını verdi və sülh üçün tələb olunan şərtləri sadaladı. Həmin tələblərin, şərtlərin içində Vardanyanın və bütün separatçıların Xankəndini təcili şəkildə tərk etməsi ilə bağlı qeyd də vardı. Bildiyim qədər Vardanyan artıq istefa verib və bölgədən uzaqlaşıb. Ümid edək ki, digər separatçılar da oradan tezliklə çıxacaq. Çünki yalnız belə olacağı təqdirdə, ümumi müzakirələr və normal dialoq üçün əlverişli, münbit şərait yarana bilər. O ki qaldı rus icmasının nümayəndələrinin və digər əcnəbilərin Xankəndidən çıxmasına, bu barədə ilk dəfə sizdən eşidirəm. Yəni, mövzu haqda tam məlumatsızam./"Səs” qəzeti

Xəbər lenti