Paşinyan nökər təfəkkürlüdür” MÜSAHİBƏ

Paşinyan nökər təfəkkürlüdür” MÜSAHİBƏ
Millət vəkili Elşən Musayevin "Səs” qəzetinə müsahibəsi

- Elşən müəllim, Ermənistan tərəfi ilin sonunadək Azərbaycanla sülh müqaviləsinin bağlanacağını açıqlayıb. Sizcə, dəfələrlə vədinə əməl etməyən Paşinyan bu açıqlamasını həqiqətən də reallaşdıracaqmı?

- Paşinyan sülh müqaviləsi haqda həmişə danışır. Danışır və sonra danışdıqlarını unudur. Yəni, ortada icraat yoxdur. O da bilirsinizmi niyə yoxdur? Çünki müstəqil insan deyil. Çünki nökər təfəkkürlüdür. Ermənistanın elə bədbəxtliyi də ondadır ki, həmişə kiminsə köləsi olub, əmr qulu olub, yalnız və yalnız qəyyumlarının verdiyi tapşırıqları icra edib. İndi yenə deyir, sülh müqaviləsi bağlanmalıdır və ya bağlanacaq. Görək. Hər halda ilin axırına bir şey qalmayıb. Tezliklə məlum olacaq ki, dediyində qərarlıdır, yoxsa yenə blef edir.

- Ermənistan 2020-ci il 10 noyabr razılaşmasının tələblərini pozduğu halda, yəni riayət etmədiyi halda necə hesab edirsiniz sülh müqaviləsi imzalamaqla onun müddəalarına əməl edəcək?

- Paşinyan 44 günlük müharibədə elə rəzil günə qaldı, elə bir formada məğlubiyyətə uğradı ki, üçtərəfli razılaşmanın imzalanması zamanı heç onu tapa bilmirdilər. Müqaviləni, razılaşmanı da hansı dəlikdən çıxıb imzaladı, məlum deyil. Ona görə sonradan eyforiya yaşadı, üzərinə götürdüyü öhdəliklərdən qaçdı, zaman udmağa çalışdı, təxribatlara əl atdı və vəziyyəti düzəltmək əvəzinə daha da gərginləşdirdi. Əlqərəz, Paşinyan ciddi adam və ciddi siyasətçi deyil. Ondan hər şey gözləmək olar. Amma bir məsələni unutmayaq: Ermənistan və onun rəhbəri özbaşına deyil. Yəni, proseslər, məsələlər onun istəkləri, arzuları ilə həll olmur. Paşinyan sülh müqaviləsini imzalamağa məcbur və məhkumdur! Daha dəqiqi: həmin sülh müqaviləsini imzalamasa, üzərinə götürdüyü öhdəliklərə əməl etməsə o, ilk növbədə, özünü "yandıracaq”, öz dövlətinə ziyan vuracaq, Ermənistanı daha da bədbəxt və rəzil günə qoyacaq. Çünki bir daha deyirəm: alternativ yoxdur. Bölgədə sabitliyin bərqərar olması, münasibətlərin normallaşması həmin sülh müqaviləsindən əhəmiyyətli dərəcədə asılıdır.

- Ermənilər Basarkeçərdə azərbaycanlı qəbirlərini dağıdırlar. Ermənilərin qeyri-insani hərəkətlərinə qarşı beynəlxalq birliyin susqunluğu nə ilə bağlıdır?

- Ermənilər vandaldır. Bu nadanlar bütün dövrlərdə müharibə cinayətləri törədiblər, mülki əhaliyə qarşı amansızlıqlar ediblər və bununla kifayətlənməyərək. hətta dünyadan getmiş insanların, ölülərin ruhunu belə incitməkdən çəkinməyiblər. Qəbirstanlıqlarda törətdikləri vəhşiliklər də buna əyani sübutdur. Ortada fakt var. Daha doğrusu, faktlar var. Üstəlik, bu, hələ bizim bildiklərimiz, aşkara çıxanlardır. Kim bilir, gizlində qalan, üstü açılmayan nə qədər cinayət var. Yəqin, onlar da zamanı gələndə bəlli olacaq, açılacaq və ermənilərin nə qədər vicdansız, hansı miqyasda terrorçu olduqlarını bütün dünya bir daha görəcək. Eyni zamanda, xüsusi vurğulamaq lazımdır ki, ermənilərin törətdikləri cinayətlər ümumən bəşəriyyət, insanlıq əleyhinə cinayətlərdir, misli görünməmiş vandallıq aktlarıdır. Bəs belə olan halda beynəlxalq təşkilatlar niyə susurlar? – Bax, onu anlamıram. Ermənilər daha nə etməli, hansı vəhşiliklərə imza atmalıdırlar ki, həmin təşkilatların səsi çıxsın? Qəbiristanlıq dağıtmaq nə deməkdir? Bundan o tərəfə nəsə varmı? Bundan ötə vəhşilik varmı? Yoxdur! Beynəlxalq Təşkilatlar isə susmağa davam edirlər. Sanki görmürlər. Amma əslində, hamıdan yaxşı görürlər, sadəcə, yəqin səslərini çıxarmaq bu dönəmdə onlara sərf eləmir. Əlqərəz, yanaşma, qiymətləndirmə təəssüf ki, bax budur! Ona görə də Azərbaycan kimsəyə güvənmədən öz işini özü həll etdi, 44 günlük müharibədə məhz öz gücü ilə əzəli torpaqlarına qovuşdu. Bundan sonra da belə olacaq. Bizim öz qüdrətimiz yetərlidir ki, hər şeyin öhdəsindən gələk. Beynəlxalq təşkilatlar isə güman ki, mürgü vurmağa, susmağa, hər şeyi, bütün vəhşilikləri görməzdən keçməyə bundan sonra da davam edəcəklər. Hər zaman olduğu kimi. Zatən onların adəti budur./"Səs” qəzeti

7News.Az

Xəbər lenti