"Praqada növbəti zəfərə, qələbəyə imza atıldı" MÜSAHİBƏ

Millət vəkili Elşən Musayevin "Səs" qəzetinə müsahibəsi

- Elşən müəllim, Praqada keçirilən dördtərəfli görüşdə əldə olunan razılaşmaları növbəti zəfərimiz hesab etmək olarmı?

- Paşinyan indiyə qədər ən az 7-8 dəfə sülhdən, sülh müqaviləsindən danışıb. Hər dəfə də eyni sözləri deyib ki, bu qərarıma və mövqeyimə cavabdehəm. Amma sonra dediyinin tərsini edib. Ya da elətdirilib. Niyə belə deyirəm? Çünki Ermənistan bu günə qədər tarixi boyunca heç bir zaman müstəqil olmayıb, sərbəst qərarlar qəbul etməyib. Müstəqilliyi olmayan dövlətin və onun rəhbərinin isə müstəqil hərəkət etmək gücü, imkanı, təpəri də olmur. Yəni, ciddi siyasətçi dediyini etməlidir. Etməyəcəksə deməməlidir. Bəzən hətta müəyyən ekspertlər tərəfindən belə bir fikir də yürüdülür ki, Paşinyanın sülh ritorikası ictimai rəyin nəbzini öyrənmək, müəyyənləşdirmək üçündür. Amma mən belə düşünmürəm. Ona görə ki, ictimai rəyi başqa yollarla və ya mövzularla da öyrənmək, müəyyənləşdirmək olar. Əlqərəz, Paşinyan hələ sadəcə danışır və söz verir. İcraat isə yoxdur. Praqada keçirilən dördtərəfli görüşdə əldə olunan razılaşmalar onu deməyə əsas verir ki, Paşinyan istəsə də istəməsə də sülh müqaviləsi imzalanacaq. Çünki bu, qaçılmaz bir vacibatdır. Bölgədə sabitliyin təminatı həmin müqavilədən əhəmiyyətli dərəcədə asılıdır.

- Necə hesab edirsiniz, sülh müqaviləsinin imzalanmasından sonra Ermənistan sərhəddə təxribatlarını dayandıracaqmı?

- Sülh müqaviləsindən sonra ciddi problemlərin olacağını düşünmürəm. Erməni təxribatlarının elə əsas məqsədlərindən biri odur ki, mövzu və məzmunu dəyişsinlər, sülh müqaviləsini ertələnsinlər, zaman qazansınlar, yayınsınlar. Amma bacarmayacaqlar! Paşinyan və Ermənistan nə oyun, nə məkrli plan qursa belə sülh müqaviləsini imzalamaqdan yayına bilməyəcək. Törətdikləri bütün təxribatlar isə öz başlarında çatlayacaq. Çünki "Dəmir Yumruq” yerindədir. Hazırda bölgədə hadisələri və gələcək istiqamətləri diktə edən tərəf Azərbaycandır. Bu isə dövlətimizin gücü və cənab Prezident İlham Əliyev tərəfindən yürüdülən məqsədyönlü, düzgün siyasətlə bağlıdır. Əmin olun: biz nə desək o da olacaq. Paşinyanın və Ermənistanın tabe olmaqdan, bizim dediyimizlə razılaşmaqdan başqa çarəsi, alternativi yoxdur.

- Avropa Şurasının dəstəyi və vasitəçiliyi ilə Praqda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalaması barədə ilkin razılaşmanın əldə olunması və hər iki dövlətin bir-birinin ərazi bütövlüyünü tanıdığını bildirməsi nəticə etibarı ilə Rusiyanı qıcıqlandırmayacaq ki?

- Əsas iki dövlət arasındakı münasibətlərdir. Həmin münasibətlər normallaşsa bölgədəki bütün qüvvələr də bu reallıqla barışacaq və hesab edirəm ki, kimsə gərginlik yaratmağa cəhd etməyəcək. Münasibətlərin normallaşması üçün isə sülh müqaviləsi imzalanmalıdır. Eyni zamanda, Ermənistan üçtərəfli razılaşmalarda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir, təxribatlardan əl çəkməlidir, revanşist siyasət yürütməməlidir, reallığı, bölgədəki vəziyyəti düzgün qiymətləndirməlidir./"Səs" qəzeti

Xəbər lenti