Prezident İlham Əliyevin siyasi islahatlar kursu və qanunverici orqan - DEPUTAT YAZIR

Prezident İlham Əliyevin siyasi islahatlar kursu və qanunverici orqan - DEPUTAT YAZIR

7NEW.az Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın yeni yazısını təqdim edirik.)

Prezident İlham Əliyevin VI çağırış Milli Məclisin ilk iclasında tarixi çıxışından 2 il ötür. 2 il öncəki (10 mart 2020-ci il) çıxış islahatlar kursunun davamı qətiyyətini və perspektivini göstərməkdəydi. Zatən növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi islahatları dərinləşdirmək, vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etmək idi. Siyasi sistemin təkmilləşdirilməsi işində bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində formalaşmış Milli Məclisin böyük rola malik olması mühüm faktordur. Biz bunu ötən iki il içində cərəyan edən olaylar fonunda daha yaxından izləməkdə, görə bilməkdəyik. Ötən iki ilin ölkə həyatında fövqəladə önəmli hadisələrlə zənginliyi hər kəsə məlumdur. Pandemiya ortamında davranış, onlayn rejimli fəaliyyət təcrübəsinin tətbiqi, Tovuz Döyüşləri, 44 günlük Vətən Müharibəsi, müharibəsonrası geniş quruculuq, bərpa işlərinin, infrastruktur layihələrinin icrasının başlanması və bütün bunların beynəlxalaq inkası dediklərimizə sübutdur. Parlamentimiz ötən iki il içində, bütün bu məsələlərə öz səlahiyyətləri və üzərində düşən tarixi missiya gərəyi reaksiya verib, müzakirələr aparıb, qanunlar qəbul edib. Yalnız "Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanunun qəbulu, Azərbaycan ilə Türkiyə arasında imzalanmış "Şuşa Bəyannaməsi”nin təsdiqi misalında belə, parlamentimizin, ümumən ölkə ictimai-siyasi həyatının, hüquq sistemimizin necə şərəfli dönəm yaşadığını görmək mümkündür.

Milli Məclisdə 11 siyasi partiya və çoxsaylı bitərəflər təmsil olunur. Özəlliklə müxalifət partiyalarının təmsilçilərinin VI çağırış Milli Məclisin komitələrinin rəhbərliyində təmsil olunması, o cümlədən Məclisin sədr müavini (digər müavin bitərəflərdən olmaqla) seçilməsi siyasi sistemimizi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün özünəxas önəm daşmaqdadır.

Ayrıca, Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması da, şöbənin adından göründüyü kimi, siyasi islahatlar kursunu və Milli Məclislə işi yeni çağırışlara və çağın tələblərinə uyğunlaşdırmağa xidmət edir.

Aydındır ki, siyasi islahatların partiyalararası geniş dialoq aparılmadan həyata keçirilməsi mümkünsüz işdir. Prezident Administrasiyası nümayəndələrinin bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirməsi, genişmiqyaslı islahatlar dövründə siyasi islahatların zəruriliyini aydın ifadə edir.

Əlbəttə, Milli Məclisin bu planda əsas işi qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün gərəkən addımlar atmaqdan ibarətdir. Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulma təlabatını (və bundan irəli gələn perspektiv üstün münasibətləri) vəd edir. Siyasi partiyaların fəaliyyəti üçün çoxpartiyalı sistemin inkişafı adına gərəkli olan bütün alətlər spektri mövcud olmadan yeni dövrün çağırışlarına cavab vermək mümkünsüzdür.

Ölkədə aparılan islahatlar uyğun əməli fəaliyyət sahələrinin hamısını əhatə etməklə həm konseptual həm də struktur xarakteri daşıyır. Məsələn, köklü kadr islahatları aparılır. Gəlin etiraf edək ki, bir sıra yerli icra orqanlarında müşahidə olunan xoşagəlməz mənzərələr yalnız həmin rayonların əhalisini deyil, bütövlükdə xalqımızı qəzəbləndirirdi. "Xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidirlər” – bu sözlər Prezident İlham Əliyevə aiddir. Hələ 2014-cü il, fevralın 5-də Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransdakı çıxışında dövlət başısı deyirdi: "Əminəm ki, növbəti illərdə rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizəmiz daha da gözəl nəticələr verəcəkdir. Bunu deməyə əsas verən görülən işlərdir, aparılan islahatlardır və güclü siyasi iradəmizdir. Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa yer olmamalıdır. Bütün dövlət məmurları bunu eşitsinlər, bilsinlər və elə işləsinlər ki, həmişə dövlət və xalq qarşısında alnıaçıq, üzüağ olsunlar”.

Dövlət başçısının kadr islahatları ilə hədəflənən ilkin nəticələri yaxud məmurlara (kadrlara) tələbləri, onlardan gözlənən əsas prinsipləri sıralamağa çalışaq. Hər bir məmur:

- öz məsuliyyətini dərk etməlidir;

- xalqla bir yerdə olmalı, təvazökar, işgüzar və vətəncanlı olmalıdır;

- rüşvət almamalı, özünü xalqdan üstün tutmamalıdır;

- işlədiyi bölgələrdə, sahələrdə sayğı qazanmalı, Vətənə sədaqətli olmalı, heç bir xarici dairənin təsiri altına düşməməlidir.

Ona görə də, mərkəzi və yerli icra orqanlarında, bütün dövlət qurumlarında təmizləmə işləri aparılıb, zərurət olarsa, bundan sonra da aparılacaqdır.

Beləliklə, islahatların dərinləşməsi prosesi parlamentdən yan keçə bilməzdi. Millət vəkilləri qarşısında böyük vəzifələr dayanır; bu vəzifələr, təbii ki, ilk sırada, qanunvericilik sahəsindəki vəzifələrlə ölçülür. Yəni dəyişən gerçəkliklər yeni, qabaqcıl ruhlu, dərin məzmunlu, çağdaş qanunların hazırlanmasını və qəbulunu zəruri edir. Siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri çox önəmlidir. Biz cənab Prezidentin iki il öncəki çıxışını xatırlayarkən, bir daha vurğulamalıyıq ki, milli dəyərlərimizlə, həmin dəyərlərin qorunması ilə, milli mədəni irsimizlə bağlı qanunvericilik bazası daha da genişləndirilməlidir. İqtisadi islahatların dərinləşməsi işinə töhfə verən qanunların qəbulu da tarixi zəfər qazanmış ölkəmizin haqqı, yeni çağımızın irəli sürdüyü tələbdir.

Unutmamalıyıq ki, Azərbaycan sosial dövlətdir və atılan addımlar da bunu təsdiqləməkdədir. Məsələn, ölkəmizdə şəffaflıqla bağlı gedən proseslər iqtisadi imkanlarımızı gücləndirir, kölgə iqtisadiyyatına qarşı ciddi zərbə vurur.

Təbii ki, Millət vəkili seçildiyi dairədəki problemləri, tendensiyaları və ümumölkə hadisələrinin qanunauyğunluqlarını yaxşı bilməlidir. Millət vəkili fəal olmadan, seçicilərlə daim təmasda olmadan, siyasi-iqtisad islahatlarla ayaqlaşa bilməz.

Parlamentin məsuliyyəti yalnız ali hakimiyyət bölgüsü ilə şərtlənmir, bu, eyni zamanda ümumdünya, bölgə və ölkədaxili proseslərdən irəli gələn məsuliyyəti ifadə edir. Məsələn, Milli Məclisin iqtisadi sahədə görülən işlərlə bağlı rolunun artması dövlət başçısının VI çağırışın ilk iclasındakı çıxışında xüsusi vurğulanmışdı. Belə ki bir tərəfdən seçicilərlə, bir tərəfdən hökumət üzvləri ilə sıx təmas, eləcə də, beynəlxalq münasibətlər sistemindəki məsuliyyətli yeri və rolu qanunvericilik qolunun yerini, rolunu şərtləndirməkdədir.

Bir sözlə, dünyəvilik, demokratizm prinsipləri daha geniş bərqərar olmalı, radikalizmlə mübarizə geniş vüsət qazanmalıdır.

Çünki xalqımız əmin-amanlıq, sabitlik, firəvanlıq, təhlükəsizlik ortamında yaşamaq haqqına sahibdir. Dövlət başçısının dəfələrlə, o cümlədən VI çağırış Milli Məclisin ilk iclasındakı nitqində söylədiyi kimi, əldə etdiyimiz ən böyük uğurlardan biri siyasi sabitlikdir. Bəli, siyasi sabitliyin qorunmasında bütün vətəndaşlar və vətəndaşların səs verib, mandat qazandırdığı Millət vəkilləri fəal iştirak etməlidir.

DÖVLƏTİMİZ VAR OLSUN!

Xəbər lenti