"Qarabağı satanlar Qarabağı geri qaytaranları ittiham edə bilməz" - MÜSAHİBƏ

Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayevin SİA-ya müsahibəsi

- Erməni vandallarının təxribatlarına haqq qazandıran Əli Kərimli, Tofiq Yaqublu, Qubad İbadoğlu və digərləri bununla erməni maraqlarına xidmət etdiklərini demək olar?

- Erməni vandallarının başqa bir tayları da öz içimizdədir, radikal müxalifət cəbhəsində. Əllərinə fürsət düşmüşkən mümkün olan bütün iyrənc vasitələrdən istifadə edərək dövləti, hakimiyyəti vururlar. Namərdcə, bəsitcə, alçaqca. Üstəlik, bu nadanlar ən sentimental, kövrək, həssas mövzular üzərindən də manipulyasiya etməyi bacarırlar. Özlərini axırıncı yola qoyublar. Əli Kərimli adında siyasi mürdəşir (+ ona bənzər qeyriləri) fit verir və özü ağılda qıpçaqlar da qaçır bu vicdanı qısır qalan məxluqun ardınca.

- Əli Kərimli sosial şəbəkələrdə törədilən erməni təxribatı ilə bağlı yanlış informasiyalar paylaşır. Sizcə, o bununla xalqın heysiyyatına toxunduğunu dərk etmir?

- AXCP sədri öz "facebook" statusunda hakimiyyətə sual ünvanlayıb ki, bəs kapitulyasiya olmuşdu, bəs münaqişə bitmişdi, o zaman niyə belə oldu, niyə təxribat baş verdi? – Bu sual həqiqətən debilcə verilmiş bir sualdır. Və ya Əli Kərimli yəqin elə zənn edir ki, kapitulyasiya olanda, kimsə qələbə çalanda düşmən dönüb olur mələk. Ya da təxribatlardan tam sığortalanırsan. Varmı belə şey? Mümkündürmü belə şey? Ağıl varmı səndə, ay Əli Kərimli? Nə danışdığının fərqindəsənmi? Əvvəla, təxribatı biz eləməmişik, ermənilər edib. Yəni, Əli Kərimlinin əzizləri, dostları və doğmaları. Elə bu səbəbdən də AXCP sədri sualı gedib ərk elədiyi ünvana, erməni qardaşlarına versin ki, nə məsələdi? İkincisi, təxribat olanda neynəməli idik? Erməni güllə atırsa, hücuma keçirsə, əvəzində onlara gül-çiçəkmi göndərmək lazım idi, yoxsa nə? Nazirlik də bəyanatında deyir ki, gecə saatlarında düşmənin diversiya qrupunun qəfil hücumu olub. Belə olan halda Əli Kərimli nə təklif edir? Hansı addımlar atılmalı idi? Hər halda həmin diversiya qrupunun üzvlərini öpüb-qucaqlayası deyildik və yeganə yol döyüşmək idi. Azərbaycanın qəhrəman əsgərləri də ən mükəmməl şəkildə döyüşüb, düşmənin cavabını verib, bütün şəhidlərimizin qisası alınıb.

- Təbii ki, heç kim istəməz ki, balalarımız şəhid olsun.

- Haqlısınız kim istəyər ki, cavan-cavan igidlər həyatdan köçsün? Heç kim! Prezident İlham Əliyev 44 günlük müharibədə də canlı itkinin qarşısını almaq üçün hər şey etdi, əsgərlərimizi, qəhrəmanlarımızı qorumaq üçün Dövlət Başçısı və Ali Baş Komandan kimi üzərinə düşən bütün vəzifələri, öhdəlikləri ləyaqətlə yerinə yetirdi. Amma Əli Kərimli elə danışır, sanki bu hakimiyyət, bu iqtidar vecsizdir və şəhidinə, əsgərinə biganədir. Elə deyil axı. Kərimli özü də gözəl bilir ki, proseslərin dərinində hansı mətləblər var, əsas məğz nədir, səbəb nədir. Amma bütün bunları bilə-bilə yenə riyakarlıq edir, acıq çıxır, namərdcə statuslar yazır, monitorun arxasında gizlənir. Və adını da qoyub ana müxalifət. Belə müxalifətçilikmi olar? Olmaz! Çünki bunun adı müxalifətçilik deyil, fürsətcillikdir, nadanlıqdır, vicdansızlıqdır!

- Müxalifətin eyni qarayaxma kampaniyasını aparması onların vahid mərkəzdən idarə olunduqlarını söyləmək olar?

- "Ruh-müxalifətçi” – Arif Hacılı yay yuxusundan ayılıb və birdən yadına düşüb ki, partiya sədridir. Ardınca da ələkçinin qıl verəni obrazında bir-iki cümlə qırıldadıb, status yazıb, hakimiyyətdən izahat tələb edib, hesabat istəyib. Və güman ki, yazıb, sonra yenə yatıb. Nə deyim. Göydən yerə həqiqətən daş enməlidir, kubik ələnməlidir. Çünki Arif də danışır. Üstəlik, yekə-yekə danışır. Ayrıca, hələ də öz başqan kabinetində otura bilmədiyi halda (İsa Qəmbər onu ora buraxmır, özü əyləşir həmin kabinetdə) hakimiyyətdən hesabat istəyir. "Mən də ortalıqda varam” havasına girir. Oysa, adama deyən lazım ki, ay Arif, sən get partiya bileti biznesinlə məşğul ol, pulunu qazan, ana müxalifətçi ola bilməsən də xalaoğlu müxalifətçiliyini elə, ta nə bilim, İsa Qəmbərin "papka”sını daşı. İqtidarı sorğulamaq sənin başının ölçüsündə olan icraat növü deyil axı. Ən nəhayət: Qarabağı satanlar Qarabağı geri qaytaranları ittiham edə bilməz. Heç nədə! – bunu da qulağında sırğa elə, saxla! Hə, bir də unutma: bu dövlət, bu hakimiyyət, bu iqtidar öz əsgərini və torpağını səndən ən az 100 qat daha artıq sevir. Əmin ola bilərsən.

- Xaricdəki "söyüş müxlifət” də daxilimizdəki müxalif ünsürlərə xas fikirlər səsləndirirlər.

- Bəli, Qənimət Zahid Əli Kərimliyə züy tutub. O da öz aləmində vurub-kəsib. Ən əsas sualı isə bu olub ki, görəsən səlahiyyətlilərdən birinin yaxını döyüşdə iştirak edibmi? Həmin suala mən cavab verim: Bəli, edib. Hətta şəhidlik zirvəsinə ucalan da var. Amma biz sizlər kimi əsgəri, vətəndaşı firqələrə ayırmırıq, hakimiyyət və qeyri-hakimiyyət bölgüsü etmirik. Əsas da söhbət vətənin taleyindən gedəndə. Amma illah ki, Qənimət Zahid bu sualı vermək ehtiyacı duyub, o zaman düşünürəm, ilk öncə özünə və lideri Əli Kərimliyə ünvanlanmalı idi ki, övladları haradadır, nə işlə məşğuldur və niyə ölkədən qaçıblar? Cavabı varmı həmin sualın? Yox, əlbət. Ona görə heç olmasa abıra kor olub susmaq lazımdır. Hər şeyi hesablamaq lazımdır. Danışanda azərbaycanlı kimi danışmaq lazımdır. Zatulin kimi yox!


Xəbər lenti