"Qarşıdakı illərdə daha da güclü Azərbaycan görəcəyik" - DEPUTAT

Ötən il şəhid ailələri və müharibə əlillərinə dəstək istiqamətində də önəmli addımlar atılıb. Bu kateqoriyadan olan 1500 ailəyə dövlət tərəfindən mənzillər verilib, 2021-ci ildə isə 3 min mənzil verilmişdi. Bu il də ən azı 1500 mənzil veriləcək. Beləliklə, hələ növbədə duran bu kateqoriyadan olan insanların hamısına dövlət tərəfindən mənzillər veriləcək. Bu rəqəmləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində səsləndirib.
Bu günə qədər 13 min ailənin bu imkanlardan faydalandığını diqqətə çatdıran dövlət başçısı deyib:
"Bu da müharibə yaşamış ölkələr arasında, belə demək mümkündürsə, bir bizim yeniliyimizdir. Çünki bir çox ölkələrdə belə praktika yoxdur. Biz bunu nə üçün edirik? Çünki bu, o ailələr qarşısında bizim mənəvi borcumuzdur və bu borcu imkan daxilində yerinə yetirməyə çalışırıq”.
Məsələyə münasibət bildirən millət vəkili Müşfiq Cəfərov 7NEWS.az-a açıqlamasında qeyd edib ki, sosial siyasətin təməlində vətəndaş rifahının təminatı prinsipi dayanır: "Cənab prezident müsahibəsində də qeyd etdiyi kimi Azərbaycan sosial dövlətdir. Bunun ən bariz nümunəsini pandemiya dövründə və postmüharibə dövründə də şəhid ailələrinə, həmçinin, müharibə veteranlarına və qazilərlə bağlı sosial tədbirlərdir. Sosial-iqtisadi siyasətin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayanması, son 5 ildə vətəndaş rifahının təminatı istiqamətində 4-cü sosial islahat paketinin təsdiqlənməsiylə öz təsdiqini tapır. Həm ermənilər tərəfindən viran qoyulan Qarabağ bərpa edilir, həm ordu quruculuğuna xüsusi diqqət göstərilir,  digər tərəfdən də əhalini rifahının yaxşılaşdırılması üçün həyata keçirilən islahatlar həyata keçirilir. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, qarşıdakı illərdə daha da güclü və dayanıqlı sosial iqtisadi sistemi olan Azərbaycan görəcəyik."

Xəbər lenti