Rusiya və Azərbaycan beynəlxalq terrorçuluğa, ekstremizmə qarşı səylərini birləşdiriblər

Rusiya və Azərbaycan beynəlxalq terrorçuluğa, ekstremizmə qarşı səylərini birləşdiriblər

Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdiriblər.

Bu, Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”də təsbit edilib.

Sənəddə qeyd olunur ki, bu kontekstdə Tərəflər məlumat mübadilə edir və qeyd edilən hüquqazidd fəaliyyətlərin maliyyələşdirilməsi mənbələrinin müəyyən edilməsi və qarşısının alınmasında sıx qarşılıqlı fəaliyyət göstərirlər.

Rusiya Federasiyası və Azərbaycan Respublikası 12 avqust 2018-ci il tarixli Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı razılaşdırılmış etimad tədbirlərinin, mehriban qonşuluq və qarşılıqlı anlaşma mühitinin irəli aparılması da daxil olmaqla Xəzər regionunda təhlükəsizliyin və sabitliyin qorunub saxlanması və möhkəmləndirilməsi, bütün Xəzəryanı dövlətlərin maraqlarına hörmət edilməsi üçün etibarlı hüquqi əsas kimi nəzərdən keçirəcəklər.

Tərəflər Xəzər regionunda əməkdaşlığın inkişafı, Xəzər dənizində sahilyanı dövlətlərin suverenliyinin, suveren və müstəsna hüquqlarının realizəsi, eləcə də onların yurisdiksiyalarının həyata keçirilməsi üçün Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyada nəzərdə tutulmuş bütün fəaliyyət prinsiplərinin vacibliyini təsdiqləyiblər.

Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq öhdəliklərinə və milli qanunvericiliklərinə uyğun olaraq bir Tərəfin fiziki və hüquqi şəxslərinin qanuni haqq və maraqlarının digər Tərəfin ərazisində təmin edilməsi üzrə səmərəli tədbirlər həyata keçirəcəklər.

Xəbər lenti