Separatçılar üçün iki seçim: Ya bayrağın kölgəsi, ya əsgərin silləsi

Separatçılar üçün iki seçim: Ya bayrağın kölgəsi, ya əsgərin silləsi
Nikol Paşinyanın parlamentdəki son açıqlamalrından sonra Ermənistandakı revanşçı dairələr, o cümlədən 44 günlük müharibə zamanı Qarabağdan dovşan kimi qaçan müharibə cinayətkarları vaxtilə Azərbaycanın muxtar inzibati ərazi subyekti kimi mövcud olmuş "Dağlıq Qarabağ Muxtar Vilayəti” ilə bağlı tarixi və hüquqi məqamları təhrif etməklə, rəsmi İrəvanın Alma-Ata Bəyannaməsi ilə ölkəmizin ərazi bütövlüyünü tanıması faktının üzərinə kölgə salmaq istəyirlər. Onların qənaətinə görə, "Dağlıq Qarabağ Muxtar Vilayəti” Azərbaycanin tərkibindən 1988-ci il iyunun 12-də ləğv edilmiş inzibati ərazi subyektinin "xalq deputatları soveti”nin qərarı ilə "çıxdığı” üçün Ermənistanın Alma-Ata Bəyyanaməsi ilə Azərbaycanın ərazi bütövlüyünü tanıması faktı  "DQMV”-yə şamil oluna bilməz. Qeyd edim ki, bəzən baş nazir Paşinyan da daxil olmaqla Ermənistan hökumətinin bəzi nümayəndələri birbaşa olmasa da, yayındırıcı və hiyləgər ifadələrlə eyni yanaşmanı sərgiləməyə çalışırlar. Şübhəsiz ki, bu mülahizələrin və iddiaların heç bir əsası yoxdur və bu qəbildən olan separatçı xülyalar Azərbaycan ərazilərində separatizm hərəkatını başladan, ölkəmizdən iti qovan kimi qovulan, dovşan kimi qaçan müharibə canilərinin, terorçuların, fərarilərin özlərinə təsəlli vermək niyyətindən qaynaqlanır.
Mənzərə aydın olsun deyə, öncə 1991-ci il dekabrın 21-də qəbul edilmiş Alma-Ata Bəyannaməsinə nəzər salaq: 
Bəyannamədə qeyd olunur ki, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukrayna respublikaları...  "bir-birlərinin ərazi bütövlüklərini, mövcud sərhədlərinin toxunulmazlığını tanıyır və hörmət edirlər”. 
Göründüyü kimi, Alma-Ata Bəyannaməsində adıçəkilən dövlətlərin bir-birilərinin, o cümlədən Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü, mövcud sərhədlərinin toxunulmazlığını tanıdığı və hörmət etdiyi imperativ şəkildə vurğulanır. 
Alma-Ata Bəyannaməsində, həmçinin qeyd olunur ki, "Müstəqil Dövlətlər Birliyinin yaranması ilə SSRİ öz mövcudluğuna son verir. Birliyin üzvü olan dövlətlər öz konstitusiyalarındakı prosedurlara uyğun olaraq, keçmiş SSRİ-nin müqavilə və razlaşmalardan doğan beynəlxalq  öhdəliklərinə əməl edəcəklərinə zəmanət verirlər”. Bu o deməkdir ki, SSRİ-nin beynəlxalq hüququn subyekti kimi mövcudluğuna Alma-Ata Bəyyanaməsinin imzlanması ilə son qoyulub və bəyannamə imzalananadək bütün müttəfiq respublikaların ərazisində SSRİ konstitusiyası qüvvədə olub. Eləcə də MDB üzvü olan bütün dövlətlər, o cümlədən Azərbaycan və Ermənistan SSRİ-nin hüquqi varisləridir. Bütün bunları ona görə qeyd edirəm ki, Ermənistanın və Azərbaycan ərazilərindəki separatçıların Alma-Ata Bəyannaməsi imzalananadək, yəni 1991-ci il dekabrın 21-dək qəbul etdikləri SSRİ konstitusiyasına zidd qərarlarının, istisnasız olaraq, heç bir hüquqi qüvvəsinin olmadığı bir daha aydın olsun. 
SSRİ konstitusiyasının 71-ci müddəasında SSRİ-nin təşkil edən bütün müttəfiq respublikarın adları bir-bir sadalanır, 72-ci müddəasında isə qeyd olunur ki, "Hər bir müttəfiq respublikanın SSRİ-nin tərkibindən çıxmaq hüququ saxlanılır”. Bu isə o deməkdir ki, SSRİ-ni yalnız və yalnız müttəfiq respublikalar tərk edə bilərlər.
SSRİ konstitusiyasının 78-ci maddəsində isə qeyd olunur ki, müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməz. Əgər belə bir razılıq olarsa, yenə də SSRİ konstitusiyasına görə, bu, SSRİ Ali Sovetinin qərarı ilə təsdiq olunmalıdır. Məlum olduğu kimi, həmin dövrdə "DQMV”-nin Azərbaycan SSRİ-nin tərkibindən çıxması ilə bağlı Azərbaycan SSR-in razılığı və təbii ki, olmayan "razılığın” SSRİ Ali Soveti tərəfindən təsdiqi də olmayıb. "DQMV”-nin Azərbaycan SSRİ-nin tərkibindən çıxması ilə bağlı qərarı isə 1988-ci il iyulun 13-də Azərbaycan Respublikasının Ali Soveti tərəfindən SSRİ-nin və Azərbaycan SSR-in konstitusiyalarına zidd olduğu üçün ləğv edilib. SSRİ Ali Sovetinin iyulun 18-də qəbul etdiyi qətnamədə qeyd olunur ki, "Azərbaycan SSR Ali Sovetinin qərarının nəticəsi olaraq, DQMV-nin Ermənistana birləşdirilməsi mümkün deyil. SSRİ Ali Sovetinin sözügedən qətnamələrində, SSRİ konstitusiyasının  78-ci və 87-ci müddəalarına istinad olunur. SSRİ konstisiyasının 78-ci müddəasında bildirilir ki, "müttəfiq respublikanın razılığı olmadan onun sərhədlərini dəyişmək mümkün deyil”. 87-ci müddəada isə deyilir ki, "DQMV Azərbaycan Respublikasının tərkibində daxildir”. 
Vəssalam! Edilən və ediləcək hiyləgərliklərin, dedi-qodu xarakterli bəyanatların heç bir faydası yoxdur və Ermənistanın daxili auditoriyasına ünvanlanmış bəyanatlarla, yalnız qondarma iddialarla, saxta tarixlə, darmadağın edilmiş miflərlə, ultramillətçi ideyalarla manqurtlaşdırılmış ermənilərə təsəlli vermək olar. 
Separatçıların isə, Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində bəyan etdiyi kimi iki yolu var: Ya Azərbaycan qanunlarına tabe olacaq, Azərbaycan Respublikasının müvafiq dövlət qurumlarının sözü ilə oturub-duracaq, ya da cəhənnəm olub gedəcəklər. Üçüncü yol isə yoxdur. Üçüncü olan yol deyil, yollamaq, iti qovan kimi qovmaqdır! Ya bayrağın kölgəsi, ya əsgərin silləsi!

Elçin Mirzəbəyli

Xəbər lenti