"“Siyasi partiyalar haqqında” qanun layihəsində dəyişikliklərin edilməsi qaçınılmazdır" - DEPUTAT

"Hazırki dövrdə "Siyasi partiyalar haqqında” qanun layihəsində dəyişikliklərin edilməsi qaçınılmaz bir haldır. Çünki artıq 30 ilə yaxındır ki, bu qanun layihəsində dəyişikliklər edilməyib. Hər bir sahədə, hər bir məsələdə əgər biz müasir tələblərlə ayaqlaşmaq deyiriksə bu məsələdə də yeniliklərə cavab verən addımlar atmalıyıq”. 

Bunu 7NEWS.az-a açıqlamasında deputat Vüqar İskəndərov deyib. 
"Artıq müxalifət cəbhəsi də yeniliklərlə razılaşmalı və "çığır-bağır” salmaqla atılan addımlara mane olmamalıdır. Anlamalıdırlar ki, artıq 2022-ci ildir. Azərbaycan o Azərbaycan deyil, inkişaf etmiş, dünyada sözü sayılıb-seçilən dövlətlərdən biridir. Xalq-iqtidar birliyi var. Bunlar isə hələ də "naftalin qoxusu" verən siyasi platforma ilə, şüarlarla çıxış edir, bəyanatlar verirlər. Bu, çox təəssüf doğurur. "Siyasi partiyalar haqqında” qanun layihəsi Milli Məclisin rəsmi saytında yerləşdirilib və 40-a yaxın partiya artıq təklifini verib. Hətta AXCP-nin səlahiyyətlilərinin nəyi tələb etdikləri, nədən danışdıqları belə bəlli deyil. Çünki bu insanlar heç layihəni oxumayıblar, tanış da deyillər. Yalnız bəhanə lazımdır ki, insanları küçəyə çağırsınlar, onları qabağa verərək arxasında gizlənsinlər. Bunların hər biri qanunaziddir.  İqtidarlı, müxalifətli hər birimiz Azərbaycanın inkişafına çalışmalıyıq. Müxalifətin əsas rolu iqtidarın buraxdığı səhvləri görərək öz təkliflərini verməkdir. İqtidar da öz üzərində güclü müxalifət hiss edərək daha diqqətli çalışmalıdır. Təəssüf edirik ki, "müxalif” dediyimiz bəzi insanlar artıq bu missiyadan çıxıblar. Bu, müxalifətçilik deyil, konkret dövlətə, xalqa düşmənçilikdir. Qarayaxma, mənasız fikirlərlə, köhnəlmiş şüarlarla hakimiyyətə alternativ olmaq, iqtidar-müxalifət olmaq mümkün deyil. Bu gün Azərbaycan bütün sahələrdə inkişaf edən bir ölkədir. Bu inkişaf sürətlə gedir. Xalqın mütləq əksəriyyəti ölkə Prezidenti İlham Əliyevin ətrafındadır. O İlham Əliyev ki bu gün həm də sərkərdə adını daşıyır. Yüz illərlə qələbə dadmayan bir xalqa onun qəhrəman, igid oğulları ilə qələbəni daddırdı. Biz artıq müzəffər xalqıq. Yalnız tərəqqidən, inkişafdan danışırıq. Belə cılız, ucuz məsələlərlə bizi yolumuzdan döndərə bilməyəcklər. Qeyd edim ki, layihə hazırlanarkən Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələr, həmçinin 20-dən artıq ölkənin təcrübəsi öyrənilib, yaxşı təcrübələr nəzərdən keçirilib. Bu isə qanun layihəsinin beynəlxalq prinsiplərinə uyğun olaraq hazırlanmasının göstəricisidir”.

Xəbər lenti