“Siyasi partiyalar haqqında” yeni qanun – dövrün tələblərinə ilk münasibətlər

“Siyasi partiyalar haqqında” yeni qanun – dövrün tələblərinə ilk münasibətlər
Azərbaycanda "Siyasi partiyalar haqqında” yeni qanun qəbul edildi. İndiyədək layihə variantında ictimai müzakirələrdən keçmiş qanun mütərəqqiliyi, dövrün, zamanın tələblərindən irəli gəlməsi ilə diqqət çəkir. Layihənin hazırlanmasında Avropanın qabaqcıl ölkələrinin təcrübəsi, milli-mənəvi dəyərlərin qorunub saxlanması, ölkədə mövcud olan siyasi sistem nəzərə alınıb. Sənədin hazırlanmasında, həmçinin, Avropa Şurasının Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi ilə bağlı tövsiyələri də nəzərdən keçirilib. 

Böyük ictimai əhəmiyyət daşıyan yeni qanun layihəsinin hazırlanmasına həssas yanaşılıb. Yada salaq ki, Milli Məclisin Sədri Sahibə Qafarovanın bununla bağlı müvafiq tapşırığı da olmuşdu. Tapşırığa əsasən layihə üzərində iş aparılarkən, əlaqədar ekspert komissiyası yaradılmış, komissiya tərəfindən 20 ölkənin bu sahədəki təcrübəsi öyrənilmişdi. Bununla yanaşı, ölkəmizdəki siyasi partiyalar tərəfindən daxil olan təkliflərə də diqqət yetirilmişdi. Ümumən Milli Məclisin qanunla bağlı siyasi partiyalara müraciətindən  sonra 47 siyasi partiyadan 250-dən çox təklif daxil olmuşdu.

Qeyd edək ki, Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli qanunun parlamentdə bu il oktyabr ayının 24-də keçirilmiş ictimai müzakirəsində ötən illər ərzində qonşu ölkələrdə də siyasi partiyalarla bağlı qanunvericiliyin dəyişdiyini diqqətə çatdıraraq bildirmişdi ki, sənəddə siyasi partiyaların maliyyələşdirilməsi ilə bağlı maddə dəyişib. O, siyasi partiya anlayışının, partiyaların təsis edilməsi, maliyyələşməsi və sair bu kimi məsələlərin qanunvericilikdə konkret şəkildə göstərilməli olduğuna diqqət çəkmişdi. Vitse-spiker siyasi partiyalara məhdudiyyətlərin qoyulması məsələsinin bütün ölkələrdə dilemma yaratdığını, demokratik cəmiyyət üçün məhdudiyyətlərin Avropa İnsan Haqları Konvensiyasının müvafiq müddəalarında da əksini tapdığını vurğulamış və buna uyğun olaraq, yeni qanun layihəsində də məhdudiyyətlərin mövcudluğunu bildirmişdi.

Qeyd edək ki, siyasi partiyalar haqqında indiyədək olan qanun ­1992-ci ilin iyununda qəbul edilmişdi. Sonrakı illərdə ona müəyyən dəyişikliklər edilsə də, müasir dövrümüzlə ayaqlaşmaq üçün, məsələyə kompleks baxışın ortaya qoyulması vacib idi. Ölkəmizdəki bir çox siyasi ekspertlərin yekdil fikri bundan ibarətdir ki, yeni dövlət sənədi bu baxışın ifadəsi baxımından kifayət qədər əlverişli məzmuna malikdir.

Yeni qanunda siyasi partiyanın necə təsis edilməsi, reyestrdə onlarla bağlı hansı məlumatların olması, partiya fəaliyyəti üçün tələblər, habelə siyasi partiyaların fəaliyyətinə nəzarət mexanizmləri, partiya üzvlüyünə məhdudiyyətlər, partiyaların rəmzlərinin müəyyənləşməsi, onların  maliyyələşməsinin təşkili, qeydə alınmayan və ya qeydiyyatı ləğv edilən siyasi partiyanın fəaliyyətinin nədən ibarət ola biləcəyinə və sair məsələlərə dair məqamlar yer alıb.

Bəs, "Siyasi partiyalar haqqında” yeni qanuna ölkəmizdəki siyasi partiya təmsilçilərinin münasibəti necədir, qanundan hansı gözləntilər var, bütün bunlara aydınlıq gətirmək üçün onlara üz tutduq.

Hikmət BABAOĞLU,
Yeni Azərbaycan Partiyasının təmsilçisi:

– Siyasi partiyalar haqqında yeni qanunun qəbul edilməsi siyasi sistemimizin  özünün sifarişindən irəli gəlirdi. Ona görə də qanunverici orqan olan Milli Məclisdə təmsil olunan 11 siyasi partiyanın bu barədə təşəbbüsü dərhal təqdirlə qarşılandı və nəticədə, bugünkü siyasi münasibətlərimizin tələblərinə uyğun olan yeni qanun layihəsi ərsəyə gəldi. Yeni qanunun qəbul edilməsini zəruri edən səbəblərə gəldikdə isə bunlardan birincisi ölkəmizdə aparılan dərin siyasi islahatlar idi. Digər səbəblərə gəldikdə isə nəzərə almaq lazımdır ki, siyasi partiyalar haqqında əvvəlki qanun 1992-ci ildə qəbul edildiyi üçün günümüzün reallıqları və siyasi sistemimizin inkişafı ilə ayaqlaşmırdı.

Əsas məsələlərdən biri isə ondan ibarət idi ki, 1990-cı illərdə siyasi sistemimiz Qarabağ problemi və onun həlli yollarının axtarışları kontekstində formalaşmışdı. Bu gün isə ərazi bütövlüyümüz bərpa edilib, Qarabağ problemi aradan qaldırılıb və bu tarixi proses nəticəsində cəmiyyətimizdə 44 günlük müharibədən sonra yeni siyasi konfiqurasiya yaranıb. Bütün bunlar siyasi fəaliyyət və məqsədlər baxımından paradiqmal  dəyişikliklərdir və şübhəsiz ki, yeni qanun da bunları əhatə edəcək qədər təkmil, ictimai-siyasi dəstək baxımından da kütləvi olmalı idi. Ona görə də Milli Məclisdə qəbul edilən yeni qanun daxili siyasi aktorlarımızın, siyasi partiyaların, vətəndaş cəmiyyəti institutlarının geniş müzakirəsinə təqdim edildi, 200-ə qədər əlavə və dəyişikliklər edilərək təkmilləşdirildi və eyni zamanda, 20-dən çox ölkənin müvafiq qanunları ilə müqayisəli təhlil edilərək, beynəlxalq təcrübə ilə zənginləşdirilərək cilalandı. Nəticədə yeni reallıqda siyasi sistemimizdə milli maraqlarımız baxımından səmərəli nəticələrə gətirib çıxara biləcək bir qanun layihəsi ortaya çıxdı.

Hazırkı mərhələdə ölkəmizin yaratdığı yeni siyasi reallıqlar bütün aparıcı milli institutlarımız, ən əsası isə siyasi partiyalarımız qarşısında yeni vəzifələr və çağırışlar müəyyənləşdirib. Ona görə də siyasi partiyalar haqqında qanun da bu çağırışların və vəzifələrin reallaşmasına hüquqi əsaslar yaratmalı idi. Yeni qanun da  siyasi sitemimizdə yeni keyfiyyət dəyişikliyi yaradacaq qədər təkmildir.

Elşən MUSAYEV,
Demokratik Maarifçilik Partiyasının sədri:

– "Siyasi partiyalar haqqında” yeni qanun layihəsi parlamentin plenar iclasında yekdilliklə qəbul olundu. Əlbətdə, gözlənti, proqnoz da bu idi ki, bir neçə ictimai dinləmə mərhələsindən, eyni zamanda parlament komitələrinin müzakirəsindən sonra heç bir sual qalmayacaq və qanun layihəsi millət vəkilləri tərəfindən dəstəklənəcək. Belə də oldu.

Bu qanun siyasi spektrdə böyük canlanma yaradacaq və ölkədə mövcud olan siyasi partiyaların fəaliyyəti üçün əsl lokomotiv rolunu oynayacaq. İndiyə qədər mövcud olan qanun, təxminən, 30 il bundan öncə qəbul edilib. Dövr də,  siyasi münasibətlərin formatı da dəyişib. Siyasi konfiqurasiya və ümumilikdə siyasi partiyaların fəlsəfəsi dəyişib. Həmin dəyişikliklərin fonunda isə təbii olaraq yeni qanunun qəbul edilməsi zərurəti də yarandı.

Bildiyiniz kimi ilk olaraq parlamentdə təmsil olunan siyasi partiyalar yeni qanun layihəsinin hazırlanması təklifi ilə Milli Məclisə müraciət ünvanladılar. Layihənin hazırlanması zamanı, demək olar ki, Azərbaycanda fəaliyyət göstərən bütün siyasi partiyalar öz təkliflərini verdilər. Həmin təkliflərin əksəriyyəti nəzərə alındı, dəyərləndirildi. Konkret olaraq rəhbərlik etdiyim partiyanın təkliflərinə gəlincə isə söyləməliyəm ki, Demokratik Maarifçilik Partiyasının 3 təklifi olub  və hamısı yeni qanun layihəsində öz əksini tapıb.

Bilirsiniz ki, qanun layihəsi ilkin variantdan sonra çox dəyişdi və bu dəyişikliklərin əsas səbəbi  partiyaların fikirlərinin nəzərə alınması idi. Partiyanın təsis olunması üçün tələb olunan üzv sayının iki dəfə azaldılması, təsisçi sayının yeni təkliflərə uyğun dəyişdirilməsi, seçkidə iştirak etməməklə bağlı partiyanın ləğvini nəzərdə tutan müddəanın, ümumiyyətlə, layihədən çıxarılması və s. məsələlər dediyim qəbildəndir. Yəni, bütün imkanlar səfərbər olundu ki, qanun nəticə etibarilə mükəmməl alınsın. Layihə üçüncü oxunuşdan da keçdi.

Siyasi partiyalar siyasi sistemin əsas güzgüsüdür. Həqiqətən, çox sevindirici haldır ki, siyasi partiyaların fəaliyyətinə geniş imkanlar yaradacaq yeni qanun qısa müddətdə hazırlandı və parlament tərəfindən qəbul edildi. Üstəlik, yeni qanunun siyasi partiyaların nüfuzunun yüksəlməsinə də ciddi şəkildə təsir ­edəcəyinə inanıram.

Yeni qanun eyni zamanda siyasi qüvvələr arasında faydalı və mövcud siyasi konfiqurasiyanın ahənginə uyğun olan şəffaf münasibətlərin formalaşması üçün də zəmin yaradacaq. Prezident Administrasiyasında müvafiq şöbə yaranandan sonra siyasi partiyalara münasibətdə yaxşıya doğru çox ciddi dəyişikliklər var. Hamının arzuladığı qanun, nəhayət, qəbul edildi və siyasi partiyaların fəaliyyətində faydalı rolunu oynayacaq.    

Razi NURULLAYEV,
 Azərbaycan Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı:

– "Siyasi partiyalar haqqında qanun”  yeni çağırışlara cavab verir və siyasi partiyaların fəaliyyətini əngəlləmir. Neçə illərdir qanunun dəyişdirilməsini tələb edirdik. Mitinqlərdə belə bu tələb tez-tez səslənirdi. Qanunun dəyişməsi labüd və lazım idi. Onu da nəzərə alaq ki, son zamanlar siyasi partiyalarla iqtidar arasında dialoq mühiti yaranıb və nəticədə birincilərin qərarvermə məsələlərinə təsiri yüksəlib.

Təəssüf edirəm ki, ayrı-ayrı siyasi qurumlar və şəxslər bu qanunun üzərinə kölgə salmaq istəyir. Digər tərəfdən, ölkəmiz qarşısında nəzərə alınması vacib ciddi çağırışlar var. Eyni zamanda, partiyaların maliyyələşməsinə müasir yanaşmaların da diqqətə alınması vacibdir. Çünki bu, partiyalara stimul verəcək.

Qanun Milli Məclisdə ictimai müzakirəyə də çıxarılıb. Tədbirdə 40-a yaxın siyasi partiya rəhbəri, 20-yə yaxın deputat və parlamentin iki vitse-spikeri iştirak edib.  Bu, özlüyündə çox vacib bir məqamdır. Orada iştirak edən partiyaların çoxu heç Milli Məclisin binasında olmamışdı. Çox ciddi, dinamik müzakirə getdi. Sərt tənqidlər səsləndirildi, çox xoş sözlər deyildi, təkliflər verildi. Bu müzakirə, həm də Azərbaycanda siyasi plüralizmin inkişafına dəstək vermiş oldu  və siyasi partiyalar arasında fikir formalaşdırdı ki, doğrudan da, Azərbaycanda müsbət siyasi proseslər gedir. Bu qanun siyasi proseslərin daha da dərinləşməsinə vətandaşların onlara qoşulmalarına şərait yaradır.

Fərəc QULİYEV,
Milli Dirçəliş Partiyasının sədri:

– "Siyasi partiyalar haqqında Qanun”un qəbulu Azərbaycanın siyasi həyatında çox mühüm hadisədir. Bu sənəd siyasi palitrada münasibətlərin aydınlaşmasına, siyasi partiyaların gücünün birləşməsinə, cəmiyyətdə təmərküzləşmənin getməsinə, eyni zamanda, düşüncəsi cəmiyyət tərəfindən qəbul olunacaq siyasi qüvvənin üzə çıxarılmasına münbit şərait yaradır. Əslində, mən bu  qanun qəbul ediləndə partilayarın ləğv olunması reallığına bir müddət etraz etdim. Söhbət ondan gedir ki, bir partiya yaranırsa, o, hakmiyyət uğrunda mübarizə aparır. Əgər o partiya seçkilərdə iştirak etmirsə, onda belə çıxır ki, başqa yolla hakimiyyətə gəlmək istəyir. Bu mənada, seçkilərdə iştirak etməyən partiyaların qeydiyyatının ləğvi müddəası doğrudur. İndi bunun üzərindən keçdilər. Hazırda qanun yeni yaradılan partiyaların formalaşmasına imkan verir. Bu, hakimiyyətin siyasi mühitin normallaşmasında, rəqabətin aparılması üçün münbit şəraitin yaradılmasında maraqlı olduğunun göstəricisidir.

Bu qanun qarışıq seçki perspektivi üçün də normal yanaşma sayıla bilər. Sənəd həmin perspektiv daxilində partiyaların gücünü səmərəli şəkildə ortaya çıxaracaq ki, bu da daha münasib vəziyyət doğuracaqdır.

Say məsələsində mübahisəli fikir söyləyənlər var idi. Fikrimcə, kiçik partiyalar, ortaq düşüncələri, nizamnamələri, məramları varsa, bir yerdə çalışa bilərlər. Reallıq budur ki, siyasi partiyaların cəmiyyətə kifayət qədər təsir imkanları olmalıdır. Rayonların əksəriyyətində, bəlkə 90-95 faizində yerli şöbələr olmalıdır. Bunlar çox vacib məsələlərdir. Yəni, siyasi məsələlərə diqqət dərnək, qeyri-hökumət təşkilatı səviyyəsində göstərilən diqqət kimi olmamalıdır. Hakimiyyətə gəlmək, bir düşüncəni iş başına gətirmək məqsədli cəhdlər cəmiyyətin ciddi dəstəyinə arxalanmalıdır. Bununla bağlı müzakirələr getdi, həmçinin, ictimai müzakirələr də oldu, partiyaların fikirləri dinlənildi, təkliflər nəzərə alındı.

Nəzərə alaq ki, əvvəlki qanunda, təqribən, 70-dək dəyişikliklər olmuş, qeyri-normal vəziyyət yaranmışdı. Hesab edirəm ki, bu qanun bütövlükdə normaldır. Oradakı müddəalar gələcəkdə siyasi partiyaların əhəmiyyətinin artması, onların ictimai rəyə təsir imkanlarının güclənməsi üçün əhəmiyyətli rol oynayacaqdır.

Hesab edirəm ki, Azərbaycanda ­Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasi islahatların əsas hərəkətverici qüvvəsi Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericik hakimiyyəti ilə əlaqələr şöbəsidir. Ona Ədalət Vəliyev kimi uğurlu rəhbərin başçılıq etməsi ilə mövcud fəaliyyəti sürətləndi, siyasi partiyalar arasında dialoq mühiti yarandı, cəmiyyətdə milli maraqlar naminə hər kəs əlini daşın altına qoymağa başladı. Deməli, hakimiyyət düşünür ki, güclü siyasi partiyalar ölkənin gücünü ehtiva edəcək. Buna görə biz də mövcud istiqamətdəki addımları dəstəkləməkdə davam edəcəyik.

Abutalıb SƏMƏDOV,
Azərbaycan Naminə Alyans ­Partiyasının  sədri:

– Siyasi partiyalar müstəqilliyə təzəcə qədəm qoymuş dövlətlərin formalaşmasında, inkişafında mühüm rol oynayan qurumlardır. Güclü strukturları, mərkəzi aparatı, kadr bazası, maliyyə imkanları olmayan siyasi partiyaların öhdələrinə düşən vəzifələrin icrasını təmin etməsi mümkünsüzdür. Məhz bu səbəbdən Azərbaycan Prezidenti cənab İlham Əliyev son illər respublikada fəaliyyət göstərən siyasi təşkilatların güclənməsinə xidmət edən ardıcıl addımlar atır. Prezident Administrasiyasında siyasi partiyalarla iş şöbəsinin yaradılması, siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsi, onların böyük əksəriyyətinin qərargahlarla təmin olunması, Milli Məclisin və onun komitələrinin  rəhbərliyində müxalif siyasi partiya nümayəndələrinin təmsilçiliyi bu istiqamətdə atılan mühüm addımlardan sayılmalıdır.

Bu baxımdan, "Siyasi partiyalar haqqında Qanun”un Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların inkişafına töhfə verəcəyi şübhə doğurmur. Qanun partiyaların təmərküzləşməsinə şərait yaradacaq və yaxın zamanlarda bir neçə güclü partiyanın ortaya çıxmasına imkan verəcəkdir. Açıq etiraf etmək lazımdır ki, qanunun qəbulundan sonra kiçik partiyaların siyasi arenada qalması xeyli çətin olacaqdır. "Kiçik olsun, mənim olsun” düşüncəsi ilə partiya yaradan və rəhbərlik etdiyi partiyadan yalnız özünün reklamı üçün istifadə etməyə çalışan siyasilər yanaşmalarını dəyişmək məcburiyyətində qalacaqlar. Onlar da, nəhayət, anlamaq məcburiyyətindədirlər ki, güclü kadr bazası, yerli strukturları olmayan partiyalar dövlətə və xalqa tələb olunan qədər xeyir verə bilməzlər. Unutmaq olmaz ki, bu gün müxalifətdə olan partiyalar nə vaxtsa hakimiyyətə gəlməyə namizəd olan siyasi qurumlardır. Bu səbəbdən hər bir siyasi partiyanın müxtəlif sahələr üzrə proqramları və təbii ki, bu proqramları hazırlayan və onların icrasını təmin edən kadr bazası olmalıdır. Siyasi partiya hakimiyyətə gəldikdən sonra kadr axtarışına çıxmamalı, əvvəlcədən zəruri hazırlıqlarını görməli, hakimiyyət yükünü öz üzərinə götürməyə hazır olmalıdır.

Çox təəssüf ki, bu gün Azərbaycanda Yeni Azərbaycan Partiyasından başqa hakimiyyət yükünün, hakimiyyət məsuliyyətinin altına girməyə qadir olan siyasi partiya yoxdur. "Siyasi partiyalar haqqında” yeni qanunun qəbulu, ilk növbədə, hakimiyyətin bu vəziyyətdən keçirdiyi narahatlıqla bağlıdır. Ümid edirik ki, qanunun qəbulundan sonra partiyaların birləşməsi istiqamətində ciddi fəaliyyət başlayacaq. Qarşıdan gələn bələdiyyə, parlament və prezident seçkiləri ərəfəsində Azərbaycanda bir neçə ciddi siyasi partiya formalaşacaq. Son nəticədə qazanan isə dövlətimiz, xalqımız və cəmiyyət həyatında samballı çəkisi olan siyasi partiyalar olacaq.

Elxan ŞÜKÜRLÜ,
Ədalət Partiyası sədrinin müavini:

– Siyasi partiyalar hakimiyyət uğrunda mübarizə aparan əsas institutlar olaraq, ölkənin siyasi sistemində ən mühüm həlqəni təşkil edirlər. Bu baxımdan, əgər biz ölkənin siyasi sistemində yeni dövrün reallıqlarına uyğun fundamental islahatlar aparmaq istəyiriksə, ilk növbədə, bunun hüquqi bazasını, mexanizmlərini yaratmalıyıq. "Siyasi partiylar haqqında” yeni qanunun hazırlanması və qəbulu daha çox bu ehtiyacdan qaynaqlanır. Konkret desək, bu, yeni dövrün tələbidir, zərurətdir.

Hazırda ölkədə 60-a yaxın siyasi partiyanın mövcud olduğu bildirilsə də, reallıqda bu partiyaların əksəriyyətinin yalnız adları və qeydiyyat şəhadətnamələri, illərdir dəyişməyən sədrləri var, aydın məram, proqram və ideoloji xətləri, daxili rəqabət potensialları, geniş və hazırlıqlı kadr bazası, praktik fəaliyyətləri isə yoxdur. Təbii ki, bu formallığın nəticəsi olaraq da, cəmiyyətə ciddi təsir imkanlarını itiriblər. Sanki, kimlərsə bu partiyaları ya imic naminə, ya da hansısa "kritik dövr” üçün və gərəkli anda siyasi təzyiq aləti kimi istifadə etmək məqsədiylə yaradıb. Onları ehtiyatda saxlayır ki, bu da bütövlükdə partiyalılıq institutunun, partiya anlayışının özünü tamamilə hörmətdən, nüfuzdan salır...

Qısa desək, illərdir mövcud sektorda çox böyük nizamsızlıq, süstlük, məsuliyyətsizlik və hərc-mərclik mövcuddur və belə bir şəraitdə hər hansı effektli siyasi islahat aparmaq, yeni münasibətlərə keçid etmək mümkün deyil.

Yeni qanun isə, hər şeydən əvvəl, bu hərc-mərcliyi, dağınıqlığı, süstlüyü və məsuliyyətsizliyi aradan qaldırmağa, siyasi partiyalarda məsuliyyət hissini, gücü və nüfuzu artırmağa, onlar arasında təmərküzləşmə meyillərini sürətləndirməyə, bir növ, bu sektorda gələcək islahatlar üçün ölkənin milli maraqlarına uyğun şəkildə nizam, sabit və möhkəm özül yaratmağa hesablanıb.  Bəzi tələblərin sərtləşdirilməsi də bunula bağlıdır.

Baxın, bu qanunun qəbulunun əleyhinə hazırda ən çox o partiya, təşkilat və şəxslər çıxırlar ki, ya vaxtilə hansısa resurslar hesabına "populyar siyasi təşkilat” kimi tanınıblar, indi isə real gücləri və cəmiyyətdən dəstəkləri yoxdur, davamlı və şəffaf rəqabətə, yeni münasibətlərə keçidə hazır deyillər, ya da hansısa çirkli kapital sahibi olan oliqarxın və yaxud xarici gücün maraq təmsilçisidirlər.

Yeni qanun siyasi partiyaların fəaliyyətində şəffaflığı və açıqlığı təmin etməklə, eyni zamanda, onlara cəmiyyətin və dövlətin nəzarət imkanlarını artırır ki, bu da indiyədək qeyri-şəffaf və nizamsız fəaliyyət göstərənləri, missiyası yalnız dövlətə və ya hakimiyyətə qarşı hansısa güclərin əlində siyasi təzyiq aləti kimi çıxış etmək olanları qane etmir.

Mən əminəm ki, yeni qanun, hər şeydən əvvəl, ölkənin milli təhlükəsizliyinə siyasi partiyalar vasitəsiylə müdaxilə imkanlarının qarşısını kəsməklə, onların fəaliyyətinin şəffaflaşdırılmasına, eyni sosial bazanı və ideyanı bölüşən sağlam təşkilatların təmərküzləşməsinə, məsuliyyət, güc və nüfuzlarının artmasına, çevik siyasi institutlar kimi ölkənin siyasi həyatında aktiv və effektiv iştiraklarına gətirib çıxaracaq.

Xəbər lenti