Sosial siyasət dövlət siyasətinin əsas prioritet istiqamətidir - DEPUTAT

Sosial siyasət dövlət siyasətinin əsas prioritet istiqamətidir - DEPUTAT
"Azərbaycan vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması dövlət siyasətinin əsas prioritetlərindən birini təşkil edir. Bu istiqamətdə ardıcıl olaraq müvafiq addımlar atılır, qərarlar qəbul edilir. Prezident İlham Əliyevin yeni Fərman və Sərəncamları ilə son beş ildə ölkəmizdə artıq dördüncü sosial islahat paketi reallaşdırılaraq əməkhaqqı, müavinət və təqaüdlərin növbəti dəfə artırılması təmin olunur."
Bu sözləri 7NEWS.az-a açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib: "Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Fərman və sərəncamlarla artıq yanvarın 1-dən etibarən bir sıra dövlət sektorlarında çalışan vətəndaşlarımızın əməkhaqqıları, eləcə də sosial müavinət və təqaüdlərin artımı reallaşdı. Yanvarın 1-dən etibarən dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqqılarında artımlar qeydə alınacaq. Onların əməkhaqqıları 15 faiz artacaq. Eyni zamanda, sosial müavinətlərin də artırılması reallaşdı. Qeyd edək ki, yeni sərəncam ölkəmizdə son beş ildə artıq dördüncü sosial islahat paketidir. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif maaşları da bir ay müddətində bu sərəncama uyğunlaşdırılacaq və minimum əməkhaqqı artımı vahid tarif cədvəlinin bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək. Ümumilikdə minimum əməkhaqqı və VTC üzrə işləyənlərin əməkhaqqı artımı 700 min nəfəri, minimum əmək pensiyasının artımı isə 100 mn nəfəri əhatə edəcəkdir. Minimum əmək haqqı bu il üçün müəyyən olunan yaşayış minimumunu (246 manat) da 40,2 faiz üstələyir. Bu il sosial ödənişlərdə yeni artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub. Həmin artımlar 1,9 milyon vətəndaşı əhatə edəcək."
7NEWS.az

Xəbər lenti