“Şübhəniz varsa, gedin İlkin Qəmbərdən soruşun...”

“Şübhəniz varsa, gedin İlkin Qəmbərdən soruşun...”
Nisbətən daha gənc olan dostlarımızın dili ilə desək, təzə "tema” var: Kanada. Və indi gəl bütün işini-gücünü at, bir də bunlarla məşğul ol. Ki, nə var-nə var xanımça Melani Joli ermənilərin xoşuna gəlmək üçün mətbuat konfransında quşu-quş dalınca uçurdub, diplomata xas olmayan tərzdə danışıb, özünü şirin eləmək istəyib.

Hərdən dostlar soruşur ki, 60 minlik erməni lobbisi 35 milyonluq ölkəni necə yönəldə, idarə edə bilir? Cavabım qısadır: Söhbət yalnız lobbidən getmir, əzizlərim. Kanada uzun illər boyunca türk fobiyası ilə yaşayıb. Detalları yəqin taxirçilər daha yaxşı bilər, amma əsas səbəb məhz budur. 2006-cı ildə saxta "erməni soyqırımı”nı rəsmən tanıyandan sonra isə məlum strategiyanı daha da açıq müstəviyə (fazaya) etap ediblər. Anti-türk təbliğatı Kanadada təxminən Ermənistan kimidir. Üstəlik, türk düşməni olmadan və ya türk düşmənçiliyini göstərmədən məlum ölkədə rahat-rahat yaşaya, oturum izni, vətəndaşlıq ala, xüsusən də ictimai-siyasi zolaqda bərqərar ola bilməzsən. Dediyimə kiminsə şübhəsi varsa, gedib İlkin Qəmbərdən soruşsun. Hazırda Kanadada yaşayan və saxta "erməni soyqırımı” haqda sənədli film çəkən İlkin Qəmbərdən. Müsavatın fəxri başqanı, İsa Qəmbərin oğlu İlkin Qəmbərdən!     

Lobbi gücü hə, Fransada keçərlidir. Amma orada da say başqadır. Daha dəqiq desəm, 500 min erməni qeydiyyatlı insan sadəcə soyadını dəyişməyənlərdir. Belədə isə daha çoxdurlar və əsas lobbiçilər də siyasi hakimiyyətə təsir etmək gücündədirlər. Eyni zamanda Fransa Prezidenti seçilmək üçün mütləq həmin dairələrin könlünü almalısan. Qısası, Fransa ilə Kanada başqa-başqa mövzulardır.

44 günlük müharibə zamanı Kanada xüsusi gözə çarpmadı. Belə desək, xarici siyasətini mövzuya yönəlik istiqamətdə dondurdu. Eynən iqlimləri kimi. Və o vaxta qədər ki, PUA-lar üçün müqavilə əsasında nəzərdə tutulan optik cihazları Türkiyəyə satmaqdan imtina etdilər. Məsələ isə Ermənistan idi. Daha doğrusu, həmin PUA-larla erməni separatçıların, qəsbkarların darmadağın edilməsi. Yəni, sən mənim satdığım optik cihazlarla dostum, tərəfdaşım ermənini vuran silahı Azərbaycana verəcəksənsə, müqaviləmiz sona çatır...

Kanada həm də NATO-nun tamhüquqlu üzvüdür. Bu qurum yaranan gündən. Amma orada da hətərəm-pətərəm fəaliyyət göstərirlər. Komitə və plenar iclaslarında aktivlik nümayiş etdirməkdən daha çox foye, lobbi, (söhbət otel lobbisindən gedir) bufet təbliğatları ilə məşğul olurlar. Sadə bir fakt deyim sizə.

Demək, NATO-da Milli Məclisi təmsil edən nümayəndə heyətinin üzvlərindən biri də mənəm və bu minvalla son səfərimiz Kopenhagenə olub. Düz 2 həftə bundan öncə. Səfərin 3-cü günü idi. Axşam lobbidə həmkarlarımla çay içirdik. Bir baxdıq, üzərində Kanada "bəcik”i olan bir deputat masamıza yaxınlaşdı. Yaxınlaşdı və icazəsiz-filansız oturdu. Sanki göydən zənbillə düşdü. Sonra başladı Azərbaycan haqda bəh-bəhlə danışmağa. 2009-da Beynəlxalq Konfrans çərçivəsində Bakıda olduğunu xatırlatdı, inkişafımızdan bəhs etdi, mətbəximizi, xüsusən də kabablarımızı bəyəndiyini söylədi və axırda da Qarabağ qələbəsi münasibətilə hamımızı ürəkdən təbrik edib getdi.

İndi gəl bunlardan baş aç görüm, hansı məzhəbə qulluq edirlər. Deputatı belə deyir, naziri elə.

***

Amma Kanada ilə bağlı ən unikal frazanı dünən eşitdim. Saçımı düzəltdirdiyim salonda. Demək, AzTV-nin axşam xəbərləri gedir və hamı da diqqətlə dinləyir. Birdən Kanadanın riyakarlığı haqda danışılarkən yan masadakı ağsaqqal usta özünü saxlaya bilmədi və Bakı ləhcəsi ilə qayıtdı: "Ala, gedin hokkeyinizi oynayın da...”

Gerçəkdən. Gedin hokkeyinizi oynayın da. Amma kənarda. Özünüzə aid yerdə. Əl-ayağa dolaşmadan.

Zatən "şayka”nız da məlum, "şayba”nız da...

Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.

Xəbər lenti