“Xəttim pisdir, olar üzünə durum?” – Elşən Musayevin yazısı...

“Xəttim pisdir, olar üzünə durum?” – Elşən Musayevin yazısı...
Əli Kərimli hər zaman bəsit, hərdəmxəyal, dayaz siyasətçilərlə işləməyə üstünlük verib. Ki, məqamı gələndə onların elə məhz dayazlığından faydalansın, boyunlarına çıxıb yekə görünsün. Amma bir nüansı  nəzərə almayıb: həmin dayazlıq özünə münasibətdə də keçərlidir və bir gün bumeranq effekti ilə təpəsinə çırpıla bilər. Və budur. Çırpılıb. Əlahəzrət Yaqublu buyurub ki, AXCP sədri Əli Kərimli keçmiş prezident Əbülfəz Elçibəyin impiçmenti ilə bağlı qərar layihəsini hazırlayan adamdır. Ardınca da fanatı Gültəkin Hacıbəyli haqda bir-iki "xoş” söz söyləyib.

İnanın, ilk öncə ağlıma gələn bu oldu: tutaq Yaqublu Kərimlinin qarasınca danışıb, həmin söhbət  əməllicə tirajlanıb, sonra da sıradan bir oxucu üçün adiləşib. Amma özləri üçün adiləşmir axı. Üstəlik, sabah da açılıb və üzbəüz gəliblər. Bir-birinin simasına necə baxırlar? Necə reaksiya verirlər? Nə  danışırlar? Necə danışırlar? Yenə əvvəlki kimi: "Salam a bəy, necəsən, sən mənim qardaşımsan, ay Gültəkin, sən mənim bacımsan”mı deyirlər? Yoxsa qara eynəkdəmi gəzirlər? Vakumamı dönürlər? Maskarad libasımı geyinirlər?

Keçən dəfə Fuad öz keçmiş həyat yoldaşı ilə məişət söhbətində Əliyə dermarş sərgiləmişdi. Bir anlıq nağıllar aləminə adlayıb, gözünə 3D eynəyi taxıb söyləmişdi ki, əvvəl 10 il özüm prezident olum, sonra postu Əliyə dövr edərəm. Arvadı da onu qınamışdı, "Əvvəl Əli, sonra sən” demişdi. Və düz 3 gündən sonra bir baxdım, Fuad "Azadlıq”dan yazı tirajlayır, Əli də onun paylaşımını edir. Heç nə olmayıbmış kimi.

Tam səmimi deyirəm, son vaxtlar içimdə belə bir inam yaranıb ki, Əli Kərimlini çox kəskin, babat tənqid eləsəm yazımı öz saytında,” facebook” səhifəsində yerləşdirəcək. Çün, görünən budur, adam "podoş tolerantlığı”nı əməllicə əxz edib. Vuranı öpüb qoyur gözünün üstünə.  Öz də Allaha şükür, Tofiq kimi arxadan iş çevirmək, daldadan badalaq atmaq vərdişim də yoxdur. Nə deyirəmsə açıqca deyirəm. Mövqeyim də ortada. Qısası, bir üzünü saxla bizə, a bəy. Sağ və ya sol, fərq etməz. Əsas saxla.

Sənin üçün nə isti-soyuğu var, tüpürcək vəzisi kimin ağız boşluğunda istehsal olur?

İndi gələk impiçment məsələsinə. Əgər yaxın 3-4 ilə qədər Əli Kərimli "impiçment” sözünün mənasını bilibsə, onda mən də Qaqarindən sonra kosmosa uçan ikinci adamam. Evin tikilsin ay Yaqublu, nə qoyub-nə axtarırsan? Nə impiçment? Birincisi, impiçment mədəni-siyasi üsuldur, rəsmi qaydada elan olunur. İkincisi, dediyim kimi: Əli Kərimlinin göbəyini o vaxt Universitetdən yeni ayırmışdılar, 25-cə yaşı vardı, ağzından hələ "Humana” qoxusu gəlirdi, o nə bilirdi impiçment nədir? Və ən nəhayət! Xəbərin olsun ki, Əli Kərimli Elçibəyə ən namərd formada xəyanət edib. Vicdansizca! Onun haqqında cəmiyyətdə yaxşı qəbul olunmayan bir xəstəliklə bağlı şayiə buraxıb, həmin uydurmanı özündən beş-betər riyakar Xədicənin əli ilə geniş çevrəyə ötürüb, öz müəlimini, öz liderini gözdən salmaq üçün bütün iyrənc üsullardan istifadə edib, axırda da nəticə görməyincə , fiaskoya uğradığını anlayınca təşkilat içində xaos yaradıb, tələm-tələsik "Yurd”un bazasında yeni narazı elektorat ərsəyə gətirib, Elçibəyin bütün silahdaşlarını partiyadan uzaqlaşdırıb, sata-sata, bata-bata, qarşısına çıxan hər kəsə "ata-ata” gedib. İmpiçment nədir ki, bütün bunların yanında?

O ki qala, Gültəkinə. Allah vuranı bəndə vurmaz. Dəymə ona. Qoy bəzənib-düzənib İstanbuldan şəkillər paylaşsın. Arada da Goranboydakı keçmiş dəyirmanını yada salıb un yerinə xatirələr üyütsün.

Xatirələr də maşallah, "n” qədər...

Gültəkin demiş, o gün yuxuma girib. Demək görürəm ki, Avropa Şurası nümayəndə heyətimizin hər zaman Strasburqda ənənəvi olaraq qaldığı "Hilton"un bufetində fransız şərabı ilə tost deyir. Öz də ayaq üstdə. Ətrafda, daha dəqiqi masada isə ümumiyyətlə məclisə dəxli olmayan adamlar əyləşib. Məsələn, adı neçə vaxt qalmaqallarda hallanan məşhur azərbaycanlı biznesmen, daha sonra eks-xəyanətkar səfirlərimizdən biri və s ilaxır. (onlar haradan giriblər yuxuma və niyə məhz Gültəkin tost deyən yerdə - bax orasını hələ də anlamıram) Sonra yuxuda baxıram, Gültəkin YAP-ın mitinqində əsas söz deyənlərdən biridir. Öz də "Qələbə” meydanında. Əstagfirullah. Nə aiddiyyatı var. Olmaz belə şey. Gülü müxalifətdir axı. Sonra yenə yuxuda görürəm, Gültəkin hökümət telefonu ilə Ramiz Mehdiyevə zəng edib, axırı iki sıfırla bitən maşın nömrəsi istəyir. Mehdiyev də bununla məzələnərək cavab verir ki, "Olarmı axırı yox, əvvəli iki sıfır olsun?”. Və nəhayət, yuxunun tam qutaracağında çox aydın bir mənzərə gözümün önündə canlanır. Nəsə yas məclisidir. Gültəkin ətrafındakılara gileylənir ki: "Əlimdən hər şeyi alıblar, bircə aylıq 25-30 min cib xərci saxlayıblar” -  Yenə heyrət içindəyəm və qeyri ixtiyari:”Bunun nələri varmış ki, əlindən hər şeyi alandan sonra 30 minlik cib xərci qalıb? - sualını özüm-özümə verirəm. Və..elə bu dəm ayılıram. Sualların üzərindən dərhal xətt çəkirəm. Yuxudur, əlbət. Şükür yuxudur. Oysa, Gültəkin hara, Moskvadakı oliqarx, hansısa bedneybət səfir hara?  Gültəkin hara, masada tost demək, YAP-ın mitinqində çıxış eləmək, hətta maşın nömrəsini belə Ramiz Mehdiyevə "yükləmək” hara? Əsla və əsla ola bilməz. Mümkünatı yoxdur.

Yuxuda da olsa haqqına girmişəm qızın...

Hə, bir də...o gün neandertal Qənimətin xarıcdən yayımladığı verilişlərdən biri tamamən bəndənizə həsr olunubmiş. Gültəkinlə oturub o ki var döşəyiblər ünvanıma. Özüm baxmamışam. Dostlar söylədi və açığı İlk öncə bir az gərildim, səbrimə sahib çıxa bilmədim. Amma sonra sakitləşdim.

Demək, sovet vaxtı məşhur bir donosçu olub. Bir dəfə çox kritik məsələ ilə bağlı buna yenə donos yazmaq təklif olunanda adam hakimə acizanə şəkildə müraciət edib ki, "Möhtərəm hakim, nə vaxtdır yazıram, amma mənim xəttim çox pisdir. Olar bu dəfə üzünə durum?”

Bax Qənimət niyəsə hər zaman mənə məhz həmin donosçunun prototipini xatırladıb: Əyri barmaqları və murdar təfəkkürü ilə yazıb qurtarıb. İndi danışır. Üzə durur. Özü də necə durur!

Əminəm, növbəti verilişində yenə üzəduranlıq edəcək və deyəcək: "O səs Tofiq Yaqublunun səsi deyil, təxribatdır, düzüb-qoşublar, oxşadıblar.” Ardınca Əli Kərimli canlı yayıma qoşulacaq və qırmızı-qırmızı qayıdacaq ki, "Bu dünyada adı Əli, soyadı Kərimli olan bircə mənəm? Başqasını nəzərdə tutub.” Ən axırda isə Gültəkin dövrəyə girəcək və məsələyə nöqtə qoyacaq: "Qarşıdan gələn Ramazan bayramı münasibətilə bütün xalqımı ürəkdən təbrik edirəm”

Belə. Sözün bitdiyi yerdir. Həqiqətən.

Allah bunların barı beşindən birinə ağıl versin ki, qalan 4-ü himayəsiz qalmasın.

 

Elşən Musayev, Milli Məclisin deputatı.

Xəbər lenti