Ayrılmaz tarixi birlik və qardaşlıq nümunəsi

Ayrılmaz tarixi birlik və qardaşlıq nümunəsi
Dövlətlər daxili və xarici siyasətini, iqtisadiyyatını, mədəni əlaqələrini normal təşkil edib, dinamik inkişaf etdirdikcə güclü, sözü keçən dövlətə çevrilir. Müasir dövrümüzdə baş verən hadisələr bir daha onu göstərir ki, hansı dövlət iqtisadi, hərbi, siyasi cəhətdən güclüdürsə, beynəlxalq qanunlar da o dövlətin istəyinə tabe olur. 
Uzun tarixi keçmişə malik ölkəmizin yerləşdiyi məkan, yeraltı və yerüstü sərvətlərini gözü götürməyən bədxah dövlətlər zaman-zaman yurdumuza göz dikmiş, normal inkişafımıza, maddi və mənəvi sərvətlərimizin qorunub gələcək nəsillərə çatdırılmasına mane olmağa, hətta özününkiləşdirməyə çalışmışlar. Lakin unutmuşdular ki, dünyaya tarixi şəxsiyyətlər bəxşedən, uzun illər öncə böyük dövlətçilik mədəniyyətinə malik Azərbaycan dövlətinin yanında qanı bir, canı bir ürək dostu, milli birliyə, qardaşlığa sadiq qüdrətli Türkiyə Respublikası var.
Qardaşlıq, səmimi müttəfiqlik səviyyəsinə görə bənzəri olmayan Azərbaycan-Türkiyə əlaqələri sınaqlarda bərkimiş tarixi qaynaqlar, təməllər üzərində ucalıb, ucaldıqca da dünyaya nur saçıb, dünyaya SÜLH naminə öz ləyaqətli töhfəsini verib. 
Eyni soykökə, dilə, dinə, milli-mənəvi dəyərlərə, dünyaya nümunə olacaq bəşəri duyğulara malik olması bir millət, iki dövlət olan ölkələrimiz zaman keçdikcə bir-birinə daha möhkəm tellərlə bağlanır. Vahid kökdən qaynaqlanan xalqlarımız ancaq öz xöşbəxt gələcəklərini deyil, bütövlükdə bəşəriyyətin xoş sabahını düşünürlər, bütün dünya balalarına aydın səma, xoş gələcək diləyirlər. Belə gözəl duyğularla yaşayarkən də dünyamızı dəyərli mədəniyyət inciləri ilə zənginləşdirmiş, tarixi şəxsiyyətləri ilə dünyaya örnək olmuşlar. 
Qoca Şərqin ilk müsəlman-türk dövləti olan Odlar Yurdu Azərbaycanın Türkiyə ilə sıx əlaqələri siyasi, iqtisadi, mədəni sahədə dinamik inkişafı da və qırılmaz tellərlə möhkəmlənməkdədir. Bu dinamik inkişaf hər iki sülh dövlətinin daha da qüdrətlənməsinə təkan verir. 
Tanrının XX əsrdə bizə bəxş etdiyi böyük düha, peşəkar və qüdrətli siyasətçi Azərbaycanımızın müstəqillik qazanmasında əvəzolunmaz xidmətləri olan Ümummilli lider Heydər Əliyev Respublikamızda xalqın istəyi və tələbi ilə hakimiyyətə gəldikdən sonra Azərbaycan-Türkiyə dostluğu daha da yüksək xətlə, mətin addımlarla dünyaya nümunə fonunda inkişaf etməyə başladı. Ulu Öndərin çox uzaq görənliklə söylədiyi "Bir millət, iki dövlət” müdrik kəlamı yüksək strateji tərəfdaşlıq əsasında qurulan siyasi, iqtisadi, mənəvi, geoastrateji mahiyyəti həm Prezidentimiz həm də xalqımız tərəfindən möhkəmlənməkdədir. Ümummili liderimizin daxili və xarici siyasətinə bu siyasəti daha da əzmlə inkişaf etdirən xalqımızın sevimli Prezidenti cənab İlham Əliyev də qardaş ölkəmiz Türkiyə ilə siyasi, iqtisadi, mənəvi və digər münasibətlərə həssaslıqla yanaşır, bu əlaqələrin möhkəmlənməsinə şərait yaradır, bu yöndə dövlət sturukturlarının işini istiqamətləndirir. 
Dünyanın ən tanınmış televiziya kanallarına dünyanı heyrətə salacaq şəkildə böyük iradə və peşəkarlıq nümayiş etdirərək müsahibə verən cənab İlham Əliyev ədalətli bir siyasətçi lider kimi Türkiyə dövləti haqqında söyləmişdir: "Bizim Türkiyə ilə qardaşlıq əlaqələrimiz dayanıqlıdır və reallaşdırılan layihələr bunu təsdiqləyir, aramızdakı qardaşlıq, dostluq əbədi olacaqdır”. 
Əməlləri ilə xalqın sevimlisinə çevrilmiş cənab İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla əsl qardaşlıq münasibətləri nümayiş etdirirlər. Bu münasibətlər hər birimiz üçün örnəkdir. 
Yadımdadır, beynəlxalq tədbirlərin birində "Şərq tərəfdaşlığı proqramının 5 illiyinə həsr olunan sammitdə” Ermənistan prezidenti "soyqırımı” məsələsini şişirdərək Türkiyəni tənqid edəndə cənab İlham Əliyev tribunaya qalxaraq Türk dünyasının qüdrətini nümayiş etdirən çıxışında dedi ki, "Türkiyə nümayəndəsi masa arxasında yoxdur. Ancaq mən burdayam!”.  Bax dünyaya, insanlığa nümunə olan dostluq, qardaşlıq sədaqət budur! O verilişi izləyərkən şəxsən çox qürurlandım. Sevincimin həddi-hüdudu olmadı. Alqış dedim Prezidentimizə, qədirbilən xalqımızı qüururlandırdığı üçün. 
Azərbaycan-Türkiyə iqtisadi əlaqələri müstəqillik qazandığımız ilk illərdən inkişaf etməyə başlamışdır. 1994-cü ildən sonra həyata keçirilən tədbirlər böyük əhəmiyyət kəsb edir. İki qardaş ölkə arasında beynəlxalq əhəmiyyətli bir sıra regional layihələr həyata keçirilmişdir. Bakı-Tbilisi-Ceyhan Neft Kəməri, Bakı-Tbilisi-Ərzurum Qaz Kəməri, Bakı-Tbilisi-Kars Dəmiryol Xətti, Trans-Anadolu Təbii Qaz Boru Xətti layihələri ilə Azərbaycan dünya bazarına neft və qaz ixrac etmək imkanı qazanmışdır.
44 günlük müharibə zamanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər və Yenilməz Ordumuz tərəfindən torpaqlarımız işğaldan azad edilərkən qardaş Türkiyə dövlətinin ölkəmizə göstərdiyi mənəvi və diplomatik dəstək qardaşlığın təntənəsi kimi qarşılandı. 
İnanıram ki, qardaşlaşmış dövlətlərimiz bundan sonra da bir-birinin maraqlarının qorunmasında əzmkarlıq və siyasi iradə göstərəcəklər. 

Yaşar Həmidov,
Bakı Biznes və Kooperasiya Kollecinin tədris şöbə müdiri, "Tərəqqi” medallı müəllim

Xəbər lenti