“Bu, terrorun pik nöqtəsidir!” – Deputatdan səfirlikdəki hadisə ilə bağlı açıqlama

“Bu, terrorun pik nöqtəsidir!” – Deputatdan səfirlikdəki hadisə ilə bağlı açıqlama
 

"Azərbaycanın İrandakı səfirliyinə edilən hücum terrorun pik nöqtəsidir və bu hadisəni təşkil edənlər, planlayanlar törətdikləri cinayətə görə mütləq bir şəkildə, üstəlik beynəlxalq səviyyədə cavab verəcəklər.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Səfirlik bizim suveren ərazimizdir. Onun müdafiə zəmanəti isə həmin səfirliyin yerləşdiyi dövlətin üzərindədir. Daha dəqiq desək: İranın borcudur və ya borcu idi ki, bizim səfirliyimizi, bizim suveren ərazimizi qorusun. Amma qoruya bildimi? Xeyr, qoruya bilmədi. Yox əgər qoruya bilmədisə, demək ki, bu ölkədə heç bir təhlükəsizliyə təminat yoxdur.

Düzənlənən terror ölümlə, insan qətli ilə nəticələndi. İlk dəfədir belə şey baş verir. Bütün müstəqilliyimiz boyunca diplomatik nümayəndəliyimizdə çalışan insanın, soydaşımızın qətlə yetirilmə hadisəsi, faktı olmamışdı. Amma Azərbaycana qənim kəsilən hansısa yaramaz qüvvənin və ya qüvvələrin məkrli planı nəticəsində məlum hadisə də baş verdi.

Təbii ki, istintaqın gedişində bütün təfərrüatlar üzə çıxacaq və heç şübhə etmirəm ki, törədilmiş cinayətlə bağlı Azərbaycanın hüquq-mühafizə orqanları da öz alternativ istintaqını aparacaqlar.

Hadisə zamanı terrorçu gülləsinin qurbanı olan Orxan bəyin ailəsinə dərin hüznlə baş sağlığı verirəm. Onun sinəsinə sancılan güllə hər birimizə dəyən güllədir. Allah dəyərli və fədakar soydaşımıza qəni-qəni rəhmət eləsin.” – deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər lenti