Heydər Əliyev: Əfsanələşmiş şəxsiyyət

Heydər Əliyev: Əfsanələşmiş şəxsiyyət
Heydər Əliyev Azərbaycanın bütün tarixində milli dövlətçiliyimizin və milli varlığımızın qorunmasında misilsiz xidmətlət göstərmiş və elə bu xidmətlərə görə də xalq arasında böyük hörmət və nüfuz, ümumxalq sevgisi qazanmış,həmçinin öz fəhmi, istedadı, qətiyyəti, iradəsi, əzmkarlığı, ilə dünya çapında öz səhifəsini yazmış əfsanəvi bir şəxsiyətdir.

Azərbaycan ictimai fikir və dövlətçilik tarixində hər zaman görkəmli şəxsiyyətlər olmuşdur. Xüsusilə xalqımızın dövlətçilik tarixi şanlı səhifələrlə zəngindir.

Bununla belə, bu gün heç kəsə sirr deyil ki, Azərbaycan tarixində dövlət başçıları arasında Heydər Əliyev qədər ümumxalq sevgisi qazanan bir dövlət xadimi tapmaq çətin gəlir. Hətta onun rəqibləri belə onun nəhəngliyini etiraf etməyə məcbur olmuşlar.

Heydər Əliyevin fiziki yoxluğndan 17 il ötür. Lakin ümümilli lider tarix etibarı ilə bizdən nə qədər uzaqlaşırsa o qədər nəhəng, o qədər möhtəşəm görünür.

Heydər Əliyev hələ sağlığında əfsanələşmiş şəxsiyyət idi.

Azərbaycanda hakimiyyətdə olduğu birinci dönəmdə o, öz fəaliyyəti ilə çox qısa müddətdə böyük nüfuz qazandığı üçün xalq onun haqqında əfsanələr danışırdı. Gah deyirdilər ki, O, tərki-libas olub xalq arasında gəzir, gah deyirdilər ki, tanınmaz qiyafədə istədiyi vaxt hər yerdə görünə bilir.

Təbii ki, bu söhbətlərin hamısı Heydər Əliyevə məhəbbətdən, sevgidən və həm də onun fəaliyyətinə xalq tərəfindən verilən yüksək dəyərdən qaynaqlanırdı.

Zaman keçir. Lakin Ümumilli liderimizin parlaq obrazı insanların qəlbində yaşayır. Həm də təkcə onun dövründə yaşamış insanların qəlbində yox, onun əməllərindən bəhrələnən indiki nəslin qəlblərində yaşayır və gələcək nəsillərə ötürülür. Tariximizin qırx ildən çox bir dövrü Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin adı ilə bağlıdır. Onun cismani yoxluğundan on yeddi il keçməsinə baxmayaraq, xalqın qəlbində yaşayır və hələ uzun illər yaşayacaq, nə qədər ki, Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev də var olacaqdır.Ümumilli liderimiz Heydər Əliyevin öz fitri idarəçilik qabiliyyəti, qətiyyəti, cəsarəti, tükənməz enerjisi, müdrikliyi, fenomenal yaddaşı, misilsiz işgüzarlığı ilə öz adını Azərbaycan tarixinə ədəbi həkk eləmiş nadir şəxsiyyətlərdəndir.Onun keşməkeşlərlə dolu, mənalı ömür yolu, xalq və vətən qarşısında misilsiz xidmətləri, zəngin mənəvi irsi və dövlətçilik təcrübəsi gələcək nəsillərə örnəkdir.Azərbaycan tarixinin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev bu tarix kitabına öz parlaq səhifəsini yazmamış olsun.

Azərbaycan xalqının yaradıcı insanları, şairləri, yazıçıları, rəssamları, heykəltəraşları, bəstəkarları, elm adamları, incəsənətin bütün nümayəndələri özlərinin ən şah əsərlərini Heydər Əliyevə həsr etmiş və möhtəşəm sənəd inciləri yaratmışlar. Ona həsr edilmiş cild-cild kitablar nəşr edilmişdir. Bir vaxtlar səfər etdiyi rayonlarda, kənd və qəsəbələrdə çıxış etdiyi meydanlarda, əhali ilə keçirdiyi görüşlərdə indi onun abidəsi ucaldılıb.

Lakin bu sevgi tükənmir. Yeni-yeni nəsillər yaranır. Yeni nəsillər yarandıqca onların istedadlı nümayəndələri də Heydər Əliyevin yeni-yeni obrazını yaradırlar. Dünyanın məşhur dövlət xadimləri ABŞ-ın Prezidenti Corc Buş, Fransanın Prezidenti Jak Şirak, İngiltərənin baş naziri Toni Bleyr, Rusiyanın Prezidenti Vladimir Putin, Türkiyənin Prezidenti Əhməd Necdət Sezər, ÇXR sədri Xu Szintao, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və daha kimlər Heydər Əliyevin beynəlxalq aləmdəki nüfuzu, dünyada sülhə verdiyi töhfələri, Azərbaycan xalqı ilə dünya xalqları arasında dostluq əlaqələrinin qurulmasını, Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasında, Azərbaycan dövlətinin ayrı-ayrı dövlətlərlə qarşılıqlı dostluq münasibətlərinin qurulmasında rolunu, xidmətlərini qeyd etmiş, onu dünya səviyyəli bir siyasətçi, dövlət adamı olduğunu dəfələrlə vurğulamışlar.

Poeziyamızın Peyğəmbəri hesab edilən şeyx Nizami deyirdi:

Xidmət etmək işidir kişilikdən nişana,

Xalqına xidmət etmək bir şərəfdir insana.

Ulu öndərimiz də elə peyğəmbərcəsinə deyirdi. "Mənim həyatımın mənası xalqıma xidmət etməkdən ibarətdir”.

O, harda oldusa, hansı vəzifədə çalışdısa həyatının mənasını xalqa xidmət etməkdə gördü.

1991-ci ildə SSRİ bir imperiya kimi süqut etdikdən sonra, öz müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan elə müstəqilliyinin ilk illərində daha acınacaqlı halla üzləşdi. Bir tərəfdən keçmiş SSRİ rəhbərinin himayəsi ilə torpaqlarımızın Ermənistan tərəfindən işğalı, bir tərəfdən ölkənin cənubunda və şimalında beynəlxalq güclərin təhriki ilə başlamış separatçılıq prosesləri, digər tərəfdən ölkə daxilində hakimiyyət uğrunda mübarizə və ölkənin faktiki olaraq vətəndaş müharibəsi vəziyyətində olması Azərbaycanı məhv olmaq və tarix səhifəsindən silinmək həddinə gətirib çıxarmışdı.

Bax belə bir şəraitdə Tanrı Heydər Əliyevi xilaskar missiyası ilə yenidən xalqa göndərdi. 1992-ci ilin ölkənin mütləq əksəriyyətinin fikrini ifadə edən görkəmli Azərbaycan ziyalılarının müraciəti əsasında Azərbaycanın düşmüş olduğu acınacaqlı vəziyyətdən yeganə çıxış yolu kimi Heydər Əliyevin başçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılması ilə nəticələndi. 1992-ci ilin noyabrın 21-də Naxçıvanda təssis edilən YAP tarixi zərurətdən yaranmışdı. Xalqın və dövlətin düşmüş olduğu son dərəcə kritik vəziyyətdən yeganə çıxış yolu bu idi.

YAP-ın yaradılması, Ulu öndərin bir başa müəllifliyi və rəhbərliyi ilə hazırlanmış və qəbul edilən YAP-ın nizamnaməsi və proqramı əslində gələcəkdə o vaxtadək hələ konstitusiyası və inkişaf proqramı olmayan müstəqil respublikanın hüquqi əsaslarını, təməl prinsiplərini müəyyən edirdi.

1995-ci ildə Ulu öndərin bir başa təşəbbüsü, müəllifliyi və rəhbərliyi ilə işlənib hazırlanan və referendumda qəbul edilən müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyasının qəbul edilməsi, parlament seçkilərinin keçirilməsi əslinədə müstəqil Azərbaycan tarixində Heydər Əliyevin rəhbərliyi ilə başlanan uğur yolunun başlanğıcı, zəfər səlnaməsinin ilk addımları idi.Lakin bu yolun başanğıcı asan olmadı. Bu yol məhrumiyyətlər, çətinliklər, problemlər, xəyanətlər, sui qəsd cəhdləri ilə müşayət olundu. Lakin Ulu öndəri öz düz yolundan, doğru yolundan, məsləkindən, xalqın nicat yolundan döndərmək mümkün deyildi. Karvan öz yolu ilə irəliləməkdə idi. Karvan başı DAHİ idi. Əqidəsindən, amalından, məqsədindən dönməyən, ünvanını, məqsədini, hədəfini aydın bilən, aydın görən, bu yolda bütün çətinliklərə məhrumiyyətlərə sinə gərməyi bacaran və özünə əmin olan DAHİ. Ömrünün son 10 ilində 100 ilə sığışmayan işlər gördü bu Dahi. 10 ildə Azərbaycanın iqtisadi inkişafının təməl prinsiplərini müəyyənləşdirdi. Hakimiyyətin 1-ci dövründə hazırladığı özül üzərində müasir, müstəqil Azərbaycan adlanan möhtəşəm bir dövlətin, möhtəşəm binasını kərpic-kərpic ucaltmağa başladı... Ulu öndər bütün istedadı, arzusu və istəyi ilə uzun illər arzuladığı müstəqil Azərbaycan adlanan bir dövləti qururdu. 2003-cü ilədək Ulu öndər təkcə Azərbaycanı qurmadı. O, eyni zamanda Azərbaycançılıq adlanan ideologiyanın əsaslarını müəyyənləşdirirdi. Hansı ki, bu ideologiyanın kökündə milli dövlətçilik, milli təkamül, milli-mənəvi dəyərlər, xalqın ən ali, ən uca ülvi hiss və duyğularını tərənnüm edən dəyərlərin ümumi ifadəsi durur.

Ümumilli liderin Azərbaycan dövləti və xalqı qarşısında əvəzsiz xidmətlərindən biri də xalqın və dövlətin sabahı üçün varis yetişdirməsi idi. Bütün məsələlərdə olduğu kimi o bunu da məharətlə müəyyənləşdirdi.

İndi cəmi 30 yaşı olan müasir müstəqil Azərbaycanın bu günkü və sabahkı taleyi üçün narahat olmağa ehtiyac yoxdur. Bu gün müstəqil Azərbaycanımızın idarəetmə sükanı arxasında Ulu öndərin varisi, onun siyasi, ideoloji, iqtisadi məktəbinin ən layiqli yetirməsi İlham Əliyev durur. Ulu öndərin "özü qədər inandığı” İlham Əliyev. Ölkə Prezidenti cənab İlham Əliyev Ulu öndər tərəfindən müəyyənləşdirən strateji xətti müasir tarixi şəraitdə, müasir çağırışlara uyğun olaraq uğurlu davam etdirir.

İndi Azərbaycan dünya xəritəsində bir nöqtə boyda olmasına baxmayaraq dünya hadisələrinin idarə olunmasında çox mühüm rol oynayır. Azərbaycan öz müstəqilliyinin 11-ci ilində 115 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi və bir müddət BMT Təhlükəsizlik Şurasına başçılıq etdi. Hazırda dövlətimizin başçısı iki beynəlxalq təşkilata Türk Şurasına və Qoşulmama Hərəkatına uğurla sədrlik edir. Ölkəmiz dünyada az sayda olan Kosmik ölkələr sırasındadır.

Azərbaycan Çinin təşəbbüsü olduğu "Bir kəmər bir yol” layihəsinin üzvü olmaqla bu prosesdə fəal iştirak edir, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin təşəbbüskarı olmaqla bu meqa layihənin reallaşdırılmasında aparıcı mövqeyə malikdir. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhvələr verməklə dünya çapında etibarlı tərəfdaş kimi çıxış edir. Sürətli inkişaf edən respublikamız regional iqtisadi gücə çevrilməkdədir. Azərbaycan regionda bir sabitlik vadisinə çevrilmiş, vətənimiz idman və turizm ölkəsi kimi hər gün yeni uğurlar qazanır, dünya səviyyəli, sivilizasiyalar arası dialoqlar, humanitar tədbirlərin mərkəzinə çevrilir.

2020-ci ilin 27 sentyabr- 10 noyabr44 günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusu, Azərbaycan Xalqı möhtəşəm bir tarix yazdı. 30 il əsarətdə olan Dağlıq Qarabağ və onun ətrafı işğaldan azad edildi. Azərbaycan xalqının şərəf tarixi yazıldı. Azərbaycan əsgəri bu tarixi misilsiz şücayəti, rəşadəti, igidliyi ilə, qanı və canı ilə yazdı, millətin mənliyini, milli qürur hissini özünə qaytardı. İndi Cənubi Qafqazda geosiyasi situasiyanı idarə etmək Azərbaycanın iştirakı olmadan mümkün deyildir. Regionun gələcək ikişafını qqardaş Türkiyə və dünyanın super güclərindən biri olan Rusiya ilə birlikdə Azərbaycan diqtə edir.

Bu gün müasir Azərbaycan cənab Prezidentimiz İlham Əliyevin sözləri ilə desək "Əsl Ümumilli liderimiz Heydər Əliyevin görmək istədiyi Azərbaycandır” və nə qədər Azərbaycan olacaq Heydər Əliyev də Azərbaycanda var olacaqdır.

Ramiz Göyüşov

Xəbər lenti