"Qərbi Azərbaycana qayıdış günü uzaqda deyil" - DEPUTAT


Deportasiya olunmuş azərbaycanlıların Qərbi Azərbaycana qayıtmaları ermənilərə problem yaratmayacaq. Çünki onların oraya qayıtmaları orada yaşayan ermənilərin oradan çıxarılması demək deyil. Çünki o kəndlər boşdur və biz, əlbəttə ki, əlimizdə olan bütün imkanlardan istifadə edəcəyik.

Bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.

"Necə ki, vaxtilə Qarabağ mövzusu bütün Azərbaycan xalqını birləşdirdi və biz istəyimizə nail olduq, eyni yanaşmanı burada da görməliyik. Əlbəttə, burada media nümayəndələrinin fəaliyyətinə böyük ehtiyac var - həm ölkə daxilində, həm xaricdə. Mən bu barədə də fikirlərimi bildirmişəm. Yəni, çox geniş proqram hazırlanır”, - deyə dövlətimizin başçısı bildirib.

Məsələyə münasibət bildirən millət vəkili Elşən Musayev qeyd edib ki, Azərbaycan bütün məqsədlərinə çatacaq: "Həqiqətən də, Qərbi Azərbaycana qayıdış artıq tam real görünür. Çünki, ortaya ciddi bir siyasi iradə qoyulub. Cənab Prezident İlham Əliyev bir çox çıxışlarında məlum mövzu ilə bağlı mesajlarını verib və gedişat da onu göstərir ki, dövlətimizin gücü, Prezidentimizin iradəsi, əzmi və prinsipiallığı Azərbaycanı bütün məqsədlərinə, hədəflərinə çatdıracaq. Eyni zamanda xüsusi olaraq qeyd etmək istəyirəm ki, Qərbi Azərbaycana qayıdış istiqamətində sistemli iş gedir, proqram, əsasnamə hazırlanır. Bu isə ona görədir ki, məqsədə tez çatılsın. Qərbi Azərbaycana qayıdış günü uzaqda deyil. Dəyərli Prezidentimiz əgər deyirsə ki, qayıdacayıq, deməli qayıdacayıq! Buna  hər kəs əmin olsun."

Xəbər lenti