“Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar” - TƏHLİL

“Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar” - TƏHLİL

"Qərbi Azərbaycan bizim tarixi torpaqlarımızdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük vətən müharibəsində əldə etdiyi şanlı qələbədən sonra regionda yeni reallıqlar yarandı, Azərbaycanın qarşısında yeni üfüqlər açılmağa başladı.”

 


 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı İlham Məmmədov deyib: "Qarabağın düşmən tapdağından azad edilməsi xalqımızı tarixi torpaqlarına dahada yaxınlaşdırdı. Bildiyimiz kimi Qərbi Azərbaycan bizim tarixi torpaqlarımızdır. Orada qədim dövrlərdə heç vaxt ermənilər yaşamayıb. Qərbi Azərbaycan Oğuz yurdu olub. Ata-babalarımızın yaşadığı yer olub. Dövlət başçısı, cənab prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə Qərbi Azərbaycanın, İrəvanın, Zəngəzurun və Göyçənin tarixi Azərbaycan torpaqları olduğunu vurğulayıb. Təssüf ki, tarixi ədalətsizliklər üzündən biz bu torpaqları itirməli olmuşuq. Ancaq yeni reallıqlar bizə tarixi torpaqlarımıza qayıdacağımız günün uzaqda olmadığını deyir.

Ölkə rəhbərliyi tərəfindən keçən əsrin ortalarında və sonlarında Qərbi Azərbaycandan deportasiya olunan Azərbaycanlılara qarşı xüsusi diqqət və qayğı göstərilir. Onların təşkilatlanması istiqamətində də addımlar atılır. Prezident İlham Əliyev ötən gün Qərbi Azərbaycandan olan ziyalılarla görüşündə böyük qayıdışın anonsunu verdi. Dövlət başçısı Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışı ilə bağlı mühüm mesajlar səsləndirdi, tarixi həqiqətləri bir daha diqqətə çatdıraraq Qərbi Azərbaycan İcmasının qarşısında xüsusi tapşırıqlar qoydu:

"Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar".

Ali Baş Komandanın qeyd etdiyi kimi, məcburi köçkünlərimizin öz torpaqlarına qayıtmaları ilə bağlı ümummilli arzularımız necə reallığa çevrildisə, çox çəkmədən İrəvana, Göyçəyə, Zəngəzura qayıdış arzularımız da gerçək olacaq. Əlbəttə, bunu təmin edəcək qüdrətli liderimiz, müzəffər sərkərdəmiz və güclü ordumuz var. Lakin bu işdə hər bir Azərbaycan vətəndaşının üzərinə böyük məsuliyyət düşür. İlk növbədə Qərbi Azərbaycan həqiqətlərini, o torpaqların azərbaycanlılara məxsus olmasını, ermənilərin soydaşlarımıza qarşı törətdiyi cinayətləri və digər faktları dünya ictimaiyyətinin diqqətinə çatdırmalı, bu istiqamətdə aktiv iş aparmalıyıq.

Prezident İlham Əliyev eyni zamanda Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə də tanış olub. Əvvəllər Bakıda Şuşa Şəhər İcra Hakimiyyətinin və "Qarabağa dönüş” İctimai Birliyinin yerləşdiyi bina İcmanın istifadəsinə verildikdən sonra təmir edilib və zəruri avadanlıqlarla təchiz olunub. Ümumi sahəsi 1280 kvadratmetr olan dördmərtəbəli binada 23 iş otağı, iclas və konfrans zalları, habelə müxtəlif yardımçı otaqlar mövcuddur. Binada Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın fəaliyyətlərini, habelə Qərbi Azərbaycandan olan görkəmli ziyalılar barədə məlumatları əks etdirən fotostendlər, Qərbi Azərbaycan abidələrinə dair tablolar, 5 arxiv xəritəsi, Ulu Öndərin və Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı nitqlərini əks etdirən videomateriallar nümayiş olunur. Binada, həmçinin Qərbi Azərbaycandan olan elm adamlarının və ədiblərin bu yerlə bağlı elmi, bədii və publisistik əsərləri sərgilənir.”

 

"Biz öz əzəli torpaqlarımıza qayıdacayıq. Təbii ki, qayıdacayıq. Mütləq qayıdacayıq. Çünki məntiq bunu tələb edir. Tezliklə hər şey biz istədiyimiz kimi olacaq, şərtlər tamamən bizim xeyrimizə dəyişəcək və Azərbaycan vətəndaşları öz dədə-baba yurdlarına qayıdış sevincini yaşayacaqlar. Hər kəs kimi mən də buna əminəm” –7NEWS.AZxəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev Qərbi Azərbaycana qayıdışla bağlı danışarkən bildirib.


"Cənab Prezident də dekabrın 24-də Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşündə öz konkret fikirlərini, prinsipial mövqeyini bir daha səsləndirdi və həmin mövqe hər zaman olduğu kimi Azərbaycan xalqı tərəfindən birmənalı şəkildə dəstəkləndi. Gerçəkdən də zamanında hakimiyyətdə təmsil olunan şəxslər tərəfindən böyük xəyanətlər olub, cinayətlər törədilib, səhlənkar qərarlar verilib və beləcə Azərbaycan parçalanıb. Ermənilər və onun stimulvericiləri isə sanki məqam gözləyiblər ki, öz məkrli niyyətlərini hər fürsətdə həyata keçirə bilsinlər.

Azərbaycan vətəndaşı, Azərbaycan xalqı nə istəyir? - Öz əzəli torpağına qayıtmaq, öz dədə-baba qəbrini ziyarət etmək, öz tarixi mahalında rahatca gəzmək. Və bu arzu reallaşacaq. Reallaşmalıdır. Mütləq reallaşmalıdır. Biz hər zaman hər şeyin sülh vasitəsilə həllini istəmişik. Biz hər zaman haqqın yanında olmuşuq. Biz hər zaman tarixi faktlara əsaslanmışıq. Həmin reallıq, həmin tarixi faktlar isə birmənalı şəkildə söyləyir ki, azərbaycanlıların ən təbii haqlarından, hüquqlarından biri də məhz öz tarixi torpaqlarına qayıtmaq, qayıda bilməkdir.” – deyə Partiya sədri fikirlərinə davam edib.

 

"Cənab İlham Əliyevin Qərbi Azərbaycana qayıdaçağımızla bağlı son açıqlaması Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvilinin 2021-ci ildə Ukraynanın televiziyalarından birində işğal altındakı torpaqlarımızı necə azad etdiyimizə aydınlıq gətirərkən danışdıqlarını yadıma saldı.”


7NEWS.AZ xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Saakaşvli bildirirdi ki, bir dəfə Strasburqdan Azərbaycan Prezidenti ilə birgə geri dönürlərmiş və o, Abxaziyanın üstündən uçanda oranı aydın görmək üçün təyyarənin bir az aşağı enməsini xahiş edib. Cənab İlham Əliyev isə ona işğal altındakı torpaqlarımızı azad etmək üçün hələ bir neçə il gözləmək lazım gəldiyini, amma bu yöndə dayanmadan çalışmalı, çalışmalı və çalışmalı olduğumuzu deyib. Yəni Saakaşvilinin diqqətinə çatdırılıb ki, burada sentimentallıq olmamalıdır, biz öz torpaqlarımızı təyyarənin illüminatorundan izləmək yox, geri qaytarmaq, üzərində gəzmək haqda düşünməli, qarşımıza ancaq bunu məqsəd qoymalı və heç bir tərəddüd etmədən ona doğru irəliləməliyik.

Açığı, cənab Prezidentin işğal altındakı torpalqarımızı qaytarmaqla bağlı o zaman Saakaşviliyə söylədikləri nəzəri baxımdan düz təsir bağışlasa da, reallşadırılması müşkül və hətta mümkünsüz görünürdü. Amma o göstərdi ki, böyük güclər, yırtıcı dövlətlər əlehinə olduğu halda belə qarşına qoyduğun məqsədə çatmaq mümkündür.

İndi həmən şəxs öz doğum günündə böyük əminliklə bizim Ermənistan adlanan dədə-baba torpaqlarımıza qayıdacağımızın anonsunu verirsə, demək, elə də olacaq. Axı bunu elə-belə adam yox, özü də xatırlatdı, torpaqlarımız hələ işğal altında olduğu zaman doğum günlərində Qarabağdan və Şərqi Zəngəzurdan didərgin düşən soydaşlarımıza baş çəkərək onların tezliklə öz yurd yerlərinə dönəcəklərini vəd edən və bunu reallşadıran bir lider bildirir.

Amma Qərbi Azərbaycana qayıtmaq üçün də Prezidentimizin təbirincə desək, çalışmaq, çalışmaq və çalışmaq lazımdır. Özəlliklə də o torpaqlardan olanlar Ekzüperinin bir deyimi var ondan çıxış etməlidirlər. O deyirdi ki, torpaq bizə babalarımızdan qalan miras deyil, uşaqlarımıza borcumuzdur. Yəni mirasla necə istəyirsən davrana bilərsən, borcu isə qaytarmaq lazımdır. Və torpaq borcu elə borcdur ki, onu qaytarmamaq son nəfəsində də sənə halal edilə bilməz, edilməməlidir də.”

 

 

Mənsur Mustafayev

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İstiqamətin kodu 6.3.8

Xəbər lenti