“Azəristiliktəchizat” ASC-də milyonluq tenderlər və 41 milyon borc… - İstilik abonentlərə niyə məhz 15 noyabrda verilməlidir..?

 “Azəristiliktəchizat” ASC-də milyonluq tenderlər və 41 milyon borc… - İstilik abonentlərə niyə məhz 15 noyabrda verilməlidir..?
15 noyabr məsələsi Milli Məclisdə müzakirə edilməldir… Havalar soyuyan kimi Bakının "istilik dərdi” başlayır. Yaşlı Bakı sakinləri deyir ki, ehh sovetin qədrini bilmədik, nəinki mənzillər, az qala binaların "podyezdləri” də qışın soyuğunda istidən buğlanırdı. Amma 30 ildir ki, Bakının istilik dərdinə əncam çəkən yoxdur.
Məlumat üçün qeyd edək ki, təkcə Bakının deyil, bütün Azərbaycanın istilik məsələsini həll etmək üçün Azərbaycan Respublikası Prezidentinin 08 iyun 2005-ci il tarixli 847 saylı sərəncamı ilə "Azəristiliktəchizat” ASC yaradıldı. Bu qurumun 100 faizlik səhm paketi dövlətə məxsusdur, yəni özəl-filan qurum deyil. Bu qurumun sədrini Prezident təyin edir. ASC təkcə yaşayış binalarını deyil, təhsil müəssisələrini, uşaq bağçalarını, xəstəxanaları istiliklə təmin edir.
Daha doğrusu etmir, ETMƏLİDİR. ASC-nin təkcə Bakıda 20 İstilik Sistemləri İstismar Sahələri, 52 rayonda İstismar şöbələri, 11 istismar təsərrüfatı, sədri, müavinləri, idarə rəisləri...hamısının da Allah qoymasa bahalı xidməti avtomobillərə və daha nələr. Dövlət ASC-yə 100 milyonlarla pul ayırır. Amma...
Əmması odur ki, ötən il ASC-nin 41 milyon borcu ortaya çıxdı və bunun 25 milyonu Azəriqaza olan borcudur. Bunlardan soruşan yoxdur ki, əhaliyə 1 kvm-i qızdırmaq üçün istiliyi 15 qəpiyə, qeyri-əhaliyə 25 qəpiyə satırsınız, bəs bu yığılan pullar hara gedib..?
Əlbəttə, ASC-yə 17 il rəhbərlik etmiş Yaşar Həsənov özünə Troya şadlıq evi, Atilla restoranı tikəndə ASC-nin borcu 41 milyon deyil, 100 milyon da olacaq. Yaşar Həsənovun əmlakının, mülklərinin, oğlunun bahalı avtomobuillərinin siyahısını uzun-uzadı yazmağa həvəsimiz yoxdur. Təkcə onu qeyd edək ki, Yaşar Həsənov ASC-nin 1 MİLYONLUQ tenderini, müxalifətçi yerlisinə, əslən Ordubaddan olan partiya sədrinə verib. Qazanların, qurğuların alınması üçün keçirilən tenderlərin hamısını Yaşar Həsənovun qohumları udub. Qısa məlumat üçün qeyd edək ki, bu adam sabiq mer Hacıbala Abutalıbovun ailəvi yaxını olan şəxsdir. Ən dəhşətlisi odur ki, bu adam tabeçiliyində olan şəxslərə əə, xiyar, əə danabaş deyə müraciət edir, çox vaxt iclaslara telefonla qatılır, deyir noolsun, Rəsul ( Quliyev ) müəllim də partiyasını telefonla idarə edir.
Sözün qısası, bu anormal tip 17 il Azərbaycanda istilik sistemlərinin başına oyunlar açıb milyonlar qazanıb, ancaq 40-50 illik istilik trubaları dəyişdirilməyib. Hər il qış gəlməyə yaxın oxuyuruq ki, filan məktəbdə şagirdlər soyuqdan donur...filan uşaq bağçasında körpələr soyuqdan titrəyir...filan binalarda istilik yoxdur...noyabrın 15-indən 10 gün keçib, ancaq binalara istilik verilmir...və daha nələr.
Axı, bu qurum, yəni ASC yarananda, cənab Prezident İlham Əliyev demişdir ki, biz "Azəristiliktəchizat”-ı yaratdıq ki, Bakının və bütün ölkənin istilik problemini aradan qaldıraq. Amma bu problem illərdir ki, davam edir. Yeri gəlmişkən, ASC-nin 41 milyon borcunu nə üçün dövlət ödəməlidir..?
Dövlət kiminsə dədəsi, babası deyil ee, dövlət sənsən, mənəm, bizik... Yaşar Həsənov pulları yeyəcək, niyə biz ödəməliyik..? Qoy Yaşar Həsənovun əmlakını satıb qurumun borcunu ödəsinlər. Hər il Azərbaycan qış rejiminə keçir, amma istilik gəlmir. Hər dəfə də ASC-nin məsul şəxsləri televizora çıxıb utanıb-qızarmadan deyirlər ki, qazanxanalardakı su yavaş-yavaş qızmağa başlayır.
Vallah, belə hal dünyanın heç bir yerində ola bilməz. Vətəndaşın nəyinə lazımdır ki, su qızır, ya qızmır, vətəndaş pulunu ödəyib istilik almaq istəyir. Xəstəxanalarda xəstələr soyuqdan donur, Yaşar Həsənov isə 10 milyonu təmir-tikinti adı ilə bacısı oğlu ilə qaynına bağışlayıb. Nə isə, bütün bu problemlərə görə, cənab Prezident 07 fevral 2022-ci il tarixdə "Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri Yaşar Həsənovu vəzifəsindən azad etdi. Və onun müavini İlham Mirzəyevə sədrlik vəzifəsi müvəqqəti həvalə edildi. Bu müddət ərzində nə dəyişdi..? Mirzə Cəlil demişkən, haman göl, haman qurbağa...
Yeri gəlmişkən, vətəndaşların tələb etdiyi bir məsələni də xüsusi olaraq qeyd etmək lazımdır. Axı, nə üçün məhz 15 noyabrda abonentlərə istilik verilməlidir..? Bəlkə, noyabrın 5-də, yaxud oktyabrın 20-də qar yağacaq, havalar soyuyacaq...indi vətəndaşlar titrəyə-titrəyə noyabrın 15-ini gözləməlidir..?
Biz bir media olaraq hesab edirik ki, bu məsələ müvafiq dövlət qurumlarında qaldırılmalı, hətta Milli Məclisdə müzakirə edilməlidir. Əgər məsələyə hərtərəfli yanaşsaq, noyabrın 15-ini yaddan çıxararaq, heç olmasa noyabrın biri ilə əvəz etməliyik. Onda nə Sovet dövrünün alimlərinin hesablamalarını, nə də ki indiki soyuğun təsirini müzakirə etməyə ehtiyac qalmaz.
P.S Soyuqdan qırılırıq, cənablar!!! /gundelik-baku.com

Xəbər lenti