Aqrar sığorta sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığı genişlənir

Aqrar sığorta sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığı genişlənir
TARSİM nümayəndə heyəti Azərbaycanda səfərdədir 
Türkiyənin Kənd Təsərrüfatı Sığortası Hovuzu (TARSİM) təşkilatının İdarə Heyətinin sədri Osman Yıldızın rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycanda səfərdədir. 
1-5 oktyabr tarixlərində davam edəcək səfər zamanı nümayəndə heyətinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Sığorta Fondu (ASF), Azərbaycan Respublikasının Mərkəzi Bankı, eləcə də ölkəmizdə aqrar sığorta sisteminə üzv olan sığorta şirkətlərində və digər aidiyyəti qurumlarda görüşləri nəzərdə tutulur. 
Səfər zamanı TARSİM ilə ASF arasında əməkdaşlığın genişləndirilməsi, Azərbaycanın işğaldan azad olunan ərazilərinin inkişafında aqrar sığortanın rolu, aqrar sığorta mexanizminin tətbiqi üzrə Azərbaycan təcrübəsinin digər ölkələrdə tətbiqi məsələləri müzakirə ediləcək. 
Oktyabrın 2-də nümayəndə heyəti ilə ASF-nin rəhbərliyi arasında görüş keçirilib. Görüşdə Azərbaycanda TARSİM-in dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizminin fəaliyyəti, əldə edilən nəticələr və planlar müzakirə edilib. Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov sistemin fəaliyyətə başladığı 3 il ərzində Fondun yığımlarının və ödənişlərinin sürətlə artdığını, əhatə dairəsinin genişləndiyini qeyd edib. Onun sözlərinə görə, hazırda ASF tərəfindən 420 min hektardan artıq əkin sahəsi sığortalanıb ki, bu da ölkədəki bütün əkin sahələrinin 25%-i deməkdir. 2022-ci ildə Fond tərəfindən 2,4 milyon manat sığorta ödənişinin həyata keçirildiyini xatırladan Fond sədri 2023-cü ildə baş verən sığorta hadisələrinin sayının kəskin artdığını və buna uyğun olaraq sığorta ödənişlərinin məbləğinin yüksələcəyini bildirib. Fond rəhbəri qarşıdakı dövrdə aqrar sığortaya yeni risklərin, o cümlədən quraqlıq risklərinin əlavə edilməsi ilə bağlı ilkin müzakirələrin və hesablamaların aparıldığını vurğulayıb. 
TARSİM-in İdarə Heyətinin sədri Osman Yıldız Azərbaycanla Türkiyə arasında aqrar sığorta sektorunda əməkdaşlığın genişləndiyini, Azərbaycanda aqrar sığorta mexanizminin uğurla tətbiq edildiyini bildirib.  Onun sözlərinə görə, artıq digər ölkələrdə aqrar sığorta mexanizminin tətbiqində Azərbaycan təcrübəsindən istifadə etmək mümkün olacaq və hazırda Türk Dövlətləri arasında ümumi aqrar sığorta sisteminin qurulması məsələsi müzakirə edilir. 
TARSİM-in İdarə Heyəti sədrinin müavini Fatma Ebru Gençosmanoğlu bildirib ki, səfər zamanı iki ölkə arasında qarşılıqlı təcrübə mübadiləsi, Azərbaycanda Sığorta Məlumat Mərkəzinin yaradılması, eləcə də sığorta ekspenrtlərinin sertifikatlaşdırma prosesinə dəstək məsələləri müzakirə ediləcək. Bununla bağlı TARSİM nümayəndə heyətinin Azəbaycan Mərkəzi Bankında təqdimatı gözlənilir. 
Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində "Türkiyə və Azərbaycan aqrar sığorta sistemlərinin təqdimatı” mövzusunda tədbir keçiriləcək.
 


 

Xəbər lenti