Azərbaycanda gənclər siyasətinin 25 illik dövrü uğurla tamamlanır

Azərbaycanda gənclər siyasətinin 25 illik dövrü uğurla tamamlanır
25 il əvvəl - 1997-ci ildə ulu öndər, ümummilli lider Heydər Əliyev 2 fevralı Azərbaycan Gəncləri Günü elan etdi. Ulu Öndərin postsovet dövründə Şərqi Avropada və MDB ölkələrində ilk hesab olunan belə bir günü təsis etməsi ilə müstəqil Azərbaycanın gənclər siyasətində yeni bir epoxa başladı. Ötən 25 il ərzində Azərbaycanda gənclər sahəsində dövlət siyasəti kompleks şəkildə hazırlanıb və həyata keçirilib. Aparılmış həmin siyasət nəticəsində ölkəmizdə gənclərlə iş sahəsində ciddi keyfiyyət dəyişiklikləri əldə edilib, gənclərin ictimai həyatda rolu önəmli dərəcədə artıb. Ümummilli lider Heydər Əliyev gəncləri ölkənin həm bu günü, həm də sabahı hesab edirdi. Təməli Ulu Öndər tərəfindən qoyulmuş bu siyasətin sayəsində gənclərimiz bu gün aparıcı qüvvəyə çevrildilər. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsinin əsas hərəkət qüvvəsi gənclər idi. Vətən müharibəsindəki Qələbə həm də gənclərlə bağlı 25 illik dövrün məntiqi yekunu idi. Vətən müharibəsində gənclərimizin yüksək fiziki və mənəvi hazırlığı və vətənpərvərlik hissi əməldə sübut olundu. Ancaq Qələbəmizdə gənclərlə bağlı dövlət siyasətinin rolu təkcə fiziki və mənəvi hazırlıq və vətənpərvərlik işi ilə məhdudlaşmır. Əlbəttə ki, Şuşanın işğaldan azad edilməsi onların vətənpərvərliyinin, yüksək mənəvi və fiziki hazırlığının parlaq nümayişi oldu. Həmçinin burada 21-ci əsrin müharibəsi kimi yüksək texnologiyalar və süni intellektə əsaslanan döyüş vasitələri mühüm rol oynamışıdır. Həmin texnologiya və döyüş vasitələrinin düzgün idarə edilməsi yüksək peşəkarlıq və təhsil tələb edir. Digər tərəfdən isə yüksək təhsilli gənc nəslin yetişməsi Azərbaycan həqiqətlərinin, o cümlədən Qarabağ müharibəsi ilə bağlı mövqeyimizin dünyaya çatdırılması, habelə ölkəmizin beynəlxalq səviyyədə yumşaq gücünün formalaşması üçün zəruridir. Bu isə gənclərimizin yüksək intellektual və təhsil səviyyəsinə dəlalət edir.

Bu fikirləri Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev söyləyib.

Adil Əliyev deyib ki, təhsil siyasətinin əsas hədəflərindən biri gənc nəsillərin savadlı və vətənpərvər ruhda yetişməsidir. Azərbaycan müasir, qlobal aləmə yaxşı inteqrasiya etdiyi üçün təhsilin beynəlmiləlləşdirilməsi konsepsiyasının həyata keçirilməsi istiqamətində əhəmiyyətli iş görülür. Başqa sözlə desək, Azərbaycan gənclərinin dünyanın qabaqcıl ali məktəblərində təhsil alması və eyni zamanda, Azərbaycanda təhsilin keyfiyyətinin yaxşılaşdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması üçün dövlət tərəfindən maliyyələşdirilən müxtəlif layihələr həyata keçirilir. Bu isə Prezident İlham Əliyevin neft kapitalının insan kapitalına çevrilməsi kimi xarakterizə etdiyi proses çərçivəsində baş verir. Təsadüfi deyildir ki, belə layihələrin maliyyələşdirilməsində Azərbaycan Respublikası Dövlət Neft Fondu aparıcı rol oynayır. Fond tərəfindən maliyyələşdirilən layihələrə misal olaraq Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması və xaricdə təhsil üzrə dövlət proqramlarını qeyd etmək olar. Gənclərin ali təhsilində orta məktəblər baza rolu oynayır. Bu baxımdan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə fond tərəfindən 2005-ci ildən etibarən həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi xüsusi əhəmiyyətə malikdir. Layihə çərçivəsində ölkə miqyasında çoxsaylı yeni məktəblər inşa edilərək və ya əsaslı şəkildə bərpa edilərək məktəblilərin istifadəsinə verilib və bu iş hazırda da davam etdirilir. Bir neçə gün əvvəl Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Binə qəsəbəsində Tədris və Xidmət Kompleksinin açılışı keçirilib. Kompleksdə müasir standartlara uyğun surətdə təchiz edilmiş 1400 yerlik orta məktəb və 192 yerlik körpələr evi–uşaq bağçası inşa edilib.

Milli Məclis sədrinin müavini bildirib ki, ölkəmizdə aparılan gənclər siyasətindən danışarkən könüllülər hərəkatının inkişafını və geniş vüsət almasını qeyd etməmək olmaz. Gənclər arasında könüllülük fəaliyyətinin təbliği və yayılması onlarda humanizm və digər mənəvi dəyərləri gücləndirir. Bu fəaliyyət əmək bazarına yeni çıxan gənclərə çox vacib bir təcrübə də qazandırır. Könüllülər ölkəmizdə keçirilən beynəlxalq tədbirlərə, o cümlədən idman və musiqi yarışlarına mühüm töhfə veriblər. Beynəlxalq tədbirlərdə iştirak bir tərəfdən onlarda fərqli mədəniyyətlərə mənsub olan insanlarla ünsiyyət vərdişləri aşılayır, digər tərəfdən isə Azərbaycan xalqının çoxəsrlik tolerantlıq xüsusiyyətlərini əcnəbilərə nümayiş etdirir. Tolerantlıq isə ölkəmizdə dövlət siyasəti elan edilmiş multikulturalizmin əsasında dayanır. Yeri gəlmişkən, multikulturalizm və tolerantlıq Azərbaycanda gənclər arasında xüsusən təbliğ olunur. Ölkəmizdə bütün ali məktəblərdə multikulturalizm fənni tədris olunur. Eləcə də Azərbaycanda multikulturalizmlə bağlı beynəlxalq yay və qış məktəbləri təşkil edilir, müxtəlif tədbirlər keçirilir.

Belə bir multikulturalizm siyasətinin nəticəsidir ki, Azərbaycan hərbçiləri Vətən müharibəsi dövründə ermənilər, onların müqəddəs yerlərinə, qəbirlərinə və dini abidələrinə münasibətdə ləyaqətlə davranıblar. Prezident İlham Əliyev qeyd edir ki, Ermənistandan fərqli olaraq, Azərbaycan Ordusu bütün müharibə dövründə müharibə qanunlarına əməl edərək müharibəni ləyaqətlə apardı. Prezident onu da bildirdi ki, Azərbaycan başqa cür davrana bilməzdi, çünki bu, ümumiyyətlə, Azərbaycan xalqının xarakterinə ziddir. Azərbaycan xalqının xarakteri ölkədə yürüdülən gənclər siyasətinin ideoloji təməlində duran, ümumbəşəri dəyərlərə hörmət bəsləyən azərbaycançılıq məfkurəsi ilə bağlıdır. Multikulturalizm siyasəti də öz növbəsində azərbaycançılıq məfkurəsinə xidmət edir. Azərbaycançılıq məfkurəsi din, dil, etnik və digər mənsubiyyətindən asılı olmayaraq bütün azərbaycanlıların ümumi vətəni olan Azərbaycan dövlətinə bağlılığını özündə ehtiva edir. Multikulturalizm siyasəti də bu bağlılığın möhkəmlənməsinə yönəlib. Ona görə də azərbaycançılıq vətənpərvərliyin Azərbaycan nümunəsi kimi də səciyyələndirilə bilər və bu vətənpərvərlik nümunəsi Vətən müharibəsində, xüsusən də Şuşa döyüşündə öz təcəssümünün zirvəsinə çatdı. Bu qeydlər ona dəlalət edir ki, Azərbaycanda gənclər siyasətinin Heydər Əliyev tərəfindən 1997-ci ildə 2 Fevral Gənclər Gününün təsis edilməsi ilə başlayan 25 illik epoxası ideoloji baxımdan azərbaycançılıq məfkurəsinə əsaslanıb. Belə ideoloji təməl üzərində qurulmuş gənclər siyasətimizin qarşıdan gələn dövrdə əsas vəzifələrindən biri Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində orta güc konsepsiyası ilə xarakterizə edilən dövlət kimi oturuşmasında gənclərimizin rolunun gücləndirilməsinə xidmət etməkdir./AZƏRTAC

Xəbər lenti