“Bu bəyanat İran tərəfinin Azərbaycana qarşı həyata keçirdiyi növbəti siyasi təxribatdır” - TƏHLİL

“Bu bəyanat İran tərəfinin Azərbaycana qarşı həyata keçirdiyi növbəti siyasi təxribatdır” - TƏHLİL

"İran Parlamentinin bu bəyanatı göstərir ki, keçmiş kəşfiyyat nazirləri Əli Yunesinin bildirldiyi kimi orada rejim doğrudan da tam deqradasiyaya uğrayıb.”


Bunu 7NEWS.az-a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Bu gün Milli Məclis İran parlamentinin həddini aşan hərəkəti ilə bağlı bəyanat qəbul etdi. İslam Konfransı Təşkilatının 10-dan artıq üzvünün çoxdan İsraildə səfirlikləri olduğu halda beynəlxalq normalara dayanaraq eyni addımı atan Azərbaycanın həmən qurumda pislənməsinin istənilməsi məncə, təkcə bu təşəbbüsdə bulunan İran parlamentinin deyil, bötövlükdə oradakı rejimin reallıq hissini itirməsinin növbəti təsdiqidir. Guya bunlar fələstinlilərin təəssübünü çəkirlərmiş. Bizim Fələstinə dəstəyimiz, Mahmud Abbasın Bakıda necə qarşılandığı, xarici işlər nazirimizin İsraildə səfirlik açdığımızın səhəri günü ora getməsi və aramızdakı dostluqdan xəbər verən digər reallıqlar kimsəyə sirr deyil. Azərbaycanın işğal altındakı torpaqlarında 67 məsciddən 65-ni dağıdan bir ölkə ilə sarmaş-dolaş gəzən birinin özünü din təəssübkeşi kimi təqdim etməsi isə abırsızlığın son həddi də olmayıb, bəs nədir? İran Parlamentinin bu bəyanatı göstərir ki, keçmiş kəşfiyyat nazirləri Əli Yunesinin bildirldiyi kimi orada rejim doğrudan da tam deqradasiyaya uğrayıb. Əgər belə olmasaydı, cənab İlham Əliyevin təqribən iki il bundan öncə Cəbrayılda "Azərbaycan-İran sərhədi dostluq sərhədidir” deməsindən xəcalət çəkər, bizə qarşı düşmənçilik siyasətinə son qoyardılar. Qarabağ savaşlarında İranın hansı hoqqalardan çıxdığı, son 30 ildə işğalçı Ermənistana necə hərtərəfli dəstək verdiyi haqda hamıdan çox bilgisi olan Müzəffər Ali Baş Komandanımızın bu açıqlaması əslində o demək idi ki, etdiyiniz bütün pislikləri unudur, ikitərfli əlaqələrdə yeni bir səhifə açılmasını istəyirik. Bəs bu alicənab, lütfkar davranışa cavab nə oldu? Sərhədlərimiz boyunca təlimlər keçirilməyə, hansısa "qırmızı xətt”dən dəm vurulmağa başlanıldı, öz təbirlərincə desək, "sionistlərə” guya burada hərbi baza yaratmalarına izn verməkdə suçlandırıldıq. Prezidentimizin Münxendə Laçın yolu və Zəngəzur dəhizində hər iki ölkənin sərhəd keçid məntəqələrinin yaradılması haqda rəsmi təklifi o demək deyilmi ki, bizim kimsənin torpağında gözümüz yoxdur. Bəlkə onlar o qədər kar və kordular ki, dövlət başçımızın 2006-cı ildə Vaşinqtonda Ağ evin qarşısında ərazimizdən başqalarına qarşı plasdarm kimi istifadəsinə izn verilməyəcəyi haqda açıqlamasını eşitməyib və görməyiblər? Bundan əlavə biz İran parlamentindən fərqli olaraq Xəzərin hüquq statusuna dair Konvensiyanı 2019-cu ildə burada təsdiqləmişik ki, o sənəddə bir üzvün öz torpaqlarını digər üzv ölkəyə qarşı "təcavüz və ya başqa hərbi addım atmaq üçün” verməməsi kimi bənd var. Bəs İran niyə indiyədək bu Konvensiyanı ratfikasiya etmir? Azərbaycanı özlərinə qarşı İsraillə əlbir olmaqda suçlandıranlar yaxşı olardı ki, bayaq adını çəkdiyim keçmiş baş kəşfiyyatçıları Əli Yunesinin Mossadın agentlərinin ölkəsinin istebleşmentində özlərinə möhkəm yer etdikləri haqda dediklərinə diqqət yetirsinlər. Axtarsınlar görsünlər, Azərbaycanla körpüləri yandırmağa çalışan rejim təmsilçiləri arasında elələri varmı? Bəyanatda "böyük İran İslam xalqı"ndan dəm vurulur, maraqlıdır bu adın altında kimlər nəzərdə tutulur? Məsələn, biz bilirik ki, sayı 50 milyondan çox olan və ikinci Qarabağ savaşındakı zəfərdən sonra artıq millətləşmə mərhələsinə qədəm qoyan Böyük Azərbaycan Xalqı var. Bəs o böyük İran İslam xalqı kimdir? İran parlamentindəkilərdən soruşmaq istərdim islamı gözdən salmaq, Əl-Qaidə və İŞİD-dən daha əvvəl onun adının terrorla qoşa səslənməsini təmin etmək, məzhəbçiliyi də yox, sektaçılığı təbliğdən başqa din qarşısında hansı xidmətiniz var? Azərbaycan özünün yeritdiyi multikultral siyasət, sivil idarəçilik modeli və islamafobiyaya qarşı sərt, qətiyyətli mövqeyi ilə diqqət çəkdiyi, Bakıdakı 10-cu Qlobal Forumda olduğu kimi bu məsələni dəfələrlə beynəlxalq gündəliyə çıxardığı halda sizin din qarşısında xidmətiniz nədən ibarət olub? Yaratdığınız terror qruplaşmalarına peyğəmbərizimin əzizlərinin adlarını qoymağınızı islama xidmətmi sayırsınız? Nə bunlar, nə də yaymağa çalşdığınız xurafatçılıq, başqa ölkələrin iç işinə qarışmaq, kərimə iyi verən ideologiyanız dinə xidmətdir, əksinə onu gözdən salmaqdır. Yeri gəlmişkən, 3-5 riala satın aldıqları yaramazlarla Azərbaycanda "kərimə dövləti” yaratmağa çalışanlar buyurub digərlərindən də yox, həmən "kəriməçi”lərin qohum-əqrabasından soruşsunlar ki, İrandakı o anormal şərtlər çərçivəsində bir gün olsun belə yaşamaq istərdilərmi? Ona görə də Tehran rejimi anlamalıdır ki, bu regionda yeni dövlət yaratmaq cəhdləri ancaq ona aparıb çıxara bilər ki, o yaranan "kərimə” yox, Böyük və Bütöv Azərbaycan dövləti olacaq. Sonda təklif edirəm ki, Milli Məclisin bəyanatında cənab Prezidentin İrandakı soydaşlarımızn öz dillərində təhsil almaq və basqılarla üzləşmədən istədikləri həyat tərzini seçmək, azad yaşamaq haqda irəli sürdüyü tələb də əksini tapsın.”

"İran hakimiyyətindəhəqiqətən abır və ağıl deyilən şey qalmayıb. Əgər qalsaydı, özünü bu qədər gülünc vəziyyətə salmaz, daha da rüsvay etməz, diplomatik etiketdən və ümumiyyətlə etikadan kənar ifadələrlə dolu bəyanat yaymazdı.”


7NEWS.AZxəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev İran Parlamentinin Azərbaycana qarşı yaydığı bəyanata münasibət bildirərkən söyləyib.

"İsraildə səfirliyimizin açılması bunları necə yandırıbsa, öz od-alovlarını söndürə bilmirlər. Çabalaya-çabalaya, deyinə-deyinə, gileylənə-gileylənə qalıblar. Hələ arada imkan tapıb Parlamentlərinin dili ilə utanmadan-qızarmadan təhdidə belə keçirlər. Daha dəqiq söyləsəm: molla rejiminin 210özüsifətlisi iddia edir ki, guya Azərbaycan İsraildə səfirlik açmaqla İslam dünyasına xəyanət edib. Hərgah, adamlardan soruşan gərək: Nə danışırsız siz? Nə sərsəmləyirsiz siz? Həmin xəyanəti bizmi etmişik, yoxsa sizmi? Erməni ilə qol-boyun gəzən, məscid dağıdanı masasının başında oturdan, işğalçıya dəstək verən bizmi olmuşuq yoxsa sizmi? Qonşuluq siyasətinə xilaf çıxan, namərdliyin kubunu sərgiləyən, din adı altında saxta siyasət yürüdən, narkoticarətin episentri olan, günün günorta çağı səfirlikdə, günün axşam çağı başqa bir məkanda terror düzənləyən, əlində casus şəbəkəsi saxlayan, yüzlərlə, minlərlə tətikçini yemləyən bizmiyik yoxsa sizmi? Əlbətdə ki, siz! Ancaq siz! Ona görə danışmayın. Susun! Ağzınızı bağlayın və kimisə ittiham eləməyin. Çünki təpədən-dırnağa qədər çirkabın içindəsiniz...”- deyə Partiya sədri fikirlərinə davam edib.

"İran parlamentinin İsraildə səfirlik açılması ilə baglı ölkəmizə qarşı qəbul etdiyi "bəyanat” cəmiyyətimizin birmənali qınağına və qəzəbinə səbəb olub.”


Bunu 7NEWS.az-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Hüseynova deyib: "Bəyanatda Azərbaycan əleyhinə absurd fikirlər səslədirən İran parlamentariləri ölkəmizin İsraildə səfirlik açmasını və Tel-Əvivə səfir göndərməsini "inanılmaz” və "islam dünyası əleyhinə davranış” kimi dəyərlədirir. Eyni zamanda molla rejiminin təmsilçiləri üstəlik, "müsəlmanların artıq Azərbaycan Respublikasının dövlət rəsmilərini fələstinlilərin sionist rejim tərəfindən qətliam edilməsi və cinayətlərə məruz qalmasında şərik hesab edərək” Azərbaycan rəsmilərinə qarşı təhdidlərlə çıxış ediblər. İran deputatları bir qədər də irəli gedərək İslam ölkələri hökumətlərini, ərəb ölkələrini, xüsusilə İslam Əməkdaşlıq Təşkilatını Azərbaycanın İsraildə səfirlik açmasını pisləməyə çağırıblar. Həmçinin İranın xarici işlər nazirliyindən bütün müsəlman ölkələrə bəyanat göndərərək bu istiqamətdə zəruri diplomatik fəaliyyətlər göstərməsini istəyiblər.”

Deputat bildirib ki, Azərbaycan Milli Məclisinin də haqlı olaraq İran parlamentinin absurd heç bir məntiqə əsaslanmayan "bəyanatına” adekavat reaksiya verib və əks mövqe olaraq bəayanat qəbul edib: "Azərbaycan Respublikasının Milli Məclisində İran "parlamenti” nə qarşı qəbul olunmuş bəyanatında vurğulanır ki, "Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının İsrail dövlətində səfirliyinin açılması ilə bağlı İran İslam Respublikası Parlamentinin aprelin 5-də bəyanat qəbul etməsini Azərbaycan dövlətinin daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirir. Azərbaycan Respublikasının suverenliyinə və müstəqilliyinə açıq hörmətsizliyin ifadəsi olan bu bəyanat İran tərəfinin Azərbaycana qarşı həyata keçirdiyi növbəti siyasi təxribatdır”. Sözsüz ki, İranın riyakar siyasətinin davamı məntiqi davamı olaraq bu ölkənin parlamenti Azərbaycana qarşı tamamilə saxtakarlıq və riyakarlıq nümunəsi olan uydurma "bəyanat” qəbul etməsi əslində heç bir əhəmiyyət daşımamaqla yanaşı, hər hansı bir ciddi hüquqi və ya siyasi xarakterə malik deyil”.

Millət vəkili hesab edir ki, İranın bu cür riyakar bəyanatlarla fars-molla rejimi yalnız öz şovinist tərəfdaşlarını aldada bilər: "İranda yaşayan soydaşlarımız da, milyonlarla dindaş və məzhəbdaşlarımız da belə qabaqdangəlmiş, uydurma bəyanata inanan deyil. İranın riyakar və terrorçu siması bütün dünyaya da, İslam aləminə də yaxşı məlumdur. Bütün dünya yaxşı bilir ki, İran üçün İslam dəyərlərinin heç bir əhəmiyyəti yoxdur. Bu terror dövləti İslam dinindən siyasi avantüra həyata keçirmək üçün vasitə kimi istifadə edir. Bunun növbəti təzahürü İran parlamentinin Azərbaycan əlehinə qəbul etdiyi "bəyanat”da bir daha öz əksini tapıb. Amma İranın bir daha yadına salmaq istəyirik ki, Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edəndə və bu işğalı 30 il xüsusi vandallıqla davam etdirərkən Tehran rejimi sadəcə "Azərbaycanın ərazi bütövlüyü və sərhəd toxunulmazlığına sayğı bəsləyirik, bu prinsiplərə riayət olunmalıdır” kimi amorf bəyanatlar verməklə kifayətlənib. İran Azərbaycanın tarixi torpaqlarımızda 67 məsciddən 65-i dağıdılıb, viran edilib, təhqir olunanda gözünü yumub, vandal ermənilərlə birlikdə evləri söküb, infrastrukturu talan edib, daşıyıb İrana aparıb. Həmin vaxt sanki iranlı deputatlar kütləvi susqunluğa qərq olmuşdular reallığı görməməzlikdən gəlirdilər". Reallıq odur ki, 30 ildə İran Ermənistanın ən ciddi dayağı, iqtisadi və maliyyə baxımından güclü dəstəkçisi olub. Qafanda konsulluq açıb, məzhəbdaşlarının qanını tökən Ermənistana hər cür dəstəyi göstərən İranın Azərbaycanın İsraildə səfirlik açmasını müzakirə etməyə, ölkəmizin daxili işlərinə qarışmağa heç bir haqqı və hüququ yoxdur. İran qonşu dövlət kimi beynəlxalq münasibətlər sistemində formalaşmılş dəyərlər müstəvisində öz üzərinə düşən vəzifələri icra etməlidir. Öz ərazisində diplomatik korpusun təhlükəsizliyini təmin edə bilməyən bir ölkə başqa bir dövlətin daxili işlərinə qarışması absurd və məntiqsizdir”.

Sevinc Hüseynovaya görə, nədənsə, İran parlamentariləri yaddan çıxarır ki, Azərbaycan müstəqil dövlətdir və suveren ölkə olaraq apardığı siyasəti özü müəyyənləşdirir: "Hər hansı bir ölkənin Azərbaycanın daxili və ya xarici siyasətinə müdaxilə etmək hüququ yoxdur. İsraildə və ya digər ölkədə səfirliklərimizin açılması müstəqil Azərbaycan dövlətinin suveren hüququdur. İslam Həmrəyliyinə əl atan İran nədənsə 30 il ərzində işqal altında olan torpaqlarda islam mədəniyətinə qarşı törədilən soyqırıma, 65 məscidin yerlə yeksən edilməsinə, donuz saxlanaraq təhqir olunmasına etiraz etməyib. Əksinə vandallığı törədən Ermənistana yardım göstərib və bu dəstəyi davam etməkdədir. Ona görə də, İranın İslam həmrəyliyindən danışması riyakarlıqdır”.

Təştiş komissiyasının sədrinin fikrincə, belə bir "bəyanatı” qəbul etməklə İran dövləti ölkəmizə qarşı illərlə apardıgı maskalanmış düşməncilik siyasətini açıq-aşkar göstərmış olub: "Ümümiyyətlə bu "bəyanatın” qəbul edilməsi göstərir ki, İranın ölkəmizə qarşı siyasəti getdicə daha da radikallaşır və terror yönündə inkişaf edir. Amma bütün bunların fonunda İran unutmasın ki, Azərbaycan, qüdrətli, nüfüzlu bir ölkədir. Azərbaycanla belə tərzdə, təhdidlə danışmaq olmaz. Azərbaycan müstəqil dövlətdir, heç bir dövlətin diqtəsi ilə oturub-durmur. Eyni zamanda ölkəmizdə güclü xalq-iqtidar birliyi və sabitlik mövcuddur. Bu sabitliyi heç bir qüvvə poza bilməz. Ona görə də heç kəs unutmasın ki, "Dəmir Yumruq” yerindədir və ölkəmizə qarşı yönəldilən hər bir təhdidin qarşısını almağa qadirdir”.

Mənsur Mustafayev

7NEWS.az

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İstiqamətin kodu 6.3.14



Xəbər lenti