Dövlət İdarəçilik Akademiyasında «Heydər Əliyev Azərbaycanda gənclər siyasətinin banisidir» mövzusunda elmi-praktik konfrans keçirilib

Dövlət İdarəçilik Akademiyasında «Heydər Əliyev Azərbaycanda gənclər siyasətinin banisidir» mövzusunda elmi-praktik konfrans keçirilib
"Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Respublikasinin Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər  Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş «Heydər Əliyev Azərbaycanda gənclər siyasətinin banisidir»  mövzusunda elmi-praktik konfrans keçirilib.
Elmi-praktik konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Şəhidlərin əziz xatirəsi yad edilib.
Konfransda çıxış edən Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov müstəqil dövlətimizin qurucusu Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərini xatırladıb. Akademik U.Ələkbərov nitqində Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası sayəsində Azərbaycanın qazandığı nailiyyətlərə diqqət çəkib. O, Prezident İlham Əliyev tərəfindən işlənərək tətbiq edilmiş yeni dövlət idarəçiliyi texnologiyalarının Azərbaycanı davamlı inklüziv inkişaf naminə resurslardan səmərəli istifadə üzrə regional və qlobal liderə çevrilməsinə gətirib çıxardığını xüsusi vurğulayıb. Eyni zamanda, Azərbaycanda tətbiq edilən innovativ idarəçilik texnologiyaları kompleksinin yüksək səmərəliliyinin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin uğurla yerinə yetirilməsində və Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan ərazilərin azad edilməsində təsdiqini tapdığını bildirib. Akademik Azərbaycanın ərazi bütövlüyünün tam bərpasını dövlətimizin başçısının innovativ inkişaf strategiyasının təntənəli yekunu kimi dəyərləndirib. Rektor Azərbaycanın bütün dünya üçün prioritet kimi qəbul edilən davamlı inklüziv inkişaf siyasətini səmərəli şəkildə reallaşdıran dünya lideri olduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, inklüziv inkişaf sahəsində Azərbaycanın Respublikasının yüksək göstəricilər əldə etməsində və sosial siyasətin reallaşdırılması baxımından dünya liderinə çevrilməsində ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın müstəsna xidmətləri var. Respublikanın hazırkı davamlı inkişafı dövlət idarəçiliyi və dövlət qulluğu sahəsində reallaşdırılan ardıcıl islahatlar və dəyişikliklərin nəticəsidir. Rektor müstəqil və suveren Azərbaycan dövlətinin keyfiyyətcə yeni olan və 2021‒2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olduğunu qeyd edərək, inklüziv cəmiyyətin qurulması prosesinin ölkənin 2030-cu il üçün planlaşdırılmış əsas prioritetləri sırasında olduğunu söyləyib. O, beynəlxalq təşkilatların hesabatlarına əsaslanaraq, ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnən bu yeni mərhələdə Azərbaycan Respublikasının bütün dünya üçün prioritet kimi qəbul edilən inklüziv inkişafın planlaşdırılması və idarəedilməsi sahəsindəki uğurlarını dinləyicilərin diqqətinə çatdırıb. Akademik U.Ələkbərov məruzəsini işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işləri, müstəqillik dövründə qazanılan siyasi, iqtisadi, hərbi uğurlar, inklüziv inkişafın idarə olunması sahəsində ölkənin əldə etdiyi nailiyyətlər barədə geniş elmi təhlilə əsaslanan məlumatlar verib, qazanılan uğurların davam etdirilməsində gənclərin fəaliyyətini önəmsəyib və onların intellektual imkanlarını yüksək qiymətləndirib. 
Elmi praktik konfransın açılışında Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Milli Məclisinin deputatı, Siyasi araşdırmalar institutunun direktoru, professor Elman Nəsirov, Milli Məclisinin deputatı, Dövlət qulluğu və kadr siyasəti kafedrasının dosenti Aydın Mirzəzadə, Hüquq kafedrasının müdiri, professor İsaxan Vəliyev və digərləri çıxış ediblər. 
Çıxışlarda ölkəmizdə dövlət gənclər siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyevin Azərbaycan gənclərinə hər zaman xüsusi qayğı ilə yanaşdığını onlara böyük etimad göstərdiyini vurğulayıblar. Natiqlər qeyd etdilər ki, bu gün gənclərimizin ölkənin siyasi, sosial-iqtisadi sahələrində mühüm vəzifələrə təyin olunması, onlara böyük ümüdlər bəslənilməsi Ulu Öndər tərəfindən təməli qoyulan gənclər siyasətinin davamıdır. Gəncləri "Azərbaycanın gələcəyi” adlandıran Heydər Əliyev onlara hər zaman qayğı göstərməyin vacibliyini qeyd edirdi. Müasir dünyada güclü demokratik dövlət quruculuğunda gənclərin rolunu düzgün qiymətləndirən Ulu Öndər bütün sahələrdə gənclərin inkişafına geniş imkanlar yaradırdı.
Ümummilli Lider Heydər Əliyevin gənclərlə bağlı həyata keçirdiyi strategiya bu gün də aktualdır. Dövlət gənclər siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən layiqli şəkildə davam etdirilir. Son iyirmi ildə ölkə prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə formalaşan Azərbaycan gəncliyi 44 günlük Vətən müharibəsində də öz sözünü dedi. Bu illər ərzində milli düşüncəyə, vətənpərvərlik hissinə malik gənclik yetişdi. Çıxış edənlər bildirdilər ki, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev igid gənclərimizin rəşadətini daim yüksək dəyərləndirib.
Beləliklə, Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir. Bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir. Daha sonra elmi-praktik konfrans bölmə iclaslarında öz işini davam etdirdi.
 





 

Xəbər lenti