“Ermənistanın Azərbaycanla ayaqlaşmaq üçün potensialı yoxdur”

“Ermənistanın Azərbaycanla ayaqlaşmaq üçün potensialı yoxdur”
"Düşmən anlayır ki, müasir müharibə ildırımsürətli və qısamüddətli olacaq”.

7News.Az xəbər verir ki, bunu hərbi ekspert Nazim Bayram deyib.

O bildirib ki, Ermənistan dövlətinin davam etdirdiyi siyasi ekstremizm və işğalçılıq regionu müharibə astanasına gətirib:

"Hələ 1997-ci ildə istefa verərkən Ermənistanın o zamankı prezidenti Ter-Petrosyan "Ermənilərə məktub” adlı müraciətində (internetdə var) istefasının səbəblərini açıqlamışdı. Orada belə bir abzas var idi – "Ermənilər! Biz indi Azərbaycanın təklif etdiyinə (geniş muxtariyyətə) razılaşmasaq, 15-20 ildən sonra güclənmiş Azərbaycan bizə bunu da təklif etməyəcək. Ermənistanın isə Azərbaycanla ayaqlaşmaq üçün iqtisadi və demoqrafik potensialı yoxdur, ona görə getdikcə Azərbaycandan daha da geri qalacağıq. Tarixdə dəfələrlə olduğu kimi, ermənilər sonda heçnəsiz qalacaqlar”. Ter-Petrosyanın rasional öngörüşü artıq yerini tutub. İqtisadiyyatı borc əvəzi Rusiyaya verilib, əhali sayı azalıb. Sayları 3 milyondan az olan Ermənistanın perspektivsizliyi və strateji məğlubiyyəti göz qabağındadır”.

Hərbi ekspertin sözlərinə görə, baş nazir Paşinyan Ter-Petrosyanın siyasi tələbəsi və məsləkdaşı olsa da, müəllimi kimi Qarabağa görə hakimiyyəti itirmək istəmir: 

"Hakimiyyətdə qalmaq üçün o, Qarabağ problemində əvvəlkilərdən daha radikal mövqe nümayiş etdirir. Paşinyanın baxışları ilə yürütdüyü siyasət arasında dissonans göstərir ki, o, axını idarə edən deyil, axından asılı və axınla gedən populist liderdir. Erməni cəmiyyəti isə tarixi yalanlardan və təhriflərdən yoğrulmuş, "üstünlük maniyası” ilə fobiyaların və fantom ağrıların qəribə qarışığından ibarət xəstə təxəyyüllə idarə olunur”.

N. Bayramın fikrincə, müasir erməni ideologiyası "Dağlıq Qarabağın erməni milləti və dövlətçiliyi üçün ekzistensial və sakral əhəmiyyət daşıdığını” aşılayır: 

"Yəni Dağlıq Qarabağı uduzsalar, Ermənistan dövləti tənəzzülə və süquta uğrayacaq. Ekstremist, işğalçı ideologiyası əvvəlcə erməniləri qonşuları ilə düşmən etdi və düşmənçiliyin girovunda saxlayır. Danışıqların nəticə vermədiyi və davamının sual altında olduğu şəraitdə düşmən müharibəyə intensiv hazırlıq görür. Paşinyanın məlum aqressiv ritorikası fonunda ermənilər 2019-cu ilin avqustunda qondarma "DQR”-də və oktyabrda Ermənistanda dövlət strukturlarının müharibə şəraitində vəzifələri, koordinasiya və qarşılıqlı əlaqələndirmə təlimləri keçirdilər. Həmin dövrdən Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağda hərbi kadrların rotasiyasını sürətləndirib. Ermənistan Müdafiə naziri Tonoyan "qabaqlayıcı hücum”, "yeni müharibə, yeni ərazilər” strategiyasını elan edib təxribatlar keçirir. İyulun 12-i Tovuzda məhz belə diversiyalardan birinə cəhd olmuşdu. Belə təxribatlarla ermənilər hərbi-siyasi təşəbbüsü ələ keçirib, hadisələri öz ssenarilərinə uyğun yönləndirməyə çalışırlar”.

"Bir neçə gün əvvəl Ermənistanda yerli əhalidən ibarət yığma qoşunun yaradılması ilə bağlı "Müdafiə haqqında” qanuna düzəlişlər müzakirəyə çıxarılıb. Yığma qoşun Ermənistanın Silahlı Qüvvələrinin Baş Qərargah Rəisinə tabe olacaq. Erməni komandanlığı ordunun və daxili qoşunların bir sıra vəzifə və funksiyalarını yığma qoşuna tam və ya qismən verməklə, öz ordu ehtiyatının sayını təxminən 30% artıra bilir. Sentyabrın 3-dən isə Ermənistanda üç ayda səfərbərlik məşqlərinin və orduya ehtiyatdan çağırılanların müasir silahlarla davranma vərdişlərinə yiyələnməsi məqsədilə təlimlərin başlanması elan olunub. Yəqin ki, söhbət Rusiyadan Ermənistana son vaxtlarda hava yolu ilə daşınan müasir silah və vasitələrdən gedir. Mətbuatımızda gedən bəzi məlumatlara görə, Rusiya Ermənistana "Krasuxa-4” kimi müasir rəqəmsal radio-elektron mübarizə və hava hücumundan müdafiə vasitələri daşıyır. Beləliklə, ermənilər dövlət strukturları səviyyəsində müharibə təlimləri keçirməklə, yeni yarı-hərbi birləşmələr yaratmaqla, cəbhə ehtiyatlarını artırmaqla, ehtiyat qüvvələrinin səfərbərliyi, döyüş hazırlığı və hərbi-texniki bazanı gücləndirməklə məqsədyönlü müharibə hazırlığı aparırlar. Düşmən anlayır ki, müasir müharibə ildırımsürətli və qısamüddətli olacaq. Ona görə də hazırlıqlarını sonraya saxlamır, müharibəyə maksimum hazır, təlim, məşq keçmiş, mülki və hərbi idarəçiliyi uzlaşdırmış halda gəlməyə çalışır. Düşmənin vəziyyəti, niyyətləri və imkanları düzgün qiymətləndirilməlidir, zəif görülməməlidir. Unutmayaq, ermənilər mümkün müharibəni özlərinin "ölüm, ya qalım” məsələsi hesab edirlər” - deyə, ehtiyatda olan zabit bildirib. 

N. Bayramın sözlərinə görə, ermənilərdən fərqli olaraq, Azərbaycanda insan resursu problemi olmasa da, müharibə vəziyyətinə hazırlıq səviyyəsinin davam etdirilməsi vacibdir:

"Azərbaycan açıq mənbələrə görə, 300 minlik ehtiyat qüvvəyə malikdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında bu il iyul ayının sonlarına kimi 55 mindən çox vətəndaşın hərbi xidmətə könüllü yollanmaq üçün müraciət etdiyi barədə məlumat qeyd olunur. Hər an başlaya biləcək müharibəni nəzərə alsaq, təlimlər keçirmək zərurəti bizim üçün də aktualdır”. 
 
7News.Az

Xəbər lenti