Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın cəbhə “macəraları”

Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın cəbhə “macəraları”
Oğlunu Azərbaycanın işğal olunmuş ərazilərində hərbi xidmətə göndərməklə siyasi dividentlərə nail ola bilməyən Ermənistan baş naziri Nikol Paşinyan öz həyat yoldaşını irəli ataraq ucuz şou göstərmək istəyib. 

Paşinyanın həyat yoldaşı Anna Akopyan öz populist ərindən geri qalmayaraq, yenə də sosial şəbəkələri "silkələyib”. 

"MediaPost” xəbər verir ki, Ermənistanın bir sıra media kanallarında yayımlanan xəbərlərə görə, A. Akopyanın təşkilatçılığı ilə 25-31 avqust tarixlərində, işğal altındakı ərazilərdə dislokasiya olunmuş hərbi hissələrin birində müxtəlif yaş və ixtisas sahibləri olan 15 qadın üçün kurslar təşkil olunub. 

Hərbi mövzulu, döyüş və atəş açma hazırlığı üzrə kursun məhz "Qadınlar sülh naminə” kampaniyası çərçivəsində təşkil edilməsi tədbirin nə qədər absurd olduğunu göstərir. 

Akopyanın gülünc vəziyyətdə olduğu videoçarxlarını özünüz də tapa  bilərsiniz, internet doludur. Ona qarşı qərəzimizin olmasında ittiham olunmamaq üçün gəlin, onun bu düşük hərəkətinin Ermənistan mediasında necə qarşılandığına nəzər yetirək.

Belə ki, ermənilərin özlərinin dediyinə görə, Akopyanın iştirakı ilə hərbi formada, dəbilqəsiz, əlində AK-74 atəş hazırlığı keçirilən zaman çəkilən fotolara hətta Hollivud ulduzları Ancelina Coli, Uma Turman, Mişel Rodriqes kimi aktrisalar paxıllıq edəcəklər. 2016-cı ilin aprel döyüşlərindən sonra ölən ermənilər haqqında danışan baş nazirin həyat yoldaşının məşhur "bizim oğullar 4 günlük müharibədə heç nə uğrunda öldülər” ifadəsini xatırladan ekspertlər Annanın "Facebook” sosial şəbəkəsindəki foto-sessiyasını tənqid edirlər. 

Döyüş əməliyyatlarının yenidən başlanması halında nəinki oğlunun ön cəbhədə olması, hətta özünün də vətənin müdafiəsi naminə əlinə silah almağa hazır olmasından dəm vuran Anna Akopyan bu kimi populist çıxışlar edən birinci erməni deyil. 

Hələ 2013-cü ildə atış poliqonunda əldə silah kameraların qarşısında vətənpərvərlikdən dəm vuran və eyni tipli cəfəngiyyatlar səsləndirən sabiq Diaspora naziri Hranuş Hakopyan və Mədəniyyət naziri Hasmik Poğosyan gülüş obyekti olmuşdular. Anna Akopyandan fərqli olaraq, hər iki qadın həmin vaxt dövlət məmurları idilər.

Ermənilərin gülüş obyektinə çevrilən Hakopyanla Poğosyan danışanda deyirdilər ki, "hər iki xanım döyüş tapşırığını parlaq bir şəkildə yerinə yetirdi və Bakı çıxılmaz vəziyyətdədir”.

Təəccüblü olan odur ki, o vaxt gülənlərdən bəziləri indiki hakimiyyət nümayəndələri və ya onların tərəfdarlarıdır. Maraqlıdır ki, niyə baş nazirin həyat yoldaşına belə bir şeyin mümkün olmadığını söyləmirlər? Yəni belə hərəkətlər vəzifədən və ya hakimiyyətə yaxınlıq dərəcəsindən asılıdır? 

Kamera qarşısında lovğalanan Anna Akopyan deyib: "Həyatımda ilk dəfə əlimə silah götürdüm, lakin silahla düzgün davranmağa oğlanlar (əsgərləri nəzərdə tutur-red) kömək etdi və atış anında qorxmamaq üçün düşməni alnından vuracağımı dedim”. Başqa sözlə, "sülh naminə” atəş kurslarını təşkil edən baş nazirin həyat yoldaşının hansı düşməni "alnından” vurmasını tapmaq çox da çətin deyil. Görünür ki, ermənilərin "sülh naminə” anlayışı Azərbaycan əsgərlərinə atəş açmaq deməkdir.

Başqa məqsəd varsa, buyurun, Anna Akopyan, deyin. Əks halda, "Facebook” sosial şəbəkəsində gülüş obyektinə çevrilərək ucuz imic qazanmaq səyiniz sizin özünüzün və sizi oraya göndərənin mənəvi dəyərlərinin ən aşağı səviyyədə olduğunun göstəricisidir. 

Belə çıxır ki, ölümə gedən erməni əsgərlərin döyüş ruhunu yüksəltmək üçün onların yanında mütləq özünü reklam edən baş nazirin həyat yoldaşı olmalıdır? 

Bizim isə sizə deməyə bir sözümüz qalır – adın çıxınca, canın çıxsın, ay Anuş!

Xəbər lenti