Ucalığa darıxan Nicat...

Ucalığa darıxan Nicat...
Soyuq oktyabrın 24-cü günündə Malik kişinin evində bir körpə dünyaya göz açdı. Ailədə ikinci övlad olan bu körpə oğlana Nicat adını qoydular. Atası və anası Nuridə xanımın ocağında sevilərək böyüyən Nicat ağlı kəsəndən hamının sevimlisinə çevrildi. Gülərüzlüyü, diqqətcilliyi, ətrafdakılarla xoş rəftarı kimsənin gözündən yayınmırdı. İsmətli(Biləsuvar rayonu) kəndində doğulan Nicat elə öz obasının adı kimi qanacaq və qabiliyyətiylə hamının hörmətini qazanmağa da müvəffəq oldu.
2008-ci ildə Abşeron rayonu, Ceyranbatan iki saylı məktəbin 1-ci sinfinə qədəm qoyan Nicat Qarazadə orta təhsilini başa vurduqdan sonra XTQ(052)-də xidmətə başlayır. Təsadüfi deyil ki, az müddət ərzində xidmət yoldaşlarının və rəhbər heyətin rəğbətini qazanır, verilən tapşırıqların öhdəsindən kişi kimi və ləyaqətlə gəlir. Sərhədlərimizin qorunmasında, alçaq erməni barbarlarının susdurulmasında, bədnam qonşularımızın torpaqlarımızdan rədd olub getməsində Nicat öz borcunu şərəflə  yerinə yetirir...
2022-ci il sentyabrın 13-də Malik kişinin qapısını döyən acı xəbər təkcə bu ailənin yox, elliklə hamımızın ürəyini parçaladı. Kəlbəcərdə gedən dyüşlərdə Nicat Vətənə xidmətini ləyaqətlə yerinə yetirərkən namərd düşmənin gülləsinə tuş gəlmiş və Şəhidlik zirvəsinə ucalmışdır. Ana yurdumuzun bir qarış torpağı üçün belə canını əsirgəməyən igidlərimizin sırası bu gün çox genişdir. Onlar kişilik məktəbini ləyaqətlə keçmiş, gözlərini qırpmadan ölümün gözünə dik baxmış və yağı düşmənin burunlarını ovmuşlar. Nicat da Azərbaycanımızın  məhz belə igid, qəhrəman övladlarından biri olmuşdu.
Bu gün Nicatın Şəhidlik zirvəsinə ucalmağından bir il ötür. Ruhu Tanrının yanında olan Şəhidimizə Uca Allahdan rəhmət diləyir, cənnət yolundakı işığından hamının qismətinə düşməyi dua edirik...

Xəbər lenti