Millət vəkili: “Xocalı Soyqırımı Ermənistanın təcavüzkar siyasətinin bütün mahiyyətini açan ən tutarlı faktdır” (ÖZƏL)

Millət vəkili: “Xocalı Soyqırımı Ermənistanın təcavüzkar siyasətinin bütün mahiyyətini açan ən tutarlı faktdır” (ÖZƏL)
Xocalı soyqırımı heç şübhəsiz ki, Azərbaycan xalqının tarixi yaddaşında dərin və kədərli bir iz buraxmış ən dəhşətli faciələrdən biridir. Müasir tarixdə analoquna çox az rast gəlinən bu soyqırımı törədənlər, onun iştirakçıları ədalət məhkəməsi qarşısında cavab verəcəklər. 613 nəfər günahsız insanın vəhşicəsinə qətlə yetirilməsinə imza atanlar cəzasız qala bilməz və Azərbaycan xalqı o günün çox da uzaqda olmadığına inanır. Bu günlərdə bizim müvafiq qurumlarımızın bu soyqırımı törədən Sarkisyan və Köçəryan barədə açıqlamalarının Ermənistan ictimai rəyində doğurduğu reaksiya əslində həm də günahkarlıq kompleksinin təzahürü idi. Bu cinayətin hüquqi məsuliyyətini daşıyanların adları hər kəsə məlumdur. Lakin Xocalı soyqırımının mənəvi məsuliyyəti bütün Ermənistan cəmiyyətinin və erməni xalqının vicdanına yazılıb.

44 günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu qazandığı tarixi qələbə ilə bütün şəhidlərimizin, o cümlədən Xocalıda qətl edilmiş günahsız qocaların, qadınların, körpələrin qisasını döyüş meydanında aldı. Bütün dünyaya, dostlarımıza və düşmənlərimizə Azərbaycan xalqının gücünü göstərdik. Azərbaycan Prezidenti cənab İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, Ermənistan xalqımıza qarşı törətdiyi cinayətlərə, işğalçılıq və soyqırımı əməllərinə görə beynəlxalq hüquqa uyğun olaraq mütləq cavab verməli olacaq.

Biz tariximizi heç vaxt unutmuruq, lakin Azərbaycan xalqının böyüklüyünü sübut edən ən mühüm amillərdən biri budur ki, o keçmişlə yaşamır, gələcəyə baxır. Bu gün bizim bütün dünyaya verdiyimiz sülh və əməkdaşlıq mesajlarının da əsas hədəfi Cənubi Qafqazın tarixində yeni bir səhifə açmaqdır.

Azərbaycanın Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın "Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş redaktoruna verdiyi cavab əslində Ermənistanın 30 illik işğalının bütün mahiyyətini açan çox dəqiq və müfəssəl təsbitdir. Mehriban xanım qeyd etdi ki, çox vaxt biz böyük problemlərdən söz açanda ümumi şəkildə danışırıq və ayrıca insanı görmürük, - bu, bəlkə də təbiidir. Hər bir problemin arxasında yəqin ki, konkret insan dayanır, onun həyat tarixçəsi, emosiyaları dayanır və təəssüf ki, insanlar da, onların emosional fonu da fərqlidir. Hesab edirəm ki, Birinci vitse-prezidentin bu fikirləri Qarabağda 30 ilə yaxın bir dövrdə nə baş verdiyini anlamaq istəyənlər üçün çox dərin mənaya malikdir.

Bu gün Xocalı soyqırımının 30-cu ildönümündə biz 613 nəfər günahsız insanın yarımçıq qalmış hıyatından danışırıq. Onların yaşadığı iztirabları, girov götürülmüş Xocalı sakinlərinin məruz qaldığı ağlasığmaz işkəncələrə məhs insan taleyi kontekstində baxdıqda hər biri ayrıca bir faciədir. Bu insanların doğmaları və yaxınlarının taleyinə isə bu faciənin ağrısı ilə yaşamaq yazılıb. Məhz bu baxımdan Xocalı Soyqırımı Ermənistanın təcavüzkar siyasətinin bütün mahiyyətini açan ən tutarlı faktdır.

 

Ramin Məmmədov

Milli Məclisin deputatı

Xəbər lenti