Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat

Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
Cənab Prezident İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimində söylədiyi nitq, orada verilən açıq mesajlar xarici siyasətimizin gələcək prioriteti və strategiyası baxımından çox önəmlidir. Ələlxüsus da Türk Dövlətləri Təşkilatı və ümumilikdə Türk birliyi ilə bağlı dediyi fikirlər.

Bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.

O bildirib ki, həqiqətən də zaman, proseslər, yaşanan hadisələr bir daha göstərdi, sübut etdi ki, az qala bütün planetin qarışdığı və bəlkə də artıq 3-cü dünya müharibəsinin başladığı bir dönəmdə Türk Dövlətlərinin birliyi, həmin birliyin daha da gücləndirilməsi, sarsılmaz bağlarla möhkəmləndirilməsi olduqca vacib bir məsələdir.

"Çünki, eynən cənab Prezidentin söylədiyi kimi: "Bizim ailəmiz Türk dünyasıdır!".

Nə qədər yerində deyilmiş, mükəmməl fikir! Nə qədər aktual mövzu! Gerçəkdən də Qərbdə, Avropada kimlərsə bizim müttəfiqimiz, hətta strateji müttəfiqimiz ola bilər. Amma ailəmiz yox! Ailəmiz ola bilməzlər! Bizim ailəmiz genimizlə, qanımızla, canımızla, adət-ənənələrimizlə bağlı olduğumuz türklərdir! Öz soyumuzdan, öz kökümüzdən olan türklər!

Avropa, onun bəzi yarıtmaz başbilənləri dünən və bu gün oynadıqları məkrli, riyakar oyunlarla, yürütdükləri ədalətsiz siyasətlə, cılız maraqlar üzərində qurduqları strategiya ilə bəlkə də özləri belə bilmədən, hiss etmədən Türk Birliyinin gündəmə gəlməsi, Türk Dövlətlərinin birgə, mütəşəkkil formada fəaliyyət göstərməsi üçün zəmin yaratdılar, məlum mövzunu aktuallaşdırdılar.

Bundan sonra hər şey fərqli olacaq. Tam fərqli! Hətta olmalıdır!

Avropa bizi istəmirsə, bizi özündən bilmirsə, onları özlərindən olanlarla baş-başa buraxmaq lazımdır.

Bu gün əgər Avropa Makronların, ona bənzərlərin diktəsi ilə hərəkət edirsə, belələrinin dərhal yerində oturdulması və maskalarının daha da yırtılması üçün yeni və ədalətli güc mərkəzinin yaradılmasına ehtiyac var!”, - deyə o, əlavə edib.
 
 

 

Xəbər lenti